Yusubov Orxan Allahverdi oğlu 19 yanvar 1992-ci ildə Gəncə şəhərində doğulub. 1999-2010-cu illərdə Gəncə şəhər 26 nömrəli Fizika-Riyaziyyat-İnformatika təmayüllü məktəb-liseydə təhsil alıb. 2010-cu ildə Bakı Dövlət Sosial-İqtisad Kollecinə daxil olub.
2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılıb, 2012-ci ildə həqiqi hərbi xidmətini fərqlənmə ilə başa vurub. Gəncə şəhərində yerləşən “Bolmart” marketdə administrator vəzifəsində çalışıb. 2020-ci ilin sentyabr ayında Azərbaycan Ordusunda keçirilən hərbi təlimlərə çağrılıb.
2020-ci il, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. O, Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşub.
Sentyabrın 27-də Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Nəşi uzun müddət tapılmadığına görə Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunub.
Orxan Yusubovun nəşi 3 iyun 2021-ci ildə tapılaraq, ailəsinə təhvil verilib. 4 iyun 2021-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Yusubov Orxan Allahverdi oğlu Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" (ölümündən sonra) medalı ilə təltif edilib.