2022/05/dilsi-1652774507.jpg

line
Adı: Qarayev
Soyadı: Dilsuz
Ata adı: Məmmədağa
Doğum tarixi: 23.12.1990
Şəhid olub: 03.04.2016
Rütbəsi: Gizir
Təltifləri
«Hərbi xidmətdə fərqlənməyə görə» medalı (III dərəcə)
Dilsuz Qarayev 23 dekabr 1990-cı ildə Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb.Gədəbəydə yerləşən "N" saylı hərbi hissədə xidmət edib. 6 ay xidmət keçdikdən sonra gizir məktəbinə göndərilməsi üçün komandanlığa müraciət edib. Gizir məktəbini bitirdikdən sonra Xüsusi Təyinatlı Qüvvələrin giziri olub. Paytaxtda xidmət edən Dilsuz Qarayev ön xəttdə xidmət etmək üçün komandanlığa müraciət edib və o, ön xəttdə yerləşən "N" saylı hərbi hissələrdən birinə göndərilib. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlayıb. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Dilsuz Qarayev Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərdə kəşfiyyatçı olaraq vuruşub. Dilsuz Qarayev 3 aprel 2016-cı ildə Talış kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Aprelin 4-ü isə Dilsuz Qarayev doğulduğu Ağcabədi rayonunun Hindarx qəsəbəsində son mənzilə yola salınıb. Dilsuz Qarayev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

memorial.az Ordu.az saytının hazırladığı reportajı təqdim edir:


“Ölümündən sonra onu tabuta qoymaq istədik, tabutuna sığmadı. Ayrı bir tabut gətirilib, həmin tabuta calaq edildi. Onda Dilsuzun dediyi söz yadıma düşdü. Dilsuz, mənə dedi ki, mən düşmənimizdən xalqımızın qisasını yetərincə almasam, nə o dünyaya, nə də bu dünyaya sığmaram. Bu onun dediklərinin bəlkə də bir işarəsiydi deyə bilmərəm, amma qismən də olsa arzusuna çatmasına görə bir az rahatladım”.

Yolumuz Aprel zəfərinin daha bir igidi olan, şəhid Dilsuz Qarayev in ailəsinədir.



Hindarx qəsəbəsində şəhidimizin ailəsinin yaşadığı ünvanı axtarırıq. Evi tapmaq bizə elə də çətin olmur. Qəsəbənin içərisindən rayon mərkəzinə gedən youn üstündə, evlərdən birinin divarına vurulan şəhid Dilsuz Qararayevin rəsmi asılıb. Həmin küçəyə doğru yönəlib, bir az getdikdən sonra qarşımıza çıxan azyaşlı uşaqdan evi soruşuruq. Uşaq gözlərini qıyıb, üzümüzə baxır. Dilsuz əminin əsgər yoldaşlarısınız deyə sual verir, cavab almadan da maşına əyləşib sürün gedək deyir. Bir neçə yüz metrlik bir məsafədə azyaşlı ancaq şəhidimizdən və onun ailəsindən danışdı. Ən marqlısı da odur ki, uşaq heç kimdən əlavə nəsə soruşmur, ancaq özü şəhid Dilsuzun dəfnindən və onun dəfninə gələn hərbiçilərdən danışırdı. Bir evin qarşısında durmağımızı deyib, küçə qapısını döyür. Cavab gözləmədən qapını açıb Xanoğlan əmi sizi soruşurlar, deyib geri yanımıza qayıdır. Əmi şəhidlik gözəl zirvədir ey. İnşallah məndə böyüyüb Dilsuz əminin qisasın alacam deyərək yanımızdan uzaqlaşır.

Ailə ilə ilk tanışlığımızdan sonra, otaqlardan birində şəhidin şəxsi əşyaları saxlanılan güşə ilə bizi tanış edirlər. Şəhidin anası, Cəvahir xanım əşyaların yanında qoyulan rəsmləri bir-bir qaldırıb oğlunun üzündən öpərək yerinə qoyur. Sualımızı gözləmədən sözə başlayır:


Cəvahir Hacıyeva (anası): Dilsuzun körpəlikdən idmana çox böyük həvəsi vardı. Eləbil Allah onu yaradanda hərbi üçün yaratmışdı. O, bəlkə də inanmayacaqsınız, amma o həmişə əsgər mahnılarını zümzümə edirdi. Həmişə ana mən əsgər gedəndə birdən ağlayarsan haa deyərdi. Düzü bu sözləri o qədər demişdi ki, artıq bir gün yenə elə deyəndə ona tərs-tərs baxdım. Yəni təkrar o söz deməsin deyə...





Oturmuşdum, gəlib dizlərimi qucaqlayıb dedi ki, “Ana niyə elə baxdın? O gün yadındadı əsgər gedən oğlanın anası necə ağlayırdı. Mən istəmirəm ki, mənim anam mən əsgər gedəndə ağlasın”. Dilsuz bu sözləri deyəndə təxminən 8-9 yaşları var idi. Onun uşaq olmasına baxmayaq, doğrusu bu cür düşünməsi məni qürurlandırsa da, amma belə düşünməsini istəmirdim. Onun özünü əsgər kimi təsəvvür etməsindən narahat deyildim. Əsas narahatlığım onun çox illər öncəni düşünməsi, uşaq beyninin yüklənməsinin sonra ondan hansısa bir narahatlıq yaratmasından ehtiyat edirdim.


- Kiçik yaşlarından hərbiyə maraq göstərdiyini dediniz. Onda bu marağı yaradan nə idi?

- Bizim bir qohumumuz, 1994-cü ildə Ağdərənin Talış istiqamətində şəhid olub. Dilsuzun təhsil aldığı orta məktəb hazırda həmin şəhidin - Qaraş Əliyevin adını daşıyır. Hər il Qaraşın doğum və şəhid olduğu tarixlərdə anım günləri keçirilir. Dilsuz bu günlərə xüsusi hazırlaşardı. İnanın həmin günlər üçün tam fərqli vətənpərvərlik şeirləri hazırlayardı. Hələ ona kimsə kömək etməzdi. Daha doğrusu kimdənsə kömək istəməzdi. Şeiri özü seçər, ona necə hazırlaşardısa, elə bil illərin peşəkar sənətkarları kimi, odlu-alovlu deyərdi. O hələ 3-cü sinifdə oxuyanda Qaraşın anım günü keçirilirdi. Dəqiq yadımda qalmayıb, bir şeir dedi. Orda şəhidlərin ölmədiyi deyilirdi. Dilsuz şeiri deyib qurtarandan sonra, əlini açıb, mən Qaraş Əliyev kimi düşməni məhv edərək şəhidlik zirvəsinə ucalacam deyib, irəli yeridi. Tədbir üçün qoyulan, şəkili və bayrağı öpüb yerinə döndü. Sonra müəllimi dedi ki, onun bu hərəkəti ssenaridə yox idi. Onu Dilsuz özü eləmişdi. Elə tədbirdən sonra da onun bu hərəkəti bir müddət danışıldı.


Bu sözləri deyəndə yenədə kövrəlir. Özünü ələ ala bilmədi. Hıçqırıqsız sakit dayanan ananın yanağından 2 yaş süzülərək çənəsində düyünləndi. Ayağa qalxıb, oğlunun divardan asılan əsgər paltarlarını oxşadı. Paltarı qucaqlayıb üzünə doğru yaxınlaşdırıb, dərin bir nəfəslə qoxuladı. Bir neçə dəqiqə belə dayanan ananın öz duyğularıyla baş-başa qalması üçün ona mane olmamağa çalışırdım. Ani bir diqqətsiz hərəkətim ananı oğlundan ayırar, düşüncəsiylə yerimdən tərpənmədim. Cəvahir ana özünü toxdadıb, yenidən əvvəlki yerində əyləşdi.

- Onda olan hərbiyə maraq, tək Qaraş Əliyevə görə idi? Yoxsa ümumiyyətlə bu barədə əlavə söhbətlər edilirdi?

- Bağışlayın özümü saxlaya bilmədim. Tək Qaraş deyil, qardaşlarım da döyüşlərdə olublar. Döyüş yoldaşları bir yerə yığlıb keçirdikləri əməliyyatlardan danışanda o, çox maraqla qulaq asardı. Heç vaxt yadımdan çıxmaz. Dilsuzun hələ 3-cü sinifdə dediyi bu sözləri hər dəfə xatırlayanda eləbil məni nəsə gözəgörünməz bir qüvvə silkələyir. Bilirsiniz, o, həmişə Qaraşdan, şəhid olan əsgərlərimizdən danışanda o qədər müəmmalı suallar verirdi ki, ətrafındakılar onun sualları qarşısında nə deyəcəklərini bilmirdilər.


O, bir gün dedi ki, Qaraş əmimin qanını özüm alacam. (Yenə kövrəlir...) Qismətə baxın ki, aprel döyüşləri zamanı Qaraş Əliyevin şəhid olduğu istiqamətdə elə Dilsuzum da şəhid oldu. Məni ən çox üzən də odur ki, hələ kiçik yaşlarında Dilsuz şəhid olacağı yerləri xəyalında canlandırmışdı. O, bu düşüncələrini, xəyalarını daim dilə gətirsə də, biz onu bir uşaq kimi, ciddiyə almamışıq. Amma son illərdə, hərbiyə getdikdən sonra deyərdi ki, “Ana, Qarabağımızın, Göyçəmizin alınacağı gün elə də uzaqda deyil. Bax gör nə qədər xoşbəxt adamam ki, bu qisasın alınmasında mənim də iştirakım olacaq”.

Sözlərini deyən ana qeyri-ixtiyari başını yana əyib, oğlunun masa üstündəki əlində PK pulemyotu olan şəklinə baxır. Sakit bir tərzdə dodaqlarından pıçıltıyla süzülən kəlmələri güclə eşidirəm. - Balam, arzusuna çatdı, silahdaşlarıyla şəhidlərimizin qisasını aldı. Amma o daha çoxunu istəyirdi.

Söhbətinə bir az ara verib, yenidən sözə başladı.

- Elə bil onun taleyi əvvəldən yaxşı gətirmədi. Hələ körpə olanda ata məhəbbəti görmədi. Biz ayrılanda Dilsuz hələ bələkdə idi. Övladımın 2-si atasında qaldı. Mənim atam və qardaşlarım Dilsuza elə baxmışdılar ki, o dayılarını özünə qardaş bilirdi.

Bir gün Dilsuz 5-də oxuyanda maşınla evə gedərkən sürücü onun hansı küçədə yaşamasını, kimin oğlu olduğunu soruşur. O da atamın adını çəkib mən Səhrab kişinin oğluyam deyir. O maşından düşəndə sürücü qolundan tutaraq mən sənin atanam, sən də mənim oğlumsan, Səhrab isə sənin babandır deyir. O günü evə gələndə o qədər bikef idi ki, 3 gün dilxor gəzdi. Bir neçə gündən sonra gəlib mənə dedi ki, ana acığına gəlməsin. Amma mən qardaşlarımın yanına getmişdim. Onun bu hərəkəti məni çox qürurlandırdı. Ondan bu sözləri eşidəndə onu qucaqlayıb bağrıma basdım.



Bəzən çox sirrlərini anası və həyat yoldaşıyla paylaşan Dilsuz bir çox məqamlarda olduqca qapalı olub. Cəmi 3 il ailəli olan Dilsuz, xidməti barədə evdəkilər və yaxınları ilə heç vaxt müzakirələr aparmayıb.

Röya Qarayeva (həyat yoldaşı): Evə gəldiyi vaxtlarda onun yorğun olduğunu düşünüb istirahət etməsi üçün, anayla (qaynanasını nəzərdə tutur-red) həyət-bacada olurduq. Biz onun istirahət etməsi üçün şərait yaradırdıq, amma birdə görürdük ki, o, məhlədə səliqə-sahmanla mışğul olur. Elə ana (qaynanası) da, mən də ona vaxtının az olduğunu xatırladır istirahət etməsini, dincəlməsini deyirdik. Amma o bizi dinləmir, bəzən zarafatla nəsə bir söz deyər, bəzən də ona olan iradlarımızı eşitmirmiş kimi, tam soyuqqanlılıqla öz işiylə məşğul olardı. Tək qaldığı anlarda isə onu rahatsız etməyi heç xoşlamırdı.



Hərdən xidməti barədə nəsə bir söz soruşurdum. Gözlərini süzdürüb üzümə baxar, sən anama yaxşı bax, mənim xidmətimlə nə işin var deyib gülərdi. Düzü əvvəllər onun bu sözü qəlbimə dəyər, inciyərdim. Bir gün mənə dedi ki, hər kəs xidmətdədir. Sən də, anam da bizim xidmətimizdə olmasanız, biz irəlidə düşmənin narahat olmasına səbəb ola bilmərik. Sizin xidmətiniz bizim xidmətimiz qədər məsuliyyətlidir. Onun bu sözündən sonra bir daha xidmət haqqında ondan heç nə soruşmadım. Aprel hadisələrindən öncə evə gəlmişdi, ermənilərin postlarımıza ciddi atəş açdıqları barədə televiziyada xəbər verildiyini dedim. Üzümə baxıb gülümsündü. Dedi ki, bəs o televiziyda deyilmədi ki, atəş açan düşmənin başına biz nə oyun gətirdik. Onlar bir edər, beş də cavabını alarlar. Sən heç narahat olma. Qaldı ki, biz ancaq təlim keçirik, deyə həmişə bizi arxayın salar, narahat olmamağımıza çalışardı.


Sözlərinə ara verib bir müddət sakit dayandı. Dərindən köks ötütüb yenidən sözə başladı.

- Ölümündən bir neçə ay sonra, qapı döyüldü. Qapını açanda onu gördüm, təsəvvür edin ki, necə sevindim. Əllərindən tutub, içəri gəl dedim. yerindən təpənmədi. Ona tərəf çönəndə mənə dedi ki, “Anama de ki, çox ağlamasın. Mən arzuma çatdım. Burada da tək deyiləm. Bizim qanımız alınacaq. Bizim silahdaşlarımız tezliklə doğma Vətəni işğaldan azad edəcəklər. O gün uzaqda deyil. Anama bunu mütləq de” deyib yox oldu. Ona qayıtmaması üçün qışqırdım, çağırdım. Səsimə evdəkilər məni yuxudan ayıltdılar.

Nadir Hacıyev (dayısı): Dilsuz bizim üçün bacıoğlu yox, elə bil kiçik qardaşımız idi. Biz onu həmişə bu cür qəbul eləmişik. Uşaqlığından onun addımları, davranışları, eləbil əsl ağsaqqal kimi idi. Nə bilim daha nələri deyim. Mən çox danışa bilməyəcəm. Amma sizə qısaca onu deyə bilərəm ki, həmişə hamıya hörmətlə yanaşan Dilsuzun bir dəfə özündən yaşca böyük birinə əsəbləşdiyini eşitdim. Mənə bunu giley edən şəxsə inanmadım. Çünki Dilsuzdan elə bir şey gözləmirdim. Necə ola bilər ki, həmişə özündən böyüklərə hörmətlə yanaşan biri, bu dəfə belə etsin. Axşam evə gələndə onu çağrıb söhbət eləmək istədim. Yoldaşı dedi ki, artıq hərbi hissəyə gedib. Bir müddət keçəndən sonra evə gəlmişdi, ondan məsələnin nə olduğun soruşdum. Mənə dedi ki, "O bilirsən heç mənə nə deyib... Mənə deyir ki, anan sənə çox əziyyət çəkib. Çalış ön xəttdən geri çəkil. Arxada xidmət elə”. Onda dedim ki, qardaş sənə görə deyir də, səni istəyib deyir. O zaman Dilsuzdan aldığım cavabdan qürur duydum. Mənə dedi ki, dayı məni istəyən adam məni xidmətdən geri çəkilməyə dəvət etməz. İncimə dayımsan amma sənə də eyni cavabı verərdim. Sonra bir xeyli dərdləşdik.


Onunla söhbətim uzandıqca, dediyi sözlər, danışdığı fikirlərə diqqət kəsilirdim. Elə bil gənc, o qədər də dünya təcrübəsi olmayan biriylə deyil, ağsaqqal birisiylə danışırdım. Düzü ondan bu cür sözlər eşitdikcə qürur duyurdum.

Ölümündən sonra onu tabuta qoymaq istədik, tabutuna sığmadı. Ayrı bir tabut gətirilib, həmin tabuta calaq edildi. Onda Dilsuzun dediyi söz yadıma düşdü. Dilsuz, mənə dedi ki, mən düşmənimizdən xalqımızın qisasını yetərincə almasam, nə o dünyaya, nə də bu dünyaya sığmaram. Bu onun dediklərinin bəlkə də bir işarəsiydi deyə bilmərəm, amma qismən də olsa arzusuna çatmasına görə bir az rahatladım.










memorial.az