2022/05/showp-1652938301.jpg

line
Adı: Səmədov
Soyadı: Elşən
Ata adı: Səlim
Doğum tarixi: 20.07.1997
Şəhid olub: 02.04.2016
Rütbəsi: əsgər
Təltifləri
«Hərbi xidmətdə fərqlənməyə görə» medalı (III dərəcə)
Elşən Səmədov 1997-ci il 20 iyulda Şamaxı rayonunun Göylər kəndində anadan olub. Əsgər Elşən Səmədov, 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Aprelin 9-da isə Elşən Səmədov, doğulduğu Şamaxı rayonunun Göylər kəndində son mənzilə yola salınıb. Elşən Səmədov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Memorial.az Şəhidin həyat yolunu təqdim edir:


Şamaxının ən böyük kəndi sayılan Göylərin bu gün 7424 nəfər əhalisi var.

Azərbaycanın azadlığı və Qarabağ uğrunda vətən döyüşlərində Şamaxı 93 şəhid verib. Onun 8 Göylər kəndindən olan şəhidlərdir. 8-cisi isə Göylər kəndində 1997-ci ilin iyun ayının 20-si dünyaya gəlmiş Elşən Səlim oğlu Səmədovdur. O da 2015-ci ildə hərbi xidmətə çağırılan əksər yaşıdları kimi Vətən borcunu ödəmək, hərbin sirrlərinə azca da olsa yiyələnmək üçün əsgər getdi. Böyük qardaşı Rəfaelin hərbi xidmətdən qayıtmasına 3 ay qalmışdı...

Göylərin dolanbac yolları ilə gəlib Səlim Səmədovun qaldığı məhəlləni tapdım. Darvazanın üstündə bu günə kimi də Azərbaycan bayrağı dalğalanır. Dəmir darvazanı açıb içəri keçdim. Gəlişimin səbəbini söylədim. Söhbətləşdik, məlum oldu ki, Səlim Sadıqovun oğlanları, əsgərliyə bütün yaşıdları kimi ata evindən deyil, ailələrinin kirayə götürdükləri çadırdan yola düşmüşdülər. Ailənin başçısı Səlim çobandır. Özünün mal-qara sürüsü olmasa da, mal-qara saxladan sahibkarlara ailəliklə çobanlıq edirlər. Çöl-biyaban, çobanlıq, tərəkəməlik həyatı onlara ev tikməyə, yurd salmağa imkan verməyib. Çünki əllərində artıq pulları, gəlirləri olmayıb ki, bir yurd, od-ocaq sahibi olsunlar. Göylərdəki ata mülklərinə isə Səlimin bir neçə bacı-qardaşı göz dikib. Səlim isə 22 il ərzində ona yoldaşlıq edən həyat yoldaşı Süsən ilə gələcəkdə özlərinə ev-eşik qurmaq arzusu ilə çabalayıblar. Hər iki oğlunu da Göylərdən deyil, Saatlıdakı çobanlıq etdikləri çadırdan yola salıblar.

Aprel ayının əvvəllərində Azərbaycan Ordusunun torpaqlarımızı azad etmək uğrunda müqəddəs savaşı başlayanda, onların dünyadan xəbərləri yox idi. Başları sahibkarın qoyun-quzusunu rahatlamağa, otarmağa qarışmışdı.Qardaşından qəfil aldığı zəngdən sonra Səlim cəbhə zonasında vəziyyətin gərgin olmasından xəbər tutur...

Şəhid Elşən Səmədovun anası Süsəndən oğlu barədə danışmağı rica edirəm. Çaşıb qalıb. Həyətdə oturan mavi gözlü, təxminən 70 yaşlarında olan beli sarıqlı, düz qamətli qadın - Fizzət nənə Süsəni dilə gətirmək üçün özü danışır:




- Danış da, a bədbəxt... Denən, necə çətin günlər görmüsən, o uşaqları hansı çətinliklərlə böyütmüsən... Vəziyyətindən, əziyyətindən danış. Bunların 4 oğlu,1 qızı var. Kasıbın nəyi olmasa da, uşağı olur, şükür Allaha. Kiçik oğlu Amidi göndərib Bakıdakı əmisinin yanına ki, bəlkə məktəb oxuya. Hələ məktəbə gedir. Elşən də bir pir-peyğəmbər kimi uşaq idi. Hansı buyruğa göndərsəydin, gedərdi... Neynək, Vətənimiz sağ olsun...




Fizzət nənə bunları deyib, arada ailənin başçısı Səlimə acıqlanır:

- Ay kişi, sən də gözünə güc vermə, az ağla, onsuz da sizdə ürək qalmadı. Özün xəstə adamsan. İnfarkt keçirmisən. Deyirsən, indi də sənin dərdini çəkək?! Bax belə, ay qızım, o uşaq şəhid olandan hamımızın növrağı dönüb. Mən bunların həm qonşusuyam, həm də dayıdostuları. Vallah, evdə otura bilmirəm. Keçib gəlirəm ki, sızıldamağa-ağlamağa qoymayım. Heç dayana bilmirlər...

Yenə də şəhid Elşənin anası Süsənə müraciət edib, danışdırmaq istəyirəm. Axır ki, dillənir:

- İyulun 16-sı onu əsgər yola saldıq. 3 aydan sonra böyük oğlum Rəfail əsgərliyini çəkib qayıtdı, gedib qardaşına baş çəkdi. Elşən fevralın 21-i məzuniyyətə gəlmişdi. Martın 1-nə qədər bizimlə qaldı. Bizimlə qaldı deyəndə ki, günümüz qara oldu. Xəstələnib gəlmişdi. Əlimizdə-ovcumuzda olanı da tökdük Saatlının, Sabirabadın xəstəxanalarının yoluna. Elşən məzuniyyətə gələn gündən burnunun qanı dayanmadı. Bir də ki, nə yeyirdisə, qaytarırdı. Ancaq neyləsək də, həkimlər bir dərdini demədi. Martın 1-i atası aparıb hərbi hissəyə təhvil verdi. Hər axşam bizimlə danışırdı. Ancaq martın axırı zəng edib dedi ki, Mingəçevirə təlimə gedirlər. Aprelin 1-dən sonra isə zəng vurmadı... Nigaran qaldım ki, uşağım xəstə-xəstə əsgərlikdə görən nə əziyyət çəkir. Əlimiz hara çatır ki...

Biz ailənin üzvləri ilə söhbət etdikcə, ata - Səlim tez-tez gözlərinin yaşını silir. Ona baxdıqca, Xaqani Şirvaninin 20 yaşlı oğlunun ölümünə yazdığı şeiri pıçıldayıram:

Firqətində bala, bundan da betər yansın atan,
Söndü şəmin, kor olub qüssədən odlansın atan.
Kəkliyim, təşnə dodaqlar ilə uçdun, gözü qan,
Bir turactək sənin arxanca qanadlansın atan...

Səlim kişini birtəhər danışdıra bilirik:

- Məzuniyyəti qurtarandan sonra uşağı apardım sançasta (hərbi hissənin xəstəxanasını nəzərdə tutur - A.E.). Həkimlərə dedim ki, bu əsgər xəstə idisə, özünüz sağaldaydınız, onu niyə xəstə halda evə buraxırdınız, axı məsuliyyəti sizin üstünüzdədir. 2 gün sançastda yatandan sonra, onu yenə hərbi hissəyə göndərdilər. Ayın 3-ü Elşəndən bir xəbər bilməyəndən sonra hər gün Saatlıdan gedirdim Tərtər, Bərdə, Goranboya. Aprelin 8-nə qədər axtarmadığımız yer qalmadı. 6 gün o yollarda balamı axtardım...

Nəhayət, neytral zonadan götürülən şəhidimiz doğma ocağa tabutda gətirilir. Atası deyir, Elşənlə yoldaşlıq edən dostları onun barəsində o qədər xoş sözlər dedilər ki...




- Elə bizim bu Şamaxıdan Nazim Zəkəryayevlə birlikdə qulluq edirdi. Həm də orda dost olmuşdular. Nazimgilin valideynləri yanına gedəndə birlikdə şəkil çəkdirmişdilər. İkisi də şəhid oldu. Fələyin yazdığı yazını poza bilmərik ki... Hələlik yığışıb kənddə bir qarış torpaq əldə edib, oturmaq fikrimiz var. Elşən qapımıza bütün dünyanın adamını axıdıb gətirdi, gərək xeyir-şəri olan adamların borclarını vermək üçün burda qalaq. Amma yaşamağa yerimiz də yoxdur. Bu gördüyün həyət də qardaşımla anamın evidir. Bu evdən bir çöpə də sahib deyilik. Günümüz-güzəranımız qoyun otarmaqla, onun-bunun mal-qarasına baxmaqla keçib. Böyük oğlum əsgər gedib qayıdıb, indi bu il üçüncü oğlum Rövşəni də əsgər aparacaqlar. Şamaxının İcra Hakimiyyətinə, kənd bələdiyyəsinə şəhid atası kimi müraciət etmişəm ki, bir qədər torpaq ayırsınlar, ev tikib içinə yığışaq. Ola bilsin ki, pay torpağı da verəcəklər. İcra Hakimiyyəti bizi ev növbəsinə də yazdı. Deyirəm, bəlkə bundan sonra, balalarımı qapılardan, çadırlardan yığım. Elşənin yas mərasiminə rabitə naziri gəlmişdi. Kəndin poçtunda Rəfaili işlə təmin etdilər. İcra Hakimiyyəti o biri oğlumun da işlə təmin olunması üçün çalışır. Ölənlə ölmək olmur, birtəhər öyrəşəcəyik. Evimdə üç oğlum böyüyür, demirəm ki, onlar da gedib şəhid olsun, ancaq müharibəni başlasalar, onlar da gedib döyüşəcəklər. Çox istəyərəm ki, Elşənin, Nazimin, Samirin qan tökdüyü torpaqlar geri qayıtsın, bu qisas qiyamətə qalmasın...

Kənddən çıxanda əsgər paltarında bir oğlanla rastlaşdım. Adını yazmayacağam. Hərbi sirrdir. Elşəni soruşdum. Dedi ki, onunla süd qardaşıydıq. Soruşdum ki, müharibəyə hazırsınızmı? Cavabı belə oldu: - 2-5 aprel döyüşlərində Azərbaycan Ordusu 25 illik bir səddi vurub keçdi. Orduda o gündən daha da yüksələn vətənpərvərlik ruhu bu gün də davam edir. Hər bir Azərbaycan əsgərinin ürəyi torpaqlarımızı azad etmək eşqi və əzmi ilə çırpınır".

Müəllif: Aida Eyvazlı

Memorial.az