44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri Vəkilov Elməddin Nizami oğlu 1988-cu il avqustun 21-də Daşkəsəndə anadan olub.
Azərbaycan Ordusunun baş əsgəri olan Elməddin Vəkilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə vuruşub . Elməddin Vəkilov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itgin düşüb. Elməddin Vəkilovun nəşi 7 may 2021-ci ildə tapılıb və 8 may tarixində Daşkəsəndə dəfn olunub.
Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, baş əsgər Vəkilov Elməddin Nizami oğlunun nəşi Daşkəsən Şəhidlər xiyabanında torpağa tapşırılıb.
O, Vətən müharibəsi zamanı xüsusi şücaətlər göstərərək tək başına 10-dan çox düşməni məhv edib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Vəkilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.