İbtidai təhsilini bitirdikdən sonra 2011-ci ildə həqiqi hərbi xidmətə yollanıb. O, Bakı şəhərində Pirəkəşkül qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə kəşfiyyat bölüyünün manqa-komandiri vəzifəsində, kiçik çavuş rütbəsində xidmət etmişdir. Hələ uşaq olarkən Orxanın idmana böyük həvəsi var idi. O, Lənkəran şəhərində qaydasız döyüş idman növü ilə məşğul olub.
Respublikamızın müxtəlif şəhər və rayonlarında idman yarışlarında iştirak etmiş, yüksək nailiyyətlər qazanmışdır. Bundan əlavə, Orxanın xarici dillərə böyük həvəsi var idi. Ən çox ingilis dilinə meyilli olması onun həmin dildə olan yarışlarda dəfələrlə iştirak etməsinə və yüksək nəticələr göstərərək, sertifikatlarla və diplomlarla təltif olunmasına səbəb olmuşdur. 2013-2017-ci illər arasında Orxan müxtəlif yerlərdə işləmişdir. Lakin respublikada cərəyan edən hadisələr Orxanın vətənpərvər hislərini daha da dərinləşdirmişdir. Azərbaycanı- öz doğma vətənini həyatından çox sevməsi onun öz həyatına hərbçi kimi davam etməsinə səbəb olub.
Buna görə o, könüllü olaraq 2017-ci ilin oktyabr ayında Dövlət Sərhəd Xidməti komandanına ərizə ilə müraciət etmişdir. 2018-ci ilin mart ayının 29-da Dövlət Sərhəd Xidməti Komandanının əmri ilə Yevlax şəhərində “N” saylı hərbi hissəyə xidmət etmək üçün göndərilmişdir. Xidmət zamanı fərqləndiyinə görə qısa bir zamanda ona kiçik gizir rütbəsi verilmişdir. Çevik hərbi dəstənin kəşfiyyat bölüyünün kəşfiyyatçı-snayperçi vəzifəsində xidmət etmişdir.
Vətən müharibəsi başlayan ilk gündən döyüşlərə atılan Orxan sərrast atəşləri ilə onlarla düşmən əsgərini məhv etmiş, düşmənin atəş nöqtələri susdurulmuş, qüvvələrimizin irəlləməsinə əlverişli şərait yaradılmışdır. Xocavənd rayonunun yaşayış məntəqələrinin və Zəngilan şəhərinin azad olunması əməliyyatlarında fəal iştirak etmişdir. Oktyabrın 21-də çevik hərəkət taboru ilə Zəngilan istiqamətində bir sıra yüksəkliklərinin azad edilməsi uğrunda döyüşlərə qatılmış, şəxsi igidlik nümunəsi göstərmişdir.
Böyük zəfərə 1 gün qalmış – noyabrın 8-də Zəngilan rayonu ərazisində Ermənistanla sərhəddə yerləşən 812.0 yüksəkliyini düşməndən azad edilərkən Orxan qəhrəmancasına şəhid olub.
8 noyabr 2020-ci ildə Lənkəran şəhərində Şəhidlər xiyabanında dəfn edilib. Dövlət Sərhəd Xidmətinin Xüsusi Təyinatlı Giziri Orxan Quluzadə ailəli idi, özündən sonra vətənə əmanət 2 yaşlı qızı qaldı.
Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Orxan Quluzadə "Qarabağ" ordeni, "Vətən uğrunda" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif olunub.