2023/05/qubad-1684480339.jpg

line
Adı: Hacıyev
Soyadı: Qubad
Ata adı: Cəmil
Doğum tarixi: 19.05.1988
Şəhid olub: 27.09.2020
Rütbəsi: MAHHXHQ kiçik çavuş
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Suqovuşanın azad olunmasına görə» medalı«Laçının azad olunmasına görə» medalı
44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımız haqqında söz açmağa davam edirik. Bu dəfə kiçik çavuş Qubad Hacıyevi yad edəcəyik.

Qubad Cəmil oğlu Hacıyev 1988-ci il mayın 19-da Tərtər şəhərində anadan olub. Buradakı Əsəd Məmmədov adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb. 2005-ci ildə son zəng sədaları altında, ürəyində min bir arzu ilə məktəb yoldaşlarından, müəllimlərindən ayrılıb.

Məktəbli vaxtından Qubadın idman və musiqiyə böyük marağı var idi. Musiqi məktəbində tar müəllimi olan atasından bir neçə musiqi alətində ifa etməyi öyrənmişdi.

Qubad 2006-2008-ci illərdə hərbi xidmətdə olub. Xidmətini başa vurduqdan sonra bir müddət müxtəlif sahələrdə çalışıb. Ancaq uzun fasilədən sonra hərb sahəsinə qayıtmaq barədə qərar verib. 2015-ci ildə müddətdən artıq hərbi xidmət etmək məqsədilə müvafiq kursa göndərilib və kursu uğurla bitirərək N saylı hərbi hissədə kiçik çavuş rütbəsi ilə manqa komandiri kimi xidmətə başlayıb. Qubad həm 2016-cı ilin Aprel döyüşləri, həm də 2020-ci ilin iyulunda Tovuz istiqamətində gedən döyüşlərdə iştirak edib, erməni təxribatlarının qarşısının alınmasında şücaət göstərib.

44 günlük Vətən müharibəsi başlayanda Qubad artıq təcrübəli döyüşçü idi. Düşməni əzəli yurd yerlərimizdən qovmağın vaxtı çatmışdı. Onun da yer aldığı tabor müharibənin ilk günündə Tərtərin Suqovuşan qəsəbəsi istiqamətində sürətli hücuma keçir. Hərbçilərimizin şücaəti sayəsində düşmənin 30 il ərzində qurub möhkəmləndirdiyi istehkam darmadağın edilir.

Döyüşçü yoldaşlarının dediyinə görə, həmin gün Qubadgilin taboru 11 maneəni keçərək düşmənin canına böyük vahimə salıb. Bu döyüşdə Qubad ayağından yaralansa da, yenə də vuruşmağa davam edib. Ancaq sentyabrın 27-də – haqq savaşımızın ilk günündə şəhidlik məqamına yüksəlib.

Şəhidin atası Cəmil Hacıyev deyir ki, şanlı Ordumuz Qələbə ilə bütün şəhidlərimizin intiqamını aldı: “Biz həm də bununla təsəlli tapırıq. Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin indi ruhu şaddır. Çünki işğala son qoyulub. Mən oğlumla fəxr edirəm. Qubadın timsalında bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm”.

Cəmil müəllim bildirir ki, sentyabrın 27-si günün ikinci yarısı oğlunun şəhid olması xəbərini alıb: “Qubad çox mehriban, vətənpərvər övlad idi. Oğlum şəhid olana qədər bir neçə düşmən hərbçisini məhv edib. Son nəfəsinə qədər döyüşərək şəhidlik zirvəsinə ucalıb”.

Şəhidin anası Tutubəyim Hacıyeva vurğulayır ki, Qubad Vətən müharibəsindən bir gün əvvəl evdə olub: “Evdən çıxanda mənə dedi ki, ana, narahat olma, tez bir zamanda sənə Şuşadan şəkil göndərəcəyəm. Ancaq dediyini edə bilmədi. Oğlum müharibənin ilk günü şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.


Ramal Hüseynli şəhid dayısı ilə fəxr etdiyini söyləyir: “Dayımın xatirəsi hər zaman qəlbimizdə yaşayacaq. Böyüyəndə mən də dayım kimi hərbçi və qəhrəman olacağam”.

Qubad Hacıyev 2020-ci il sentyabrın 28-də Yevlax rayonunun Nəmərli kəndində torpağa tapşırılıb.



Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Qubad Hacıyev ölümündən sonra " Vətən uğrunda" medalı, Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Laçının azad olunmasına görə", «Suqovuşanın azad olunmasına görə», «İgidliyə görə» medalları ilə təltif edilib.