Orxan Sədail oğlu Babayev 24 dekabr 1994-cü ildə Astara rayonunun Lovayın kəndində anadan olub. Uşaqlıq illərini doğulduğu kənddə keçirib. 4 qardaş olmaqla ailədə 6 nəfər olublar. 2001-ci ildə Astara rayon A.Hidayətov adına Lovayın kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub və 2012-ci ildə bitirib.
Təhsilin başa vurduqdan sonra bir müddət təssərrüfat işlərilə məşğul olub. 2013-cü il, yanvarın 4-də Astara rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə yola salınıb. Vətənə olan borcunu layiqincə yerinə yetirən Orxan 15 iyul 2014-cü ildə evinə, ata-anasının yanına qayıdıb.
Vətəninə, torpağına məhəbbəti sonsuz olan Orxan yenidən həmin ilin həmin ayında -17 iyul 2014-cü ildə müddətdən artıq xidmət etmək üçün hərbiyə qayıdıb və baş çavuş rütbəsində atıcı-qumbaraatan vəzifəsində xidmət etməyə başlayıb. 2020-ci ilin sentyabr ayında başlayan 44 günlük II Qarabağ müharibəsində Orxan da bir atıcı kimi döyüşlərdə iştirak edir və Füzuli, Cəbrayıl uğrunda gedən ağır döyüşlərdə böyük qəhrəmanlıqlar göstərərək, düşmənə sarsıdıcı zərbələr endirib, xeyli sayda canlı qüvvəsini məhv edib.
Daha sonra qəhrəman baş çavuş Şuşa uğrunda gedən döyüşlərə qatılıb və bir sözlə düşmənə sinə gərərək, adını tarixə yazıb. Qələbəyə bir gün qalmış - 7 noyabr 2020-ci ildə Şuşa şəhəri uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhidin nəşi Astara rayonunun Ojəkəran kəndinə gətirilib və kənd qəbiristanlığında böyük izdihamla torpağa tapşırılıb.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Astara rayonunun Lovayın kəndində anadan olan baş çavuş Orxan Sədail oğlu Babayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.