Əsgər Əhmədkişi oğlu Əhmədov 1990-cı il, noyabrın 9-da Quba rayonunun Bərqov kəndində anadan olub.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Əsgər Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı əsasən Kəlbəcərin və Cəbrayılın azadlığı uğrunda döyüşüb. Əsgər Əhmədov oktyabrın 5-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsgər Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalına layiq görülüb.
Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında igidlik və şücaət nümayiş etdirdiyinə görə Prezidentin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən isə, ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiyinə görə Prezidentlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əsgər Əhmədov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.