İsmət Şölət oğlu Hacıyev 1993-cü il yanvarın 20-də Quba şəhərində anadan olub. Doğulduğu gün Azərbaycan xalqının başına gətirilən ən böyük faciə olan “Qanlı yanvar” faciəsinin üçüncü il dönümünə təsadüf etmişdi. Yaş üstə yaş gəldikcə İsmət o günün fərqinə varmış və irəliləyən illərdə o faciəni daha dərindən dərk etmişdi. Şəhidliyə çatan yolun başlanğıcı “20 yanvar” faciəsindən başlamış, sonu Vətən müharibəsində bitmişdi.
Birinci sinifə 2000-ci ildə Quba şəhər Tələt Mikayılov adına 5 N – li tam orta məktəbdə qədəm qoyan İsmət 2008-ci ilə qədər həmin məktəbdə təhsil alıb. Artıq o illər ərzində hərbçi olmaq qərarına gəlmişdi. 2008-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi liseyə qəbul edilib, 2011-ci ildə liseyi bitirib. Liseydə təhsil aldığı müddətdə təlim – tərbiyəsi, nizam-intizamı ilə seçilirmiş. İsmət Hacıyev daha sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olur və kəşfiyyat ixtisası üzrə təhsilini davam etdirir. 2015-ci il AAHM-ni bitirdikdən və 6 aylıq kurs keçdikdən sonra N saylı hərbi hissədə leytenant kimi tağım komandiri vəzifəsində xidmət etməyə başlayır. 2016-cı ildən 2019-cu ilə qədər N saylı hərbi hissədə kəşfiyyat bölüyünün müşahidə tağımının komandiri vəzifəsinə təyin edilib.
İsmət Hacıyev Azərbaycan hərb tarixində qızıl hərflərlə yazılan Aprel döyüşlərində də böyük şücaətlər göstərən qəhrəmanlardan biri idi. Keçirdiyi uğurlu hərbi əməliyyatlar sayəsində 2019-cu ildə baş leytenant kəşfiyyat bölük komandiri vəzifəsinə təyin edilib. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 45 günlük kurs keçdikdən sonra kəşfiyyat bölük komandiri kursunu uğurla bitirərək N saylı hərbi hissədə xidmət edib. Ömrünü vətən naminə yaşayan İsmətin bu qədər vətəninə, torpağına bağlı olması səbəbsiz deyildi. O, bir vətən qəhrəmanının ocağında dünyaya göz açmışdı. Atası Hacıyev Şölət İsa oğlu l Qarabağ müharibəsinin qəhrəman qazilərindəndi. Onun şərəfli yolunu oğlu davam etdirirdi.
Azərbaycan Ordusunun baş leytenantı İsmət Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bir zamanlar atasının sağlamlığını qurban verdiyi torpaqlara 2020- ci ildə İsmət canını qurban etdi. Tərtər, Ağdərə istiqamətində qəhrəmancasına vuruşdu, Suqovuşanın azadlığı uğrunda şəhid oldu. Müharibədə bir gün iştirak etsə də, ən çətin döyüşlərdə qalibiyyət qazanmağın sevincini yaşamış və yaşatmışdı. Sentyabrın 27-də Suqovuşan döyüşləri zamanı şəhid olan İsmət Hacıyev Quba şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün, şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən İsmət Hacıyev ölümündən sonra "Vətən uğrunda" , “İgidliyə görə" , "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhid baş leytenant İsmət Hacıyev sentyabrın 28-də bir qəhrəman kimi çiyinlər üstə öz evinə dönmüşdü. O an 3 illik sevgi dolu ömür yolunun tamamlandığını görən Leyli xanımın 3 illik xoşbəxt sevgisi xəyallarında canlandı.
Bu ailənin təməli 2017-ci ilin 22 iyulunda qoyulmuşdu. Ailə qurduqdan sonra Leyli xanım da İsmətlə birlikdə gecəsinin sükutu atəş səsləri ilə pozulan Tərtər rayonunda yaşamağa başlamışdı. Ailənin sevinci isə körpə Mələk idi. Mələk İsmətin nəfəsi idi. İsmət işi ilə əlaqədar ailəsi ilə çox zaman keçirə bilməsə də fürsət düşdüyündə ailəsi ilə ötən hər anını gözəl və özəl keçirirmiş. Son dəfə 26 sentyabr axşamı gəlişində isə bir neçə dəqiqəyə yalnız əbədi vidasını sığdıra bildi. Leylisini, Mələyini son dəfə bağrına basan İsmət sevdiklərini Allaha əmanət edib getdi. 27 sentyabrda döyüşlər gedən zaman xanımına zəng edib hər şeyin yaxşı olduğunu deyən İsmətin səhərisi gün Leylisinə şəhid xəbəri çatdı. Yarını gözəl xatırlayan Leyli sevdiyinin son gedişində onun ardınca göz yaşlarını çilədi... Daha bir ananın tellərinə şəhid dərdi bəyaz qar kimi ələndi. Gülnarə ananın ürəyi oğul adlı dərdə məskən oldu...
Hazırda Quba şəhərinin küçələrindən biri şəhid İsmət Hacıyevin adını daşıyır.