Elvin Məmməd oğlu Namazov 1990-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində dünyaya gəlib. 2007-cı ildə Zahid Məmmədov adına Yuxarı Salahlı kənd orta məktəbini bitirən Elvin Namazov 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub.
2012-ci ildə həmin ali məktəbi leytenant rütbəsi ilə bitirən Elvin 2016-cı ildə baş leytenant rütbəsi alıb. Həmin ilin aprelində cəbhədəki şiddətli döyüşlər zamanı şəhid olub.
Göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilib.
Şəhidin həyat yoldaşı Nuranə Namazova deyir ki, Elvinlə 2011-ci ildə tanış olublar: "O zamanlar Elvin kursant idi. Bakıda ali hərbi təhsil alırdı. Mən isə ali məktəbə hazırlaşırdım. Kursa gedib-gələndə Elvin məni görmüşdü. Elə o vaxtdan yavaş-yavaş münasibətlərimiz yaranmağa başladı. Sonra ailələrimiz bu sevgidən xəbər tutdu. 2014-cü ildə nişanımız oldu və bir müddətdən sonra ailə həyatı qurduq. Tanışlığımız Allahın bir qisməti idi. Nişan mərasimində Elvin iştirak edə bilməmişdi. Həmin gün kursda idi. Biz nişanlı olanda Elvin Xüsusi Təyinatlı Qüvvələrə daxil olmağa hazırlaşırdı. Bu, onun ən böyük arzusu idi. Mənə deyirdi ki, “çoxlu dua elə, bu kursu keçim. Allah sənin dualarını tez eşidər”. Çox əziyyət çəksə də, arzusuna çatdı. Hər dəfə təlimlərə gedəndə narahat olurdum.
Bir neçə dəfə təlimdən qayıdanda ona suallar vermişdim. Elvin isə “mənə işimlə bağlı suallar vermə. Hərbçi heç vaxt işi barədə danışmaz”,- deyirdi. 2016-cı ilin Novruz bayramını Qazaxda keçirmək istəyirdik. Elvinin işlərinə görə alınmadı. Martın 21-də bayramı Bakıda keçirtdik. Martın 27-də Elvinin anası bizə gəldi. Evdə çox yaxşı vəziyyət alınmışdı. Amma Elvin martın 30-da təlimə getdi və bu, sonuncu gediş oldu. Mənə döyüş barədə heç nə demədi. Aprelin 1-i, axşam saat 11-də mənimlə sonuncu dəfə telefon əlaqəsi yaratdı. Biz hərbi şəhərcikdə qalırdıq. Ünsiyyətdə olduğum hərbçi xanımları vardı. Hər biri həyat yoldaşlarının əlaqə saxladıqlarını söyləyirdi. Aprelin 2-dən başlayaraq Elvinin zəng etməməsinə görə narahat olmağa başladım. Heç kəs döyüş barədə danışmırdı. Hamı deyirdi ki, onlar təlimə gediblər. Həmin vaxtlarda evdə tək idim. Elvinin mənə zəng etməməsi qəribə gəlirdi. Axı, o, həmişə məni axtaran olub...
Aprelin 1-də axşam mətbəxdə qabları yuyurdum.Telefonum da yataq otağında idi. Dərhal otağa qaçdım. Zəng edən Elvin idi. Səsimdən həyəcanlı olduğumu hiss etdi. “Qorxma. Ayın 3-ü mütləq gələcəm. Əgər alınmasa, uzağı, aprelin 5-nə qədər gələcəyəm. Sən ağlama. Sən ağlasan, mən nigaran qalacam” söylədi.
Aprelin 1-dən sonra hərbi şəhərcikdə hamımız şəhid xəbərlərindən narahat olmağa başladıq. Fikirləşdik ki, cəbhədən 12 şəhid xəbəri gəlibsə, deməli, vəziyyət çox pisdir. Aprelin 3-də narahatlığım artmağa başladı. Arada zəng vursam da, telefonuna zəng çatmırdı. Hər addımbaşı mənə “narahat olma” deyirdilər. Sonra qaynatamla əlaqə saxlayanda Elvinin yaralı olduğunu söylədi. Amma məni aldadırmışlar. Bilməyimi istəmirmişlər. Elvin artıq şəhid olmuşdu...
Sonra atam gedib hərbi xəstəxanaya baş çəkdi. Ona orada Elvin adında yaralı hərbçinin olmadığını deyiblər. Atam mənə zəng edib Elvinin ayağından yüngül yara aldığını və buna görə qorxmamağımı söylədi. Halbuki, atam Elvinin şəhid olduğunu bilirmiş. Məni aldadıb, Elvinin Gəncədə hərbi xəstəxanada olması adı ilə Qazaxa gətirdilər. Gəncəyə çatanda gördüm ki, atamın xəstəxanaya girmək fikri yoxdu. Dərhal məni fikrimdən yayındırmaq üçün əmisioğluna zəng elədi. O da Elvinin yanına adam buraxılmadığını söylədi. Bu yolla məni Qazaxa apardılar. Artıq Qazaxa çatanda gözlərimə inanmadım. Darvazadan içəri girəndə qaynanamın qışqıraraq ağladını eşitdim.
Elvin şəhid olarkən 5 gün neytral ərazidə qalmışdı. Onun tabutu evə gətirilənə qədər şəhid olmağına inanmırdım. Çünki Elvin sağ qayıdacağına söz vermişdi. Sanırdım ki, o, ölə bilməz!
“Əllərimlə onun cəsədinə toxundum, soyuq deyildi”
Elvin şəhid olanda aylarla özümə gəlməmişdim. Həkimlərin uzunmüddətli müayinəsindən sonra yavaş-yavaş özümə gəldim. Amma heç vaxt intihar etmək barədə düşünmədim. Çünki bunun günah olduğunu bilirəm. Həm də intihar etsəm, Elvinin yanına getməyəcəm. Heç o da geri qayıtmayacaq. Amma Elvinin ölməsinə hələ də inana bilmirəm.
Onun tabutunu gətirəndə səhər saat 9-10 arası olardı. Dirəşdim ki, onun tabutu açılmalıdır. Bilsəydim ki, həmin an məni öldürəcəklər, yenə də tabutu mütləq açdıracaqdım. Çünki neçə vaxt idi ki, gözlərim yolda qalmışdı. Elvinin tabutu açılanda məndə qəribə hiss yarandı. Çünki Elvinin üzündə bir təbəssüm vardı. Rəngində heç bir dəyişiklik yox idi, öz rəngi idi. Əllərimlə ona toxundum. Amma soyuqluq hiss etmədim. Buna görə də onun ölümünə inanmıram. O, sağdır...
Bir vaxtlar Elvinlə yaşadığımız evin pəncərəsi indi onun məzarına baxır. Hər axşam onun məzarı üzərində dalğalanan 3 rəngli bayrağımıza baxıram, Elvinin məzarına boylanıram. Onu necə tək qoyub gedə bilərəm?! Həm də Elvinin ata-anası mənə çox doğma insanlardır. Onlar mənə gəlin kimi yox, qızları kimi baxıblar. Heç atam-anam da mənə deməyib ki, “çıx gəl evimizə”. Belə şey ola bilməz. Çünki ata-anam bilir ki, Elvinə yaxın olmaq mənə daha rahatdır. Adi vaxtlar olsaydı, məzarlığa getməyə qorxardım. İndi isə qəbiristanlığa gedəndə elə bilirəm ki, hansısa saraya, imarətə gedirəm. Mənə xoş təsir bağışlayır. Çünki Elvinim orda uyuyur...”