Şanlı zəfərin gəldiyi gün Vətən öz qanları ilə tarix yazacaq mərd oğulların adlarını tarixin qızıl səhifələrinə yazırdı. Bir-birindən mərd olan rəşadətli ordunun igidləri gələcək nəsillər üçün mərdlik və qəhrəmanlıq dastanı yaratdılar.
Bu dastanın qəhrəmanlarından biridə Şəhid Bağırzadə Firdovsi Əliş oğlu idi.
O, 1sentyabr 1996-ci ildə Yardımlı rayonunda dünyaya gəldi. Altı yaşı olarkən, atasını itirdi. Ailəsi ilə birlikdə Masallı rayonun Güllütəpə kəndinə köçdülər.
“Mənim oğlum, zəhmətkeş idi. Əlləri qabarlı, qayğıkeş balam, özü 20 yaşında olsa da, ruhu özündən əvvəl böyüyən balam”.
Bu sözləri Aprel Şəhidi Firdovsi Bağırzadənin anası Sehranə ana söylədi.
Övladım 6 yaşında olanda atasını itirdi. 8 yaşında olarkən, mənimlə bərbər işləyirdi. Min bir əziyyət və zəhmətlə iki övlad böyütdüm. Oğlum Firdovsi, qızım Fidan.
Uşağım hələ az yaşından işləməyə başladı mənim və bacısının qayğısına qalırdı. Uşaqlıqdan hərbi məktəbə yazılmaq istəyirdi. Cəmşid Naxçıvanski adına hərbi məktəbə sənəd vermişdir. Lakin imkan buna əl vermədi.
Həmin ərəfələrdə mən xəstəlik keçirdim və əməliyyat oldum. Buna görə o, oxuya bilmədi. Rayonda qalıb, işləməli oldu. Məktəbə gedər, dərsdən çıxandan sonra işləyərdi. Elə sakit uşaq idi ki, düşündükcə insan özünə yer tapa bilmir. Hələ də öz adını söyləyə bilmirəm, uşaq deyirəm...
O mənim gözümdə indi də var olan uşaqdır. Öz sakit xarakteri ilə hər kəsin hörmətini qazanmışdı. İndi tək təsəllim balamın şəkilləri ilə bəzənən bu otaqdır.
Əsgərlikdə olarkən, o qədər şəkillər çəkdirmişdir ki, görüşünə gedəndə hamısını verib, bərk-bərk tapşırdı ki, ana bütün şəkillərimi çıxart.
Elə bil şəhid olacağı ürəyinə danmışdı. Kəndə qayıdanda düz 70 şəkil birdən çıxartdım. Baxın, oğlumdan qalan tək şəkillər bunlardır.
Övladım 2 aprel tarixində şəhid oldu.
Aprelin 1-dən 2-sinə keçən gecə yuxu gördüm. Gördüm ki, üzərimə böyük ağac aşıb, düşür. Hay-haray düşüb, ağacı üstümdən qaldıra bilmirlər.
Həmin gecəni səhərə kimi gözüm açıq qaldı. Allahım sən balamı qoru dedim.
Yenə sükut və yenə gözlərdə sel olan ana fəryadı...
Sehranə ana özünü toplayıb, söhbətinə oğlunun ailə canlı olduğunu tək istəyi bacısının toyunu təm-təraqlı keçirmək istəyi olduğunu söylədi.
Əsgərlikdə olanda zəng edib, danışanda deyirdi ki, ana çağrılan toylara get, qoy deməsinlər ki, atasızdılar deyə toylarında az adam iştirak edib...
Kövrək qəlbli ana, baxışın dağları belə lərzəyə gətirir.
Cümlələr sənin gözlərin qarşısında acizdır.
İmkanım olmadığından yanına tez-tez gəlib, gedə bilmirdim. Balam məni görmək istədi, amma gedə bilmədim. Hələ də var özümü bağışlaya bilmirəm. Ən sonuncu dəfə onunla martın 28-i danışdım. Bacısı ilə danışmaq istədi, nəsə oldu danışa bilmədi. Dedi ki, “silahlarımızı yığıblar, aprelin ilk günlərində gələcəm, bacım Fidana allı-şanlı toy edəcəm. Bacım Fidanı sənə əmanət edirəm, özünüzdən muğayət olun,ana.” Son sözü bu idi.
Aprelin 1-i gələcəkdi. Dayısıyla qurbanlıq bir qoyun almışdıq…
Amma olmadı...
Aprelin 2-si qardaşım zəng elədiki, bəs dayımızın yoldaşı rəhmətə gedib, tez gəl! Dedim ki, işdən çıxıb, gələrəm, baş sağlığı verərəm.
Qardaşlarım daha heçnə demədən məni aparamaq üçün adam göndərdilər. Yolda elə məni sual alıb, aparmışdı. Axı belə olanda qardaşlarım gəlib, məni aparırdılar? Nə olub? Görəsən uşağa bir şey olmayıb? Ana ürəyi hər şeyi hiss edir. Hiss edirdim ki, uşağıma nəsə olub?!
Artıq çatanda nə olduğunu gördüm...
Şəhidlər ölməz, mənim balam, burada bizimlədi. Hər gün bu otağa gəlirəm, onun şəkilləri ilə danışıram. Bircə səsi qulağımdan getmir.
Qızım Fidanın toyunu görə bilmədi.
Bilirsiniz, indi tək təsəllim dayısının adını daşıyan nəvəmdir. Onu böyüdüb, xoş gününü görmək istəyirəm.
May ayının 4-ü 2 yaşı tamam olacaq.
Əslində aprelin 26-sı doğulub. Oğlumun Şəhid olduğu aydır, deyə bacısı Firdovsinin doğum gününü 4 may tarixinə keçirib. Balaca Firdovsi mənim yanımda qalır.
Körpəylə birlikdə onun məzarını ziyarət edirəm. Ana üçün bu ağır dərddir. Oğlum Vətən uğrunda şəhid oldu.
Hər il aprel ayında müəllimləri, dostları, doğmaları onun məzarını ziyarət edirlər.
Nə deyim?!...
Çətin həyatından nə qədər kitab yazılsa, səhifələrə yerləşməz! Arzuları dünyasından böyük idi balamın.
Şəhid Firdovsi Bağırzadənin bacısı Fidan xanım, qardaşım haqqında danışmaq o qədər çətindir ki, cümlələrim aciz qalır.
Şəhid bacısının baxışı bir kitaba bəs edər. Cümlələr onun baxışı önünüdə acizdir.
Qardaşmla fəxr edirəm! Bilirəm ki, o, hər zaman bizimlədi. İki oğlan övladı anasıyam. Böyük oğlum qardaşımın adını daşıyır. Bir ana kimi övladlarımı dayılarına layiq vətəndaş kimi yetişdirməyə çalışıram.
Boğazında düyünlənən kəlmələri gözlərindən axan yaşlar əvəz edir. Dil susur, gözləri isə hər bir ağrını biruzə verirdi.
Bağırzadə Firdovsi Əliş oğlu (ölümündən sonra) 19 aprel 2016-cı il tarixində “Hərbi xidmətdə Fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif edilmişdir. Xatirəsi əbədiləşdirilərək, Güllütəpə kəndində adına küçə verilmişdir.