Qız uşaqlarının isə ata sevgisi fərqli və dərin olduğu kimi ata həsrəti də qəlblərini büsbütün zəbt edərcəsinə böyükdür. Ayla, Məryəm və Rübabə ata sevgisi ilə qanadlandıqları zamanda atasızlığa tuş gəldilər. Qızlarına "cənnətim" deyən Sahib şəhid olub cənnət sakini oldu. Ancaq cənnəti bildiyi qızlarını həsrəti ilə baş-başa buraxdı. 3 qız övladı ilə Sahibin həsrətini çəkənsə Gülnar xanım oldu. Sahibsizliyi xəyallarına belə yanaşdırmayan Gülnar bir anda Sahibin yoxluğuna tuş gəldi. Bu yoxluq onu xoşbəxtlikdən qoparsa da o yaşamdan qopmadı. Çünki Sahibin 3 əmanətinə sahib çıxmalı olduğunu yaxşı bilirdi.
Məmmədov Sahib Yaşar oğlu Vətən müharibəsi qəhrəmanlarından biridir. Sahib 1989-cu ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur. Ailədə 2 bacı 2 qardaş olmuşdular. 1996-cı ildə Yaycı kəndində 1 N - li tam orta məktəbdə təhsil almağa başlamışdı. Sahib həm də idmanın cüdo növü ilə məşğul olmuşdu. 2007-ci ildə həmin məktəbin məzunu olmuşdu. Elə həmin il hərbi xidmətə yollanmış, Naxçıvan Muxtar Respublikasında xidmət etmişdi. Xidmətini başa vurduqdan sonra 2 il Türkiyədə yaşamış, 2010-cu ildə bənzərsiz bir sevgi ilə sevdiyi Gülnar xanımla ailə qurmuşdu. İlk övladı dünyaya gəldikdən sonra 2011-ci ildə bir hərbçi kimi Ordu sıralarına qoşulmuşdu. Təyinatla Quba rayonunda N saylı hərbi hissədə xidmətə başlayan Sahib 10 il Qubada xidmət etmişdi. Hərbçinin xanımı Gülnar xanım hərbçi yarını heç zaman tək buraxmamışdı. Sahibin şəhid olduğu vaxta qədər onunla bərabər Qubada yaşamışdı.
Sahib bir aylıq təlimdən sonra son dəfə sentyabrın 19 - da iki günlük ailəsinin yanına gəlir. Həmin zaman xanımına "Sən uşaqların həm atasısan həm də anası. Onlardan muğayat ol,mənim sənə əmanətlərimdi" deyir. Əslində o görüşün bir vida görüşü olduğunu Gülnar xanım müharibənin başladığını öyrəndiyi an başa düşür. Səhəri "Telefonu söndürürəm məndən nigaran olma" mesajı ilə açan anda ürəyindəki nigarançılıq toxumu cücərir. İllərdi o toxum ürəyində dikilmişdi... Sonrasında tək-tək hallarda Sahiblə danışmaq şansı olan Gülnar xanım sonuncu dəfə 17 oktyabrda danışır. Sahib Gülnara "Mən ölsəm o dünyada mənə desələr yaşadığın dünyada nə etdin? Deyəcəm sevdim. Gülnar kimi bir mələyi sevdim" sözlərini deyir. Oktyabrın 19-u Gülnar xanım Sahibin hərbçi yoldaşlarının xanımlarından bir neçəsindən Sahib və döyüş yoldaşlarının şəhid və yaralı olduqları xəbərini alır. Günlərlə Sahibdən bir xəbər ala bilməyən Gülnar oktyabrın 23-ü gələn zənglə Sevdiyinin şəhid olduğuna əmin olur. 3 körpəsi və 12 şəhid nəşi ilə bərabər Bakıdan Naxçıvana gedən Gülnar xanım həmin gün həyatının ən ağır gününü yaşayır. 23 gün qəhrəmancasına vuruşub
oktyabrın 19-u Füzulinin Cəmilli kəndində şəhid olan Sahib oktyabrın 24-də Culfa rayonunun Yaycı kənd qəbirsanlığında torpağa tapşırılır.
Çiçək ananın yar dərdi ilə yaralanan ürəyinə illər öncə 23 yaşlı oğul itkisi dağ çəkmişdi. Onun yeganə təsəllisi Sahib idi. Sahibin də əbədi gedişi ilə Çiçək ananın oğul adlı ümidləri talandı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə hələ xidmət etdiyi dövrdə
"Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı ilə təltif edilən baş-çavuş Məmmədov Sahib Yaşar oğlu şəhadətindən sonra da
"Vətən uğrunda" medalı və "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.