2023/05/Süle-1685385466.jpg

line
Adı: Süleymanov
Soyadı: Rauf
Ata adı: Allahverdi
Doğum tarixi: 29.05.1987
Şəhid olub: 5.10.2020
Rütbəsi: MAHHXHQ çavuş
Təltifləri
«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı
Vətən müharibəsi başlayanda cəbhənin müxtəlif istiqamətlərində vuruşan Rauf döyüş meydanında böyük şücaətlər göstərib. Sərrast snayperçi kimi düşmənin gizli döyüş mövqelərini məhv edib. Rauf komandirlərinin dediyi kimi, bölüyün görən gözü idi. Erməni cəlladlarına aman vermirdi. O, Cəbrayıl və Füzuli istiqamətlərində gedən döyüşlərdə sərrast atışı ilə 60 erməni hərbiçisini məhv edib. Onun sonun döyüşü isə Cəbrayılda olub. Qanlı döyüşlərin birində baş gizir Rauf qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Vətən müharibəsində Azərbaycanın qəhrəman oğlanları torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igidimiz qazi adını qazandı. Bu müharibədə əldə etdiyimiz zəfərləri baş gizir şəhid Rauf Süleymanov kimi igidlərə borcluyuq.

Memorial.az xəbər verir ki, Rauf Allahverdi oğlu Süleymanov 1987-ci il mayın 29-da Neftçalanın Abasallı kəndində neftçi ailəsində dünyaya göz açıb. Uşaq yaşlarından Vətənə, bayrağa hədsiz sevgisi olan Rauf həmişə harasa gedəndə mütləq özü ilə Azərbaycan bayrağı aparardı. O, orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanır. Xidmətini Daxili Qoşunların Bərdədə yerləşən "N" saylı hərbi hissəsində keçir. Hərb sənətinə böyük marağı olan Rauf ordu sıralarından tərxis olunduqdan sonra Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində müddətdən artıq hərbi qulluqçu kimi fəaliyyətə başlayır. Nümunəvi xidməti ilə çavuş, baş çavuş və baş gizir vəzifələrinə yüksəlir. 2019-cu ildə Türkiyənin Foça şəhərində atış üzrə təlim keçən Rauf snayperçi kimi yüksək dərəcəli sertifikatla təltif olunur.

Şəhidin anası Sücaət Süleymanova deyir ki, Rauf hərb sənətini çox sevirdi: “Uşaqlıqdan hərbçi olmaq arzusunda idi. Türkiyəyə getdi, oxudu, diplomla qayıtdı. Sentyabrın 27-də müharibə başlanan kimi döyüşə atıldı. Hər gün danışırdıq. Deyirdi, ana, nigaran qalmayın, yaxşıyıq. Oktyabrın 3-dək hər gün danışırdıq telefonla. Sonra ona zəng çatmadı...”.


Şəhidin qardaşı Cavad Süleymanov Raufun mərd, vətənpərvər biri olduğunu bildirib. “Qardaşım yaxşı snayperçi idi. Onunla fəxr edirəm. Fəxr edirəm ki, torpaqlarımızın alınmasında qardaşımın da xidməti var”, - deyə o vurğulayır.

Qazi Yusif Abdullayev Raufun yaxın qohumudur. Füzulidən Şuşayadək döyüş yolu keçib və başından yaralanıb. O, xalası oğlu Rauf haqqında danışanda onunla qürur duyduğunu dilə gətirir: “Fəxr edirəm ki, şəhid qohumuyam. Həm də fəxr edirəm ki, İkinci Qarabağ müharibəsinin qazisiyəm. Bu, mənim üçün böyük qürurverici hissdir”.

Rauf ailəli idi. Arzusu Vətəni bütöv, azad görmək, həmçinin ata olmaq idi. Vətəni azad edənlərdən biri olsa da, ata olmaq arzusuna çatmadan şəhidlik zirvəsinə yüksəlir. Ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilir.

Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Rauf kimi şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər kəsin vətəndaşlıq borcudur.