memorial.az xəbər verir ki, haqq savaşımızda tarix yazan igidlərimizdən biri şəhid Mirzəyev Rasim Fəttah oğludur. 1998-ci ildə Lənkəranın ucqar dağ kəndi Gəgiranda doğulan Rasim həqiqi hərbi xidmətini bir il idi bitirmişdi. Vətən müharibəsi başlayan gündən ordu sıralarına çağırılan 22 yaşlı cəsur əsgərimizin döyüş yolu Füzulidən başlayır. Cəbrayıl və Qubadlının azad olunması uğrunda qəhrəmancasına vuruşan Rasimin sonuncu döyüşü oktyabrın 19-da olur. Qubadlı istiqamətində adsız yüksəklikləri işğalçılardan azad edən rəşadətli Ordumuzun əsgəri Rasim qəhrəmancasına şəhid olur. Vətən müharibəsində 25 gün igidliklə vuruşan Rasim döyüşə girdiyi hər günü şəxsi kitabçasında qeydə alır.
Şəhidin atası Fətta Xosrovov: “Cibində gəzdirdiyi şəxsi kitabçasında iştirak etdiyi döyüşləri yazıb. Kitabçaya oktyabrın 19–dək qeydlər etmişdi. Həmin gündən sonra vərəqlər qeydsiz idi. Ondan bildim ki, elə həmin gün oğlum qəhrəmancasına şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətən sağ olsun!”.
Şəhidin anası Zəkiyyə Xosrovova: “Rasim yaxşı oğul idi, Vətən üçün canından keçdi. Öz ölümü ilə tarixə çevrildi. Oğlumla fəxr edirəm”.
2019-cu il noyabrın 6-da həmkəndlisi Şəlalə xanımla ailə həyatı quran Rasim özündən sonra 6 aylıq oğlu Asimi Vətənə əmanət etdi.
Şəhidin həyat yoldaşı Şəlalə Bayramzadə: “Müharibə başlayanda deyərdi ki, Ordumuz düşməni torpaqlarımızdan qovmalıdır. Arzusu döyüşlərdə iştirak etmək idi. Arzusuna çatdı, müharibədə iştirak etdi və şəhid oldu. Yeri cənnət olsun. Fəxr edirəm, belə bir igidin həyat yoldaşıyam”.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.