Fəqan Amil oğlu Zalov 1997-ci ilin aprel ayının 1-də Sabirabad rayonunun Qalaqayın kəndində qaçqın düşərgəsində anadan olub. Əslən Füzuli rayonunun Aşağı Güzlək kəndindəndir. 2003-2007-ci illərdə Füzuli rayon Babı kəndindəki Marks Hacıyev adına tam orta məktəbdə təhsil alıb. 2010-2014-cü illərdə Sumqayıt şəhərində yerləşən Qubadlı rayon Alı Mustafayev adına Zilanlı kənd tam orta məktəbində təhsilini davam etdirib. 2015-ci ildə hərbi xidmətə çağırılıb. Artilleriya Qoşunlarında müddətli həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət edib.
Aprel döyüşləri
2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq, Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlayıb. Azərbaycan Artilleriya Qoşunlarının əsgəri Fəqan Zalov tarixə "Aprel döyüşləri" kimi düşən hərbi əməliyyatlarda iştirak edib. Həmin döyüşlərdə yaralanan əsgər Zalov müalicəsi bitdikdən sonra xidmətini davam etdirib. 2017-ci ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətini başa vurduqdan 9 ay sonra 2017-ci ilin oktyabrından dekabrınadək müddətdən artıq həqiqi hərbi xidmət qulluğu kursu keçərək, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (matrosu) olub.
Dəniz canavarı
2017-ci ilin dekabr ayından 2019-cu ilin mart ayına qədər HDQ-nin Gözətçi Gəmilər Diviziyasının gəmisində xidmət edib. Gəmidə xidmət etdiyi dövrdə Xəzəryanı dövlətlərinin birgə təşəbbüsü ilə keçirilən "Beynəlxalq dəniz kuboku" yarışlarına qatılıb. Onun xidmət etdiyi gəmi dəniz kuboku yarışlarında dəfələrlə qalib gəlib. Yarışlarda Fəqan Zalov bir çox fəxri fərmanlarla təltif olunub.
2018-ci ilin mart ayından 2018-ci ilin dekabr ayınadək “N” saylı hərbi hissənin nəzdindəki Xüsusi Təyinatlı Kəşfiyyat kursunu birincilik dərəcəsi ilə bitirdiyinə görə “kiçik miçman” rütbəsi alıb. 2019-cu ilin mart ayından “N” saylı hərbi hissədə Sualtı Hücum (SAH) Xüsusi Təyinatlı Qüvvələrində xidmət edib. Xidmət dövründə kəşfiyyatçı kimi “Dağçılıq”, “Paraşüt”, “Antiterror”, “Amfibiya” kurslarını bitirib. Müdafiə Naziri Zakir Həsənovun "081t" nömrəli 20 iyun 2019-cu il tarixli Sərəncamına əsasən Fəqan Zalov "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.
Vətən müharibəsi
2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində genişmiqyaslı silahlı təxribata başlayan Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində ölənlər və yaralananlar olub. Azərbaycan Prezidenti İlham Əliyev bu barədə məlumatlandırıldıqdan sonra Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə hücum əməliyyatlarının başlaması qərarı verilib.
Azərbaycan Ordusunun Sualtı Hücum (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin kiçik miçmanı Fəqan Zalov İkinci Qarabağ müharibəsi zamanı əvvəlcə Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. Cəbrayıl rayonundan başlayan əks-hücum əməliyyatlarında qarşı tərəfin illər boyu qurduğu və möhkəmləndirdiyi mühəndis-istehkam və müdafiə zolaqlarının yarılmasında bir çox istiqamətdəki strateji yüksəkliklərin ələ keçirilməsində fərqlənib. Xüsusi Təyinatlı Qüvvələr tərəfindən dörd gün ərzində Cəbrayıl şəhəri istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən, Cəbrayıl şəhəri və rayonun 14 yaşayış məntəqəsi — Aşağı Maralyan, Çaxırlı, Mehdili, Quycaq, Şəybəy, Cəfərabad, Çərən, Daşəsən, Dəjəl, Horovlu, Karxulu, Mahmudlu, Şürbəyli və Yuxarı Maralyan işğaldan azad edilib.
Fəqan Zalov 11 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun Soltanlı kəndi istiqamətində ayağından qəlpə yarası alaraq yaralanır. Əvvəlcə, Füzuli rayonunda, sonra Beyləqan rayonunda, sonuncu dəfə isə Hacıqabul rayonunda yerləşən xəstəxanaya yerləşdirilir. Verilən məzuniyyətdən imtina edərək döyüş meydanına qayıdır. İlk olaraq Xocavənd istiqamətində gedən döyüşlərdə adsız yüksəkliklərin ələ keçirilməsində fərqlənir.
Oktyabrın 19-da SAH Xüsusi Təyinatlı Qüvvələrinin də iştirak etdiyi hərbi əməliyyatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri işğaldan azad edilir.
Fəqan Zalov bundan sonra Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə də vuruşaraq fərqlənib. Onun son döyüşü Xocavənd istiqamətində olub.
Şəhadət
Fəqan Zalov 9 noyabr 2020-ci ildə üçtərəfli bəyanatın imzalanmasına 6 saat qalmış Xocavənd rayonunun (601 və 436 metr) yüksəkliklərinin cənub istiqamətində “Qızılqaya” adlı ərazidə yarımqrup tərkibində hücum əməliyyatını yerinə yetirən zaman qarşı tərəfin atdığı mərmilərin partlayışı nəticəsində qəlpə yarası alıb. Boyun hissəsindən girərək, ağ ciyərini və ürəyini parçalayan qəlpənin yarası ölümcül olduğu üçün onu xilas etmək mümkün olmur. Beləliklə o, şəhidlik zirəsinə ucalır.
Fəqan Zalov Füzuli rayonunun Babı kəndində yerləşən qəbiristanlıqda Ana torpağa tapşırılır.
- Biz Füzuli rayonunun Aşağı Güzlək kəndindən məcburi köçkün düşmüşdük. Övladlarım Nicat və Fəqan Qarabağ eşqi ilə böyüyüblər. Onların vətənpərvərlik ruhu yüksək olduğu üçün ikisi də hərbçi olmağa can atırdı. Oğlanlarım həm Aprel, həm də II Qarabağ döyüşlərində ön sıralarda olublar. Bunu Azvision.az-a hər iki oğlu Vətən Müharibəsində iştirak edən Füzuli sakini Amil Zalov deyib . Onun 30 yaşlı böyük oğlu, Fəqanın qardaşı Nicat Zalov 13 ildir Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edir, gizirdir. Nicat aprel döyüşlərində də iştirak edib yaralanmışdı. II Qarabağ müharibəsində ön sıralarda olub. Füzuli rayonunun Merdinli kəndində döyüşlər zamanı snayperlə vurulmuşdu. Ayağı iki yerdən sınıb. Hazırda Mərdəkanda Reabilitasiya Mərkəzində müalicə alır.
- Balaca oğlum Cəbrayılda, Xüdafərin istiqamətində gedən döyüşlərdə dizindən qəlpə yarası almışdı,- deyir şəhidin atası.- 2 gün Füzulidə, 3 gün Beyləqan xəstəxanasında, daha sonra 5 gün Hacıqabul xəstəxanasında yatdı. Həkimlərə qəlpəni dizindən çıxarmağa imkan vermədi. Qalmaq istəmirdi, deyirdi ki, döyüşə getmək istəyir. Yaralı vəziyyətdə hərbi hospitala göndərdilər. Həkimlər onun qayıtmasına icazə vermirdi. Məzuniyyət verilsə də 2 gün evdə qalandan sonra yenidən döyüşlərə qayıtdı. Noyabrın 9-u saat 6 radələrində Xocavənd istiqamətində şəhid olub. Atılan mərmi boynuna, ürəyinə dəymişdi. Ürəyinin üstündə bayraq gəzdirirdi. Mənə deyirdi ki, “ata arzum odur ki, hansısa yüksəkliyə çıxsam, bayrağı ora sancım"
A.Zalovun sözlərinə görə, oğlu döyüş yoldaşlarından qabaq yüksəkliyə qalxanda, düşmən gülləsinə tuş gəlib. Şəhid atası övladlarının hərbi sahəyə böyük maraq göstərdiklərini söyləyib: “Nicat Ağdamda xidmət edirdi, bir gün zəng etdi ki, bəs XTQ-dən gəlib seçirlər, ora gedəcəyəm. Mən bir az təkid etdim ki, zəif uşaqsan. Dedi ki yox, “bu yolu seçmişəm və getməliyəm, hərbçi olmaq istəyirəm”.
Kiçik oğlum Fəqan da əsgərlikdən qayıdandan sonra bildirdi ki, “hərbçi olmalıyam. Qardaşım da hərbçidir. Onun ardınca gedəcəyəm”. Hərbçi olmaq onların uşaqlıq arzusu idi. Kiçik oğlum Sabirabad rayonunda dünyaya gəlib. O, həmişə deyirdi ki, "ata mən Qarabağı heç vaxt görməmişəm. Amma oranı tezliklə azad etmək ən böyük arzumdur". Müharibə başlayanda bəzən onlarla söhbət etməyə imkan olurdu. İkisi də deyirdi ki, “ata 27 ildir alnımızda olan bu damğanı, ləkəni təmizləyəcəyik. Torpaqlarımızı düşmən işğaldan azad edəcəyik”. Müharibə başlayanda Fəqan və Nicat dedi ki, “ata bizdən narahat olma. Biz Vətəni azad etməyə gedirik. Şəhid olsaq, yaralansaq da narahat olma”. Fəqan şəhid oldu, Nicat da ağır yaralandı. Hələki yeriyə bilmir. Həkimlər deyirlər ki, düzələcək”.
Fəqan Zalov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən "Vətən Müharibəsi Qəhrəmanı" adı, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Horadiz şəhərindəki 3 №li tam orta məktəbə Fəqan Zalovun adı verilib.