Səbuhi Yaşar oğlu İsgəndərli 25 iyun 2001-ci il tarixdə Tərtər rayonunda anadan olub. Ailəsi Şəkiyə köçdükdən sonra Səbuhi 2007-ci ildə 11 nömrəli məktəin 1-ci sinifinə gedib, sonradan təhsilini 18 nömrəli orta məktəbdə davam etdirib. 2018-ci ildə orta təhsilini başa vuran Səbuhi 2019-cu il iyul ayından Dövlət Sərhəd Xidmətinin sıralarına müddətli həqiqi hərbi xidmətə çağırılıb. Səbuhi Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Briqadasında xidmət etdiyi müddət ərzində intizamlı olub, verilmiş tapşırıqları dəqiq və vaxtında icra etməklə seçilib.
Səbuhinin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad olunması idi. Anadan olduğu Tərtər rayonunun təmas xəttinə yaxın olması və orada şahidi olduğu düşmən təxribatları bir azərbaycan gənci kimi ona da rahatlıq vermirdi. Məhz buna görə də Vətən müharibəsi başlayan kimi böyük həvəslə cəbhəyə yollanıb. Ölkəmizin İran İslam Respublikası ilə dövlət sərhəddinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edən Səbuhi döyüş meydanında da komandirlərinin rəğbətini qazanıb.
Səbuhinin bölüyü Zəngilan rayonu ərazisində Sığırt yüksəkliyi istiqamətində hərəkət edərkən düşmən pusqusuna düşüb. Bir neçə saat ərzində döyüşərək yoldaşlarının pusqudan çıxmasına yol açıb. Döyüş meydanını tərk etməyən Səbuhi İskəndərli oktyabrın 22-də qəhrəmancasına şəhid olub. 29 oktyabr 2020-ci ildə Şəki şəhərində dəfn edilib.
Səbuhi Yaşar oğlu İsgəndərli ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “İgidliyə görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.