Kiçik gizir Şükürov Alim Davud oğlu 23 may 1998-ci ildə Cəlilabad rayonunun Ağdaş kəndində anadan olub.
O 2004-2015-ci illərdə Ağdaş kənd tam orta məktəbində təhsil alıb. 2018-ci ildə Cəlilabad Peşə Liseyini uğurla bitirən Alim müddətli həqiqi hərbi xidmətə yollanıb. 2018-2020-ci illərdə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində müddətli həqiqi hərbi xidmətdə olduğu vaxtda özünü intizamlı əsgər kimi göstərib, komandirlərin və rəislərin rəgbətini qazanıb. Məhz burada xidmət edərkən o, peşəkar sərhədçi olmaq fikrinə gəlib.
2020-ci ilin fevral ayından xidmətə qəbul olunan Alim bu dəfə Çevik Hərəkət Qüvvələrinin Artileriya Briqadasında kəşfiyyatçı qismində xidmətə başlayıb. Sentyabrın 27-də Vətən müharibəsi başlayanda cəbhəyə yollanan Alim Cəbrayıl və Zəngilan istiqamətində gedən döyüşlərdə fəal iştirak edib, bir sıra döyüş tapşırıqlarını uğurla yerinə yetirib. Zəngilan şəhərinin və ətraf ərazilərin işğaldan azad olunmasında qəhrəmanlıqlar göstərib. 21 oktyabr 2020-ci il tarixdə Zəngilanının işğaldan azad olunması ilə barışmaq istəməyən düşmən əks-hücüma keçib. Düşmənin 40-dan artıq hərbi qulluqçusunun məhv edildiyi və bir neçəsinin əsir götürüldüyü və darmadağın olunduğu bu döyüşdə Alim ağır yaralanıb. Təxliyə olunduğu Füzuli Dioqnostika Mərkəzində cərrahiyə əməliyyatı olunmağına baxmayaraq 22 oktyabr 2020-ci il tarixdə şəhid olub. Subay idi.
Kiçik gizir Şükürov Alim Davud oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən “Vətən uğrunda” , “Döyüşdə fərqlənməyə görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.
7 noyabr 2020-ci il tarixdə Cəlilabad rayonunun Ağdaş kəndində dəfn edilib.