Kiçik gizir Qasımov Mirağa Hafiz oğlu 1 avqust 1995-ci ildə Cəlilabad rayonunun Moranlı kəndində anadan olub.
2002-ci ildə kənd orta məktəbinin birinci sinfinə daxil olan Mirağa, sonradan təhsilini Qara Kazımlı adına tam orta məktəbdə davam edib. 2013-2014-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olub. Hərb sənətinə olan maraq 2015-ci ildə onu Dövlət Sərhəd Xidmətinə gətirdi. Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Dəstəsində xidmətə başlayan Mirağa yüksək fiziki hazırlığı, intizamı və çalışqanlığı sayəsində qısa müddətdə peşəkar hərbi qulluqçu kimi formalaşdı. Xüsusi döyüş tapşırıqların icrasında, müxtəlif taktiki təlimlərdə yüksək nəticələr göstərərək rəislərinin və yoldaşlarının etimadını qazanmışdır.
2020-ci ildə Vətən müharibəsi başlayanda Mirağa da digər döyüş yoldaşları kimi ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərə qoşuldu. Füzuli cə Cəbrayıl istiqamətlərində gedən qanlı döyüşlərdə iştirak edən Mirağa bir sıra yaşayış məntəqələrimizin azad olunmasında rəşadət göstərib, Zəngilan şəhərinin və ətraf ərazilərin azad olunmasında düşmənə sarsıdıcı zərbələr vuran bölmələrin tərkibində xüsusi fərqlənmişdir.
21 oktyabr 2020-ci il tarixdə Zəngilanı geri qaytarmaq ümidi ilə əks-hücüma keçən düşmən qüvvələrinin darmadağın edildiyi döyüşdə qəhrəmanlıq göstərən Mirağa ağır yaralandı. Bakı şəhərinə təxliyə olunaraq ölkəmizin ən qabaqcıl tibb müəssisələrində müalicə alan kiçik gizir Qasımov Mirağa bütün səylərə baxmayaraq noyabrın 12-də gözlərini əbədi yumaraq şəhidlik zirvəsinə yüksəldi.
Kiçik gizir Qasımov Mirağa Hafiz oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən “Qarabağ” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
7 noyabr 2020-ci il tarixdə Cəlilabad rayonu Moranlı kəndində dəfn edilib.