Əjdər Dadaşov 1996-cı il noyabrın 12-də Salyan rayonunun Xələc kəndində anadan olub.
Hərbçi olmaq onun uşaqlıq arzusu idi. Atasına böyüyəndə "torpaqlarımızı yağı düşməndən geri alacağam" demişdi.Vədinə əməl etdi, böyüdü və hərbçi oldu. Xüsusi təyinatlımız müharibənin ilk günündən Soqovuşan istiqamətində gedən döyüşlərə qatılıb və ömrünün 24-cü baharında ağır döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olub.
Anası İlhamə Dadaşova deyib ki, Əjdər çox istiqanlı insan olub, heç kəsin xətrinə dəyməyib. . Ailəsi ilə tez- tez əlaqə saxlayarmış. Əjdərin tükənməyən vətən sevgisi qardaşının da həyatına təsir göstərib. Qardaşı Amil bildirib ki, onun hərbiçi olmağının səbəbkarı Əjdər olub: "Mənə dedi ki, gəl sən də mənim kimi hərbiçi ol, iki qardaş birlikdə vətənin keşiyində duraq".
Kiçik çavuş Əjdər Dadaşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə fəallıq göstərib.O, sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əjdər Dadaşov ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.