İmaməddin Abdullazadə 1996-ci il avqustun 4-də Beyləqan rayonunda anadan olub. 2002-ci ildə məktəbə qədəmlərini qoyan İmadəddin uşaqlıqdan hərbçi olmaq arzusu ilə yaşayıb.
2014-cü ildə Qazax rayonuna müddətli həqiqi hərbi xidmətə yollanıb. 2016-cı ildə Aprel döyüşlərində iştirak edib. Şəhidin qardaşı Qafar Abdullazadənin sözlərinə görə, İmaməddin ailəsinə, sevdiklərinə çox bağlı idi: “İmaməddin orta məktəbi bitirdikdən sonra Qazax rayonunda müddətli hərbi xidmətə yollandı. Həmin ərəfələrdə Aprel döyüşləri gedirdi, İmadəddin də həmin döyüşlərdə şücaət göstərdi. Əsgərliyini başa vurub geri qayıtdıqdan təxminən üç ay sonra yenidən cəbhəyə yollandı, hərbçi olmağı qərara almışdı. Beyləqan rayonu N saylı hərbi hissəsində kəşfiyyatçı kimi xidmət etməyə başlayıb”.
Qafar Abdullazadə deyir ki, qardaşı döyüşlərdə başına üzərində qurandan ayələr olan çalma bağlayıb. Bu çalmaya görə də döyüş yoldaşları ona "Çalmalı" ləqəbi ilə müraciət ediblər və dəfələrlə yaralanmasına baxmayaraq, döyüşü davam etdirib. O, noyabrın 5-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.
Qeyd edək ki, İmaməddin Abdulalzadə Füzuli, Hadrut, Xocavənd, Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Sonuncu döyüşü Şuşada Daşaltı kəndində olub və həmin döyüşdə şəhidlik zirvəsinə yüksəlib. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.