2021/05/Kamra-1622403352.jpg

line
Adı: Fərəcov
Soyadı: Kamran
Ata adı: İlqar
Doğum tarixi: 14.02.1996
Şəhid olub: 24.10.2020
Rütbəsi: Baş əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Füzulinin azad olunmasına görə» medalı
Kamran İlqar oğlu Fərəcov 1996-cı il fevralın 14-də Şirvan şəhərində anadan olub. Orta təhsilini 11 saylı məktəbdə alan Kamran, oranı bitirəndən sonra hərbi xidmətə yollanıb. Hərbçi olmağa can atan igidimiz müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra DİN-in Daxili Qoşunlarında xidmətini davam etdirib. Quba rayonunda yerləşən hərbi hissənin Xüsusi Təyinatlı Dəstəsində xidmətə başlayıb.



Çoxları kimi onun da ən böyük arzusu işğal altındakı torpaqlarımızın azad edilməsi idi. 2020-ci il sentyabrın 27-də Silahlı Qüvvələrimiz erməni separatçılarına qarşı əks-hücum əməliyyatına başlayanda Kamran Fərəcov Daxili Qoşunların baş əsgəri kimi ərazi bütövlüyümüzün bərpa olunması uğrunda aparılan Vətən müharibəsinə yollanıb.

Sərrast atıcı olan Fərəcov meşəlik ərazilərdə öz snayper tüfəngi ilə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavəndin azad olunması uğrunda gedən əhəmiyyətli döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib. Düşmənə sarsıdıcı zərbələr endirən döyüşçü yoldaşları ilə birgə Şuşa istiqamətində həlledici döyüşlərə qatılıb. Oktyabrın 24-də Şuşa şəhərinin 15 kilometrliyində yerləşən Çanaqçı kəndi ərazisində gedən döyüşlərdə komandiri ilə birlikdə snayper gülləsi ilə vurulub.

Ailənin yeganə oğul övladı, 3 bacının tək qardaşı Kamran Fərəcov 24 yaşında ikən böyük bir izdihamla qürur yerimiz olan müqəddəs Şəhidlər Xiyabanında uğrunda canından keçdiyi torpağa əmanət edilib.



Kamran Fərəcov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı və 29.12.2020-ci il tarixli Sərəncamı ilə "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidin anası Reyhan xanım danışır ki, Kamran lap uşaqlıqdan oruc tutub, ibadətlə məşğul olurdu. Hətta bəzən onu sahura oyatmağa qıymırmış...

Kamranın nənəsi, 87 yaşlı Bənövşə nənə kövrələrək, Kamranı bütün nəvələrindən çox istədiyini deyir...

Kamran 2018-ci ilin avqustun 19-da sevdiyi Fidan xanımla ailə qurub. Qəhrəmanın xanımı hərbi şəhərcikdə Kamranla birlikdə hərbçi həyatının bütün çətinliklərinə dözüb. Kamran sentyabrın 27-də müharibə başlayanda ilk gündən döyüşlərə qatılsa da, nə ömür-gün yoldaşına, nə də valideynlərinə bu barədə heç nə bildirməyib, onların narahat olmasını istəməyib. Oktyabrın 23-ə qədər ailə üzvləri onun sadəcə təlimdə olduğunu düşünüblər. Sonuncu telefon danışığında hər şeyin qaydasında olduğunu bildirib. Bu gün atasını ən çox incidən də elə onun döyüşdə olduğunu bilməməsidir; deyir ki, əgər bilsəydi, onunla həmişə fəxr etdiyini özünə deyərdi...