Anası deyir ki, oğlumun hərbiyə marağı çox idi. Xəyal həmişə deyirmiş ki, hərbisiz ona həyat yoxdur. İşini, əsgərlərini, komandirlərini, nəhayət Vətəni hər şeydən çox sevirmiş.
Xəyal hərbidə ərzaq-anbar rəisi kimi işə başlayıb, Ağdamda hərbi hissədə anbar rəisi işləyib. Sonra isə könüllü şəkildə ön xəttə gedib. 2016-cı il Aprel döyüşlərində Ağdamda ön xətdə olub, orada böyük qəhrəmanlıq göstərib. Buna görə təltif olunub.
Daha sonra kəşfiyyatda operator komandiri işləyib. Növbəti iş yeri Mübariz İbrahimovun xidmət etdiyi post olub, orada Xəyal 3 il post komandiri olub. Burada Xəyala həm Mübariz İbrahimova bənzədiyi üçün, həm də igidliyinə görə “İkinci Mübariz” deyiblər.
O, müharibə başlamazdan əvvəl taqım komandiri işləyirmiş. Sentyabrın 27-də, döyüşlər başlayanda isə əks-həmlə hücum taborunda komandiri ilə birgə iştirak edib. Talış-Suqovuşan istiqamətində, 831 saylı yüksəklikdə düşmən dəstəsini məhv ediblər, lakin namərd düşmən Xəyalın qrupunu hədəf alıb, o, komandiri ilə birlikdə sentyabrın 28-də şəhid olub.
Şəhidimizin anasının sözlərinə görə, Xəyal döyüşlərə kəşfiyyatçı kimi qoşulduğunu ailəsindən gizlədib. Lakin Nəzakət ana müharibənin ikinci günündə oğlu ilə əlaqə yarada bilməyəndə narahat olub. Deyir ki, Xəyala nəsə olduğunu həmin gün hiss edib: “Biz onu taqım komandiri bilirdik, amma şəhid olandan sonra öyrəndim ki, könüllü şəkildə kəşfiyyatçı kimi döyüşlərə qoşulubmuş. Sentyabrın 28-də atası ilə əlaqə saxlayıb, deyib ki, ata, anama demə, biz sizin torpaqlarınızdayıq (biz əslən Ağdərə rayonundanıq). Şəhid olana qədər mən elə bilirdim ki, döyüşlərdə deyil, mənə deyirdi ki, Naftalandayam. Ayın 28-i Xəyala zəng etdim, zəng çatmadı. Atasına dedim ki, oğluma nəsə olub, narahatam, məni onun iş yerinə apar. Getdik iş yerinə, dedim ki, oğlumla əlaqə yaradın, dedilər onlar döyüşdə, ön xətdədirlər, indi əlaqə saxlamaq mümkün deyil. Onların qrupundan şəhid olanın, yaralananın olub-olmadığını soruşduq. Atası mənə dedi ki, içəridə bir nəfər ağlayırdı ki, hərbi hissənin gözü - bir gizir, bir də komandir şəhid olub. Onda dedim ki, o, Xəyaldır. Hiss etmişdim... Sonra geri qayıdanda yolda zəng etdilər ki, Xəyal yaralanıb. Gəldik gördük ki, yaralanmayıb, şəhid olub oğlum...”
Komandiri ilə Xəyal ayrı-ayrılıqda həmin yüksəkliyə doğru irəliləyiblər. Xəyala komandiri deyib ki, mənə əsgərlə sarğı göndər, o da yol təhlükəli olduğu üçün əsgərini ora göndərməyib, deyib ki, hava istidir, kitelini soyunub verib əsgərinə, özü də komandirinin yanına gedib. Daha sonra Xəyal komandiri ilə birgə o istiqamətdən irəliləyib, namərd düşmənin atdığı minomyot mərmisi yanlarına düşüb. Qəlpələr Xəyalın arterial damarından dəyib, o, elə həmin yerdə ən ali məqama, şəhidlik zirvəsinə ucalıb.
Anası Xəyalın qəhrəmanlığından, qorxmazlığından qürurla danışır. Bildirir ki, ona hətta hərbçi dostları arasında “İkinci Mübariz” deyirmişlər. O, qoçaq idi, qorxmaz idi, mərd oğul idi.
Döyüş yoldaşları deyirlər ki, Xəyal təkbaşına ayaqüstə dayanaraq, onları müdafiə edib: “Komandiri mayor Sərxan Muxtarov başsağlığına gəlmişdi, deyirdi ki, Xəyal onların postundan başqa yerə taqım komandiri kimi gedəndə, özlərinə sual edirmişlər ki, Xəyalsız bu post necə olacaq? Xəyal bambaşqa bir oğul idi...”, - deyib köks ötürür Nəzakət ana.
Bir bacının tək qardaşı olan Xəyal Aslanov anasına, ailəsinə çox bağlı olub: “Xəyalsız çox çətindir, ona çox bağlı olmuşam, o da mənə. "Şəhidlər ölməz" deyiblər, ona görə də Xəyalın sağ olduğunu düşünürəm, yoxsa, ürəyim dayanar”, - Nəzakət ana belə deyir.
Xəyalın dayısı Birinci Qarabağ müharibəsində şəhid olduğuna görə, o, daim ermənilərə qarşı qisas hissi ilə yaşayıb.
Şəhidimizin bizə iki oğlu əmanət qalıb. Nəzakət ana deyir ki, uşaqlar əvvəl atalarının yoxluğunu qəbullanmırdılar, onun şəhid olduğunu dərk etmirdilər. İndi isə hər şey fərqlidir. “Müharibədən sonra böyük oğlu Umud deyirdi ki, ki, "ay nənə, hamının atası çiynində bayraq evlərinə gəlir, bəs mənim atam niyə gəlmir?" Elə sual verəndə ürəyim az qalırdı dayansın. Xəyalın döyüşçü yoldaşları indi müharibədən sonra Laçında olduqları üçün deyirdim ki, atanız Laçındadır, gələcək. Sonradan bildilər hər şeyi, indi Xəyalın məzarı üstünə gedəndə böyük oğlanla balaca Uğur qaçaraq gedirlər ki, mən hamıdan əvvəl öpəcəm atamı.
Umud deyir ki, atamız işdədir, balaca da deyir ki, atama güllə dəyib. Uşaqların bu danışığını eşitdikcə ürəyim parçalanır. Mən də atasız böyümüşəm, Xəyalın da balaları atasız qaldı. Biz Xəyalın övladları ilə təsəlli tapırıq.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Xəyal Aslanov ölümündən sonra
"Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları iıə təltif edilib.