44 günlük Vətən müharibəsi qəhrəmanı Vəliyev Qoşqar Nuruş oğlu 1989-cu il aprelin 12-də Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub. 2010-ci il aprelin 12-dən müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. Daşkəsən rayonunda üç il xidmət etdikdən sonra, 2013-cü ildə Füzuli rayonuna göndərilir.
Füzuli rayonunda tankçı olaraq xidmət edir. 2016-cı il aprel döyüşlərində fəal iştirak edir. O, İkinci Qarabağ müharibəsində döyüşlər başlayanda öz tankı ilə ön sırada olub. Sentyabrın 27-dən döyüş başlayanda Əbdürrəhmanlı istiqamətində cəbhənin yarılmasında böyük şücaətlər göstərib.
Qoşqar yaralı olmasına baxmayaraq, onun tankını vuran erməni postunun yerini təyin edir və son mərmisi ilə hədəfi məhv edir. Düşmən Qoşqarın tankını partladır. O, partlamadan kəllə bəyin travması alır. 20 gün sonra, müalicəsi başa çatmamış öz istəyi ilə yenidən döyüşmək üçün cəbhəyə geri qayıdır. Noyabrın 1-də döyüş meydanına girir. O, bu dəfə Xocavənd rayonunun azad edilməsində iştirak edir. Noyabrın 2-də səhər saatlarında ağır döyüşlərin getdiyi zamanda yenə tankı vurulur və o, bu dəfə də zirehli texnikadan sağ xilas olmağı bacarır.
Qoşqar Hadrut rayonuna göndərilir. Noyabrın 22-də Şuşa şəhərinin yaxınlığında düşmən texnikasını götürməyə getdiyi zaman havanın qatı dumanlı olması səbəbilə tankı dağa çırpılıb. Qoşqar aşan tankın altında qalaraq həlak olub.Döyüşlər bitəndə şəhid olmadığına görə, şəhidliyin ona nəsib olmadığına görə təəssüflənirdi. Allah sanki dualarını eşitdi. Döyüşlərə qorxmadan girən cəsur əsgərimiz şəhadətə qovuşdu.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda, "İgidliyə görə", "Şuşanın azad edilməsinə görə", "Xocavəndin azad edilməsinə görə, "Füzulinin azad edilməsinə görə" medalları ilə təltif edilib.