İlk dəfə evləri başlarına uçurulanda balaca Əlizamanın 11 yaşı var idi. 2008-ci ildə anası borc-xərclə Zabrat kəndindəki təzə aldığı torpaq sahəsində bir otaq tikib, oğlu ilə bu damın altına yığışmaq istəyirdi. Əlinə düşəni daşa, quma verib bura gətirirdi. Fikri var idi ki, 1-2 həftəyə oğlunu da yanına alıb, qohum-əqraba qapısından, kirayələrdən yığışsınlar... Həmin günlərdə 11 yaşlı Əlizaman dərsədən çıxan kimi qaçıb, həvəslə bu həyətə gələr, tikilməkdə olan evlərinə baxırdı. Günlərin birində isə gəlib gördü ki, həyətlərinə gələn traktor xortumu ilə onların evini uçurur… Anasının, özünün min bir əziyyətlə tikib başa gətirdikləri birotaqlı evi tanımadığı kişilər uçurdular… bircə dəqiqənin içərisində iki kimsəsiz insanın əziyyətini yerlə-yeksan etdilər. Uşağın qorxudan, dəhşətdən gözləri böyümüşdü o zaman… başını götürüb bu qərib yollarla üzü aşağı qaçmışdı ki, anasını xəbərdar eləsin, desin ki, evimizi başımıza uçurdular… İlk dəfə balaca Əlzamanın arzuları onda- çilik-çilk olmuşdu…
Sonra anası Hürnisə Kərimova gəlmişdi… Məlum olmuşdu ki, bu bəxtsiz ailənin evini başına Ramana kəndinin bələdiyyəsi uçurub… Bir az keçəndən sonra da məlum olmuşdu ki, sən demə heç Ramana kənd bələdiyyəsinin bu torpağa girməyə haqqı yox imiş. Torpaq Zabrat kənd bələdiyyəsinin ixtiyarındadır. İki baş-başa gələn qoluzorlu məmurun qudurğanlığının, mübahisəsinin sonu bir kimsəsiz qadının evinin uçurulmasıyla sonuclanmışdı. Sonra Azərbaycanın yazılmamış “qaydalarına” uyğun şəkildə, Hürnisə Kərimova yenidən lazımi adamlarla lazımı razılığa gəlib, həmin yerdəcə, yeni evini tikməyə başladı…
Torpaq da Zabrat kənd bələdiyyəsinin ərazisinə keçirildi. Evinin üstünə daş-qoya qoya oğlunu da 18 yaşına çatdırdı.
Hürnisə Kərimovanın bəxti elə əvvəldən gətirməmişdi. Fərruxla ailə qurub Bakının Zabrat kəndinəki evlərinə gəlin gələndən, oğlan evi bu gəlini sevmədi, qəbul etmədi. Sonra da söz-söhbətdən boğaza yığılan Fərrux içkiyə qurşandı. Beləcə günlərini çətinliklə keçirdi. 1997-ci ilin iyun ayının 12-də dünyaya gələn oğlunun sevinci də ailədə mehribanlıq yarada bilmədi. Hürnisə isə dözdü… Dözdü ki, el –obadan ayıbdır, dözdü ki, axırı yaxşı olar… Dözdü ki, oğlunu atalı böyütsün. Axırı isə görünmürdü.
2006-ci ilin bir günündə evdə yenə qırğın-qiyamət düşdü. Balasını qucağına götürüb, qaçdı Zabratdakı ər evindən. Bir az qoltuqlarda yaşadı, sonra məhkəmə ana və azyaşlı oğlunun İslamovlar ailəsinə məxsus evdə yaşaması üçün qərar çıxardı və ailəni boşadı.
Hürnisə deyir ki, oğlunu çox çətinliklə böyütdü. Ev sahiblərinin mal-heyvan üçün alıb gətirdikləri quru çörəkdən hamı yatandan sonra gizlində götürüb suda isladar və səhərlər oğlunu yedirərmiş. Beləcə 2008-ci ilə kimi həmin həyətdə yaşaya bildilər. Günlərin bir günü içib gəlmiş Fərrux yenə də qadını döyməyə, dalaşmağa başladı, iş o yerə gəldi ki, bıçaq götürüb oğlunun başını kəsmək istədi. Hürnisənin haraya gələn bacıları onları Fərruxun əlindən alıb, birdəfəlik bu həyətdən çıxardılar.
Əlizaman İslamov 75 saylı məktəbin 9-cu sinfini başa vurandan sonra Maştağadakı aşpazlıq məktəbini bitirir. 1 ay peşəsü üzrə işləyəndən sonra, anası oğluna məsləhət görür ki, əsgərlik vaxtı yaxınlaşır, bir az istirahət etsin.
Hərbi xidmətə getməzdən 3-4 gün əvvəl Hürnisə oğlunun boynunu qucaqlayıb, ötüb-keçən küsüləri unutmasını istəyir. Oğlundan xahiş edir ki, gedib atası ilə, nənə-babası ilə görüşüb, xeyir-dua alsın. Əlizaman da elə bil bu sözə bənd imiş. 3 gün ərzində 4 dəfə doğulduğu, böyüdüyü həyətə gedir, ancaq üzünə qapı açmırlar, qapıya çıxanlar da min bəhanə ilə usagı həyətə buraxmırlar. Gah deyirlər ki, baba xəstədir, gah deyirlər ki, nənə xəstədir.
Əlizaman qayıdıb, başına gələnləri anasına danışır. Anası yenə mərdliyindən dönmür. Onu atasının işlədiyi yerə göndərir, deyir “bala, sən get atanla görüş, halallaş”…
Oğlan atasının iş yerinə gedir… Ata gizlənir. Hürnisə məcbur qalıb, Fərruxun dostuna zəng vurur ki, uşaq atası ilə görüşmək istəyir… yenə görüş alınmır…
Zorla məhəbbət olmur ki… ata istəmədi… Əlizaman kör- peşiman qalıb həmin o payız günlərində evə gəldi. Elə Payız kimi dolmuşdu. Ana səhəri gün, oktyabrın 20-də axşamüstü oğlunu Dəmiryolu vağzalına aparıb əsgərliyə yola saldı. Əlizaman qatara minən kimi, keçib perronda qapının dalında gizləndi… Hamını atası yola salırdı, onu isə anası və xalaları… Sınmışdı, yamanca sınmışdı Əlizaman… Gözləri ata yolu çəkdi… Qatar yerindən tərpənənə qədər hələ ümidi var idi, elə bilirdi ki, atası gələcək…
Qatar yola düşdü… Bir ananın gözü qoşa bulağa dönsə də, qəlbində vüqar baş qaldırdı. Hürnisə fikirləşdi ki, oğlu kişilik məktəbini keçib gələndən sonra, günü-güzəranı da yaxşılaşacaq… Əl-ələ, baş-başa verib evlərini tikəcəklər… Eh… o qədər arzuları var idi ki… Həm özünün, həm oğlunun.
Hürnisə oğlu əsgər gedəndən sonra üç dəfə ona baş çəkdi. Ancaq ürəyində bir narahatlıq var idi. Aidiyyatı dövlət orqanlarına məktub yazıb, oğlunun tək övlad olmasını nəzərə alıb, ön cəbhəyə göndərilməməsini xahiş etmişdi. Ananın məktubunun cavabını çox gözlətməmişdilər. Hətta cavab gəlmişdi ki, “…oğlunuzun tək övlad olmasını nəzərə alaraq, arxa bölmələrdə xidmət etməsi üçün qanun çərçivəsində baxılacaq”.
Bu məktubu alandan sonra bir az arxayınlaşmışdı. Necə olsa da rəsmi məktub oğlunun xidmət etdiyi hərbi hissənin komandiri tərəfindən imzalanmışdı. Axırıncı dəfə Hürnisə oğlunun yanına 21 martda getdi. Qazandığı pulundan balası üçün min bir nemətdən yığıb bayramlıq bağlama hazırladı, sevdiyi yeməkləri bişirdi, yol tədarükünü tutub, səhər o başdan gedib Əlizamana çatdırdı özünü. Süfrə açıldı, başqa əsgər dostlarını da süfrəyə dəvət etdi. Sonra ana-bala oturub dərdləşdilər. Oğlunun gözündə-üzündə gizli kədəri sezdi. Nə illah elədisə Əlizaman anasına bir söz demədi. Ayrılıq zamanı çatanda, doyunca anasına sarıldı, bağrına basdı anasını: “Ana özünü qoru, özündən muğayat ol” dedi, nədənsə özünü saxlaya bilməyib ağladı, kövrəldi.
“Ana, səndən heç doymuram axı..”,- deyib bir də bağrına basdı Hürnisəni…
Hürnisə Kərimova oğlundan son dəfə belə ayrıldı. Son dəfə sinəsinə, üzünə-gözünə oğlunun qəmli çöhrəsini, göz yaşlarını yığıb gəldi.
Analara əyan olur balaları ağrayanda, darda olanda. Aprelin 2-si qarışıq yuxu gördü. Oğlu onu imdada çağırırdı. Ağlayırdı. Hövlnak yuxudan oyandı…
Azərbaycan Ordusu öz sərhədlərini qorumaq və ərazilərini düşməndən xilas etmək üçün işğalçı Ermənistan Ordusunun növbəti hücumunun qarşısını alarkən həmin döyüşlərdə bir çox vətən oğulları ilə bərabər, Əlizaman İslamov da şəhid oldu…
Onsuz da bir qapqara dünyası var idi Hürnisənin. Elə bil ki, Tanrı onu əzablara sinə gərmək üçün yaratmışdı… Anaya o xəbər necə gəldi, necə verildi… Hürnisənin son ümidi, tək oğlu, gələcəyi, arzuları… dünyası çilik-çilik oldu… həmin andan həyat dayandı sanki onun üçün…
Amma sınmadı dizində qüvvə tapdı. Oğlunun tabutunu Lənkəranda, özünün doğulduğu Çilə kəndində dəfn edilməsinə qərar verdi. Əlzamanı da eli-obası, Lənkəran şəhəri üçrəngli Azərbaycan bayraqları ilə əsl Vətən qəhrəmanı kimi qarşıladı. Tabutu çiyinlərdən yerə düşmədi. 19 yaşlı Əlizaman İslamovun tabutuna bükülmüş Azərbaycan bayrağını isə dayısına verdilər. Beləcə Vətən torpağına əmanət etdilər Əlizaman İslamovu. Vətən bir oğlu ilə də öyündü. Bir oğul da Vətən torpağına qarışdı.
O gündən sonra, dünyası dağılmış Hürnisə ana özünə yer tapmır. Hərbi hissədən ona oğlunun bir əsgər papağını da gətirib verdilər. Həmin papağın içərisində öz əlləri ilə “Anama yadigar qalsın” yazıb Əlizaman. Anasına son məktubudur.
İndi Hürnisə bu yarıtıkılı evində başını itirib, axı bu evdə yaşamaq üçün oğlu ilə o qədər arzular qurmuşdu. Axı Əlizaman ona demişdi ki, “ana gəlib, evi tikib qurtaracağam… səni daha əziyyət çəkməyə qoymayacağam…”. İndi dörd qara divarlardır, bir də TƏK TƏNHA, kimsəsiz ANA. Gecə -gündüz bu qara divarların arasında sanki ulayır,
Hürnisə aidiyyatı orqanlardan, cavabdeh insanlardan oğlunun həlak olandan sonrakı şəklini istəyir ki, baxıb inansın ki, ölən onun oğludur. Çünki, narahatdır, oğlu yuxusuna gəlib, ondan imdad diləyir. Hürnisə deyir ki, hərbi xidmətini başa vurub altı aydan sonra qayıdacaqdı oğlu . “Altı ay da gözləyəcəyəm, oğlum yenə də gəlməsə, onda səhralara düşüb balamı axtaracam…” deyib gözlərinin 7 aydır ki, qurumayan yaşını yenə selə döndərib tökür Hürnisə…