Orta məktəbi bitirdikdən sonra səhhəti ilə əlaqədar problem yarandığı üçün Hidi bir müddət hərbi xidmətə aparılmayıb. Ancaq çox keçmədən sağlamlığına qovuşan Hidi sonra hərbi xidmətə yollanıb və 2016-cı ildə könüllü olaraq Aprel döyüşlərində iştirak edib.
03.01.2020-ci il tarixindən isə Ordu sıralarında MAXE kimi işləməyə başlayıb. İkinci Vətən Müharibəsində iştirak edən kəşfiyyatçımız Tərtər, Ağdərə istiqamətində gedən döyüşlərdə vuruşub və müharibənin ilk günündə, 27 sentyabr tarixində qəhrəmancasına həlak olub, Şəhidlik zirvəsinə ucalıb.
Şəhidimiz bir gün sonra, 28.09.2020-ci il tarixində Tapqaraqoyunlu kəndində döyüşlər getdiyinə görə, Qızılhacılı (Balakürd) kənd qəbristanlığında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Hidi Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
memorial.az