Abdullayev Tural Şakir oğlu 1990-cı il fevral ayının 26-da Laçın rayonunun Ərikli kəndində anadan olub. O, doğulduğu ildə ailəsi Xocalı şəhərinə köç edib. Xocalıda yeni tikilən evlərdə məskunlaşıblar. Turalın 2 yaşı tamam olanda erməni quldurları onun yaşadığı şəhəri yerlə-yeksan etdilər, dinc əhaliyə qarşı soyqırım törətdilər. Xocalı soyqırımında Turalın atasının xalası oğlunun da ailəsi tamamilə məhv edildi. Kiçik yaşlarından düşmənə nifrət hissi bəsləyən Tural böyüyəndə qisas almağı qarşısına məqsəd qoyub. Ömür yolunda bir dəfə də olsun doğum günü keçirdə bilməyib. Çünki onun doğum günü 613 günahsız Xocalı sakininin şəhid olduğu günə düşüb.
Tural Abdullayev hərbi xidməti 2008-ci ildə Salyanda Xüsusi Təyinatlı Qüvvələrdə keçib. 2010-cu ildən isə Zaqatalada DİN XTQ-də əməliyyat qrupunda çalışıb. 12 il Xüsusi Təyinatlı Qüvvələrdə Vətənə qüsursuz xidmət edən Tural hərbi xidmət keçdiyi zaman və çalışdığı müddətlərdə nümunəvi xidmətinə görə çoxlu sayda medal və Fəxri Fərmanlarla təltif edilib.
2008-ci ildə hərbi xidmətdə nümunəvi xidmətinə görə hərbi hissə komandirinin əmri ilə baş çavuş Abdullayev Tural Şakir oğlu 3-cü dərəcəli döş nişanı ilə təltif edilib.
2013-cü ildə Azərbaycan Respublikasının “Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının 20 illiyi” yubiley medalı ilə, 2018-ci ilin dekabrında AVMVİB-nin əsasnaməsi ilə təsdiq edilmiş “Milli Ordu - 100” medalı ilə, 2020-ci ilin iyun ayında Azərbaycan Respublikasının Prezidentinin adından “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.
Tural arasında qorxmazlığı, vətənpərvərliyi ilə seçilib. O, uşaq yaşlarından atasına "Xocalının qisasını almaq lazımdır" deyərdi. Üçrəngli Bayrağımızı daim özü ilə aparan Tural Vətənə olan borcu qaytarmağı həyatının amalına çevirib. Vətən Müharibəsi başlamamışdən əvvəl əfsanəvi “Yaşma” xüsusi təyinatlıları sırasında xüsusi təlimlərdə iştirak edib. Turalın gözlədiyi qisas vaxtı artıq yetişmişdi. Boz qurd ləqəbli döyüşçü qorxmadan ən təhlükəli döyüşlərə atıldı. Şərəfli döyüş yolu, şücaəti, Vətənə sevgisi onu şəhidlik zirvəsinə ucaltdı. Öz canı qədər sevdiyi bayraq tabutuna, məzarı üstünə sərildi. Tural ölməzliyi ilə Azərbaycan xalqının yaddaşına əbədi möhürləndi.
Şəhidimizin atası Şakir kişi Tural haqqında xatirələrini belə danışır: "Əsgərlikdən məzuniyyətə gələndə telefonla danışdığını eşitdim. Dedi ki, "mənim bəxtim yoxdur. Mən məzuniyyətə gəlim, yoldaşlarım isə hərbi əməliyyatda iştirak etsinlər. Orada olsaydım, bəlkə mən də düşmən öldürərdim". Tural döyüş əməliyyatı keçirilən zaman məzuniyyətdə olduğu üçün çox təəssüf edirdi. Vətənpərvərliyi ilə seçilirdi. Zaqatalada DİN XTQ-də işləyərkən ən çətin əməliyyatlarda iştirak edirdi".
Tural Abdullayev Vətən Müharibəsi zamanı Murovdoğ yüksəkliyinin alınmasında və Kəlbəcər tərəfində keçirilən əməliyyatlarda iştirak etmişdir. Azərbaycan əsgəri ilə üz-üzə gəlməyə cəsarət etməyən mənfur düşmənin atdığı minaatan mərmisi nəticəsində igid əsgərimiz sentyabrın 30-u əbədiyyətə qovuşdu.
Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Sovxoz qəbiristanlığında dəfn edilib.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 09 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən baş çavuş Abdullayev Tural Şakir oğlu ölümündən sonra “Qarabağ” ordeni ilə təltif edilib.