Sumqayıt şəhərinin Corat qəsəbə sakini Müşfiq Bəktiyev sentyabrın 27-dən hərbçi yoldaşları ilə birgə döyüşə atılıb. Xidməti dövründə atıcı əsgər kimi Füzuli, Cəbrayıl, Hadrut və Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Atası Abbas Bəktiyev deyir ki, elə sonuncu döyüşü də Xocavənddə olub. Müşfiq Bəktiyev oktyabrın 27-də qəhrəmancasına şəhid olub və Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib: "Müşfiq çox cəsarətli, ürəkli, qorxmaz bir oğul idi. Hara gəldi, gedib girirdi. Qorxmurdu, heç nədən qorxmurdu, çəkinmirdi. Döyüşlərdə də məğrurluqla iştirak edirdi. Çox cəsarətli olub, qorxmaz olub, igid olub. Torpağı uğrunda öz canını verməyə hazır olub. Şəhid atası olmaq çox çətindir, amma mən çox fəxr edirəm ki, oğlum vətən uğrunda şəhid olub. Sağ olsun bizim Ali Baş Komandan, yaşasın Azərbaycan xalqı, var olsun bizim ordumuz. Bizim oğlumuzun qanını yerdə qoymadılar. Ümumiyyətlə, şəhidlərin heç birinin qanı yerdə qalmadı. Var olsun Vətənimiz”.
Vətənini canından çox sevən Müşfiq Bəktiyev yaşının az olmasına baxmayaraq, düşmənin əsl kabusuna çevrilib. Anası Samirə Bəktiyeva deyir ki, oğlu hələ uşaqlıqdan vətənpərvər ruhda böyüyüb. Şəhid olacağını hiss edibmiş: "Mən o döyüşlərdə iştirak edəcəm. Eşidirəm yoldaşlarına da demişdi ki, bu döyüşlərdə mən şəhid olacam. Getdi uşaq hərbiyə. 10 ay idi Qusarda hərbi xidmətdəydi. Sentyabrın 27-də Qarabağ uğrunda müharibə başlayanda Qusardan hərbi xidmətdən müharibəyə yollandı. Bizimlə əlaqə saxlayırdı tez-tez, iki gündən bir. Danışırdıq, soruşurdum həmişə, Müşfiq, necəsən, nə var? Heç vaxt bizi narahat eləmirdi. Həmişə deyirdi ki, arxa cəbhədəyik, məndən nigaran qalma, siz özünüzə yaxşı baxın”.
Müşfiq bibisi Mehparə ilə danışanda ona "Vətən bizə əmanət! Torpaqlarımızı azad edib evə üzüağ, qəhrəman kimi qayıdacağam” deyib. Qohumları arasında da xüsusi hörməti ilə seçilirdi Müşfiq: "Müşfiqin bütün qohum-qardaş arasında xüsusi bir yeri var idi. Çox zəhmətkeş, hörmətli uşaq idi. Az yaşı olmasına baxmayaraq, hamının hörmətini qazanmışdı. Torpağa bağlı uşaq idi, vətənini çox sevirdi”.
Şəhid əsgər Müşfiq Bəktiyev ölümündən sonra "Vətən uğrunda” və "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.