2022/05/Elvin-1652957845.jpg

line
Adı: Mirzəyev
Soyadı: Elvin
Ata adı: Azadxan
Doğum tarixi: 13.02.1994
Şəhid olub: 02.04.2016
Rütbəsi: əsgər
Təltifləri
«Hərbi xidmətdə fərqlənməyə görə» medalı (III dərəcə)
Elvin Mirzəyev 1994-cü il 13 fevralda Xaçmaz şəhərində anadan olub. Əsgər Elvin Mirzəyev, 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Aprelin 9-da isə Elvin Mirzəyev, doğulduğu Xaçmaz şəhərində son mənzilə yola salınıb. Elvin Mirzəyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Memorial.az jurnalist Miri Məcidlinin hazırladığı reportajı təqdim edir:

Aprel döyüşlərində ordumuz 24 illik həsrətə son qoymaqla tarix yazdı. Ancaq bu tarix igidlərin qanı ilə yazılmış həm qanlı, həm də şanlı tarix oldu. Aprelin qəhrəman şəhidlərindən olan Xaçmaz rayonunda doğulub, boya-başa çatan Elvin Mirzəyevin həyat yolunu təqdim edirik…



Mirzəyev Elvin Azadxan oğlu 1994-cü il fevralın 13-ü Xaçmaz şəhərində anadan olub. Evin sonbeşiyi olan Elvin həm də çox ərköyün uşaq olur. Özündən böyük olan 3 qardaşı hər zaman ona başqa cür diqqət yetirirlər. O şəhid Çingiz Abdullayev adına 2 saylı tam orta məktəbi bitirdikdən sonra uşaqlıq arzusunu reallaşdırmaq üçün ali məktəbə sənət verir. Məhz tələbə olmaq onun ən böyük arzusu idi. 2011-ci ildə Azərbaycan Texniki Universitetinin Energetika fakültəsinə daxil olur. O, arzusunun ilk pilləsinə artıq çatmışdı. Tələbə adını qazandığı gün bəlkə də onun həyatının ən xoşbəxt günü idi.

Qardaşı Namik Mirzəyev həmin günlə bağlı danışır…



Elvin tələbə adını qazananda mən 4-cü kursda oxuyurdum. Xəbərin çıxdığı günün səhəri böyük qardaşım Faiqin toyu olacaqdı. Bayram bayrama qarışmışdı. Eşidəndəki Elvin tələbə adını qazanıb anam onu qucaqlayıb ağladı. Elvin dedi ki, siz məndən çox sevinirsiniz. O, ailənin sonbeşiyi olduğu üçün hamı onu əzizləyirdi. Həm də çox mehriban idi. Qardaşım tələbə olandan sonra Bakıya gəldi. Bir evdə kirayə qalırdıq. Elvin tez-tez Şəhidlər xiyabanına gəzməyə gedirdi. Sanki, ürəyinə bir gün şəhid olacağı gəlmişdi. Tələbəlik illərində mən, Elvin və bir Tural adlı dostumuz bir evdə qalırdıq. Bir gün Tural dəhşətli yuxunun təsirindən ağlayaraq qalxdı. Soruşduq ki, sənə nə oldu? O, gördüyü dəhşətli yuxunu bizə danışdı:

“ Yuxuda gördüm ki, bizə çox yaxın bir insanı dəfn edirik. Onun dəfnində tanımadığımız çoxlu insanlar da var.” Biz təəccüblə ona baxırdıq. Maraqlısı odur ki, o, yuxusunu Elvinə baxıb, danışırdı. Bu yuxudan 4 il sonra Elvin şəhid oldu.

Şəhidin həyatı haqqında Gülnaz ana danışır…



Elvin evimizin sonbeşiyi olduğu üçün ona münasibət tam başqaydı. Həm də çox şirin uşaq idi. Buna görə uşaq vaxtı qonşular onu aparıb evlərində saxlayırdılar. Hamı onu çox istəyirdi. Böyüdü istəyinə çatdı. Arzusu tələbə olmaq və bitirdikdən sonra işləmək idi. 2015-ci ildə universiteti bitirdikdən sonra hərbi xidmətə getmək zamanı idi. Elvin hərbiyə getməzdən əvvəl qardaşlarından hərbi haqqında maraqlanırdı. Orada nəyin necə olduğunu soruşurdu. Elvinin sinəsində problem olduğu üçün düşünürdü ki, onu hərbiyə aparmazlar. Ancaq hərbi həkimlərin müayinəsindən sonra məlum oldu ki, hərbiyə yararlıdır. Onun hər sözü, hər fikri mənimlə idi. Axı evimizin sonbeşiyi idi. Onu son dəfə yola salanda narahat oldum. Çünki evə çox bağlı idi. Ancaq heç ağlıma belə gəlməzdi ki, oğlumu əlimlə yola salıb, tabutda qarşılayaram…

Qardaşı Namiq Elvinin hərbi xidmətə yollandığı vaxtdan danışır…


Şəhidimiz hərbiyə getdikdən sonra mənimlə tez-tez əlaqə saxlayırdı. Düzü çox narahat olurdum. Çünki Elvin evimizdə balaca olduğu üçün o qədər də çətinliyə öyrəşməmişdi. Mən özüm hərbidə olduğum üçün onu yaxşı başa düşürdüm. Özü də qulluq etdiyi yerdən razılıq edirdi. Artıq qarşıdan Novruz bayramı gəlirdi. Elvini görmək üçün Tərtərə getdik. Martın 19-da görüşdük. Onu görəndə tanımadım. Bizim gördüyümüz uşaq Elvin xeyli dəyişmişdi. Daha böyük olmuşdu. Görüşəndə xeyli söhbət etdik. Sonra biz evə qayıtdıq.

Həmin görüşdən sonra Elvinlə telefon danışığı oldu. Telefonda anama dedi ki, göndərdiyiniz dadlı yeməklərdən yeyirlər. “Canınıza dua edirik”- dedi. Həmin vaxt hər şey qaydasında idi. Normal xidmətini aparırdı. Hər şey Aprel girən kimi başladı.

Ana söhbətin Apreldən getdiyini eşidəndə davam edir…



Aprel ayı mənim qara ayımdır. Çünki ümidim, arzum olan Elvini həmin ayda basdırdım. Həmin günü xatırlaya bilmirəm. Aprelin 1-də gecə Elvinlə telefonda danışdım. Özü zəng etmişdi. Danışanda mənə dedi ki, hər şey yaxşıdır. Narahat olmayın. Ancaq qısa danışdıq. Elə bil uşaq harasa tələsirdi. Telefonda dedi ki, onları gecə təlimlərinə aparırlar. Lakin döyüş olacağından xəbəri yox imiş. Bizə də heç nə demədi. Telefon danışığında dedi ki, onları 3 gün əvvəl Tərtərdə bir şəhidin dəfninə aparıblar. Həmin vaxt səsi boğuldu. Sən demə, o gün Elvinə də qismət imiş. Heç ağlıma belə gəlməzdi ki, nəsə olar. Həmin gecə döyüş başlayacaqmış. Oğlumun səsini son dəfə eşidirmişəm…

Səhər açılanda xəbərlərdən eşitdik ki, Tərtərdə belə hadisələr olub. Tərtərin adını eşidəndə ayaqlarım qurudu. Heç o Tərtəri sevməmişdim. Bu gün də ora nifrət edirəm. Tərtər mənim balamı uddu. Mənim kimi bir neçə ananı gözü yaşlı qoydu. Elvin şəhid olandan sonra söz vermişəm ki, Tərtərə ömrümün sonuna kimi ayaq basmaram. Yalnız torpaqlarımız alınan zaman oğlanlarımı ora göndərərəm. Çünki, o düzlərdə mənim oğlumun qanı var. O düzlər bizim balalarımızın qanı ilə sulanıb.

Şəhidin atası Azadxan dayı söhbətin bu məqamında bayaqdan qoruduğu susqunluğu pozur. O oğlunun şəhid cənazəsinin necə gətirdiyindən danışır…



Artıq döyüş xəbərlərini eşidəndən sonra rahat dayana bilmədik. Xəbərlərdə şəhid verdiyimizi dedilər. Aprelin 3-də onun xidmət etdiyi Tərtərə getdim. Tərtərə çatanda gördüm ki, sanki şəhərin içərisində də müharibə gedib. Elvinin xidmət etdiyi hərbi hissə Şıxarx ( red- keçmiş Marquşəvan) ərazisində idi. Artıq ora çatanda vəziyyətin yaxşı olmadığını bildim. Mənə orada dedilər ki, Elvin itkin düşən 17 nəfərin içərisindədir. Hətta bir nəfər hərbçi dedi ki, onlar Axundov Əbdülməcid, Mahir Quliyev və Elvin bir yerdə yaralı vəziyyətdə qalıblar. Sonradan məlum olub ki, onlar qanaxmadan şəhid olublar. Bizə verilən məlumata görə bizim əsgərlər Ağdərə istiqamətində xeyli irəli gediblər. Həmin ərazidə güclü döyüşlərdən sonra onlara geri çəkil əmri verilib. O zaman oğlumgil şəhid olub. O vaxta kimi onlar düşmənə kifayət qədər zərbə vurublar.

Şəhid atası oğlunun yuxuda ondan kömək istəməsindən danışır…

Artıq Tərtərdən geri qayıtdım. Oğlumun meyiti hələ neytral zonada idi. Ancaq bizə bir dəqiq söz deyilmirdi. Ayın 8-də gecə yuxu gördüm. Elvin yuxuda mənə dedi: “Ata, gəl daha məni apar.Bəsdir”. Bu yuxudan sonra ata tələsik Tərtərə yola düşür. O artıq övlad itkisinin reallaşdığını anlayırdı. Ancaq bunu etiraf etmək istəmirdi. Artıq Tərtərə çatan ata hər şeydən əlini üzmüşdü. Elə həmin vaxt o ömrünün ən acı xəbərini eşidir. Hərbçilər ona “oğlun şəhid olub” deyirlər. Bu kəlməni eşidən şəhid atası daha sonra baş verənləri bu gün belə xatırlaya bilmir.

“Mənə deyəndə ki, Elvin şəhid olub, elə bildim torpaq ayağımın altından qaçdı. Bu sözü eşitməyə hazır deyildim axı… Tərtərdə yerləşən morqdan oğlumun meyitini tapa bimədiyim üçün Yevlaxa gəldim. Artıq orada ömrümün sonuna kimi unuda bilməyəcəyim səhnəni yaşadım. Oğlumun cansız bədəni morqda idi. Artıq bu hər şeyin sonu idi. Qəbul etdim ki, oğlumla ömürlük vidalaşdım.”

Elvinlə daha yaxın olan ortancıl qardaşı Namiq onun şəhid Əbdülməcid Axundovla dostluğundan və şəhidliyindən danışır…



Sumqayıtdan olan şəhid Əbdülməcid Axundovla qardaşım universitetdə bir yerdə oxumuşdular. Həm də çox yaxın idilər. Qismətə baxın ki, onlar hərbiyə də bir hərbi hissəyə düşdülər. Həmin vaxt sevindik ki, Məcid qardaşım Elvindən də muğayət olar. Hətta telefonda danışanda Məcidə demişdim ki, mənim qardaşımda da gözü olsun. Məcid də mənə söz verdi. Elə sözünün də üstündə durdu. Qardaşımla bir yerdə, yan-yana şəhid olmuşdu. Hətta onların cansız bədənləri həmin ərazilərdən tapılanda maraqlı bir mənzərə yaranmışdı. Məcid olan yerə mərmi düşdüyü üçün böyük çuxur əmələ gəlibmiş. Həmin vaxt ayağında yaralanan Məcid yarasını bağlayıb və qarşıda şəhid olan qardaşınmın yanına sürünə-sürünə gəlib. Onun yanındaca şəhid olub. Onların meyiti tapılanda Məcidin əli qardaşımın ayağından tutulu vəziyyətdə imiş. Bu da onların taleyinin sonu. Bir yerdə oxudular, bir yerdə hərbiyə getdilər, bir gündə şəhid oldular və bir gündə də dəfn edildilər. O qardaşımı sona kimi tək buraxmadı. Bayramda da onunla danışmışdım.

Gülnaz ana sonda təsəllisindən danışır…

Elvin şəhid olduqdan sonra həyatım zülmətə büründü. Bu gün mənim yeganə təsəllim onunla bağlı yazılan yazılar və xoş sözlərdir. Şəhid anasını yalnız bu təsəllisi ola bilər.Onu unutmayan hər kəsə təşəkkür edirəm.



Memorial.az