Sərxan Elxan oğlu Abdullayev 1988-ci il noyabrın 2-də Qazax şəhərində anadan olub. 1995-2006-cı illərdə Qazax şəhərində M. Hüseyn adına humanitar və təbiət fənnləri üzrə liseydə təhsil alıb.
Atası — Birinci Qarabağ müharibəsinin veteranı Elxan Abdullayevdir.
Sərxan Abdullayev 2006-2008-ci illərdə DİN Daxili Qoşunlarının Nərimanov rayonunda yerləşən hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2008-ci ildən isə DİN Daxili Qoşunlarının Zaqatala rayonunda yerləşən hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri olan Sərxan Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə döyüşüb. Sərxan Abdullayev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Ağköynək kəndində dəfn olunub.
Orxan və Turan adında 2 övladı yadigar qalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Sərxan Abdullayev ölümündən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.