Rəşid Rəşad oğlu Məmmədov 1997-сi il noyabrın 20-də Lənkəran rayonunun Sütəmurdov kəndində anadan olub.
O, 2005-ci ildə Sütəmurdov kənd tam orta məktəbin 1-si sinifinə daxil olub və 2018-ci ildə həmin məktəbin 11-ci sinifini başa vurub.
Orta təhsilini başa vurduqdan sonra Rəşid Məmmədov Lənkəran şəhər Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq Bakı şəhərinə Azərbaycan Sülhməramlı Qüvvələrə göndərilib. O, xidmətini rabitəçi kimi yerinə yetirib. 2020-cil ilin may ayından müddətdən artıq hərbi xidmət etmək üçün xüsusi kursda təlim keçərək bu dəfə MAXE kimi yenidən hərbi xidmətə başlayıb.
Rəşid Məmmədov 27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsinə qatılıb. Rəşid Füzuli uğrunda gedən şiddətli döyüşlərdə xüsusi əməliyyat üçün seçilən 16 nəfər könüllünün arasından biri olur. Düşmənə sarsıdıcı zərbələr endirərək xeyli sayda canlı qüvvəsini məhv edən qəhrəman Məmmədov Rəşid 2020-ci il oktyabrın 30-da kəşfiyyatda olarkən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Şəhidimizin nəşi doğulub, boya-başa çatdığı Lənkəran rayonunun Sütəmurdov kəndinə gətirilərək orada torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Rəşid Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.