Kiçik gizir Hüseynov İmaməli Cəlil oğlu 3 dekabr 1992-ci ildə Zəngilan rayonunun Tağlı kəndində anadan olub. 1999-2008-ci illərdə Abşeron rayonu Mehdiabad qəsəbəsində 2 saylı tam orta məktəbdə 9-cu sinifə qədər təhsil alıb. 2008-ci ildən texniki kollecdə öz təhsilini davam etdirən İmaməli 2010-cu ildə oranı sürücü-mexanik ixtisası üzrə bitirib.
2011-2012-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ilin sentyabr ayından Dövlət Sərhəd Xidməti sıralarına qəbul olunan İmaməli beş aylıq hazırlıq kursunu müvəffəqiyyətlə başa vurduqdan sonra Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Briqadasında müxtəlif vəzifələrdə xidmət edib. İmaməli ona verilən tapşırıqların öhdəsindən hər zaman bacarıqla gəlib, qısa müddətdə komadirlərin və şəxsi heyətin hörmətini qazanıb.
Vətən müharibəsi başlayanda Çevik Hərəkət Dəstəsinin tərkibində cəbhəyə yollanan İmaməlinin ən böyük arzusu doğulduğu, lakin görmədiyi doğma Zəngilanın işğaldan azad olunması idi. Xocavənd rayonu ərazisində gedən döyüşlərdə fəal iştirak edən İmaməlinin Zəngilana gedən yolu Hadrutda kəsildi. Oktyabrın 9-da Hadrut istiqamətində gedən gərgin döyüşlərdə qəhrəmancasına şəhid oldu.
Kiçik gizir Hüseynov İmaməli Cəlil oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən “Vətən uğrunda” , “Döyüşdə fərqlənməyə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
22 oktyabr 2020-ci il tarixdə Sumqayıt şəhərində Şəhidlər xiyabanında dəfn edilib.