Ayşad Qaryağdı oğlu Əzizov 1990-cı il payızında Tərtər rayonunun Əskipara kəndində anadan olub. Orduda MAXE-kəşfiyyatçı idi. Müharibənin ilk günü Talış kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
Ayşadın döyüş yoldaşı, silahdaşı İnqilab Qayıbov birgə keçdikləri döyüş yolundan danışır:
- Sentyabrın 27-də əks hücum əməliyyatları başlayanda ilk hərəkətə keçən komandalardan biri biz idik. Talış istiqamətində düşmənin əsas strateji yüksəkliklərindən birinə komandir və 4 nəfər daxil olmuşduq. Komandiri snayper vurduğu üçün biz özümüz irəlilədik. Qrupda ixtisasım kəşfiyyatçı snayper idi. Rəhmətlik Cahangirin silahı ilə ermənini vurduq. Yanımda Əjdər Dadaşov, Cahangir Qurbanov, Ayşad Əzizov var idi. Mən qabaqda gedirdim. Bu zaman "RQD-5" əl qumbarası atdılar. Dönüb, uşaqların hansı məsafədə olduqlarına baxdım. Məndən 5 metr uzaqda idilər. “Qumabara atdılar” dedim. Onlar yerə yatdılar, mən isə nə qaçmağa, nə də uzanmağa vaxt tapa bildim. Əlimi gözümə tutdum, qumbaranın bütün qəlpələri zirehli gödəkcə tutmayan yerlərə, əlimə, ayağıma doldu. Bunlar mənim üçün heç nə idi. Qan axsa da, irəlilədim. Bizə güllə atan erməni hərbçisini məhv etdim. Yoldaşlarım yanıma gəldilət, yenidən irəliləyəmə hazırlaşırdıq. Avtomatın darağın dəyişdiyimiz zaman 82 mm.-lik minaatanla olduğumuz yeri vurdular. Mən heç nə xatırlamıram. Yoldaşlarımın dediyinə görə, tağımın aşağıda olan hissəsi toz çəkiləndən sonra yanımıza gəlib. Yanımdakı 3 döyüş yoldaşım şəhid olmuşdu. Mənim də öldüyümü zənn ediblər...
Ayşad Əzizov Naibə xanımla ailəli olub, özündən sonra Yusif və Hüseyn adlı iki övladını bizlərə əmanət qoyub. Naibə xanım həyat yoldaşının necə gözəl insan olduğundan danışır.
Ayşad Əzizov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə" və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.