Əkiz doğulanların bu və ya başqa bir formada dünyadan vaxtsız getmələrini eşitsəm də, buna inanmazdım. Hərçənd illər ərzində bunu dəfələrlə müşahidə etmişdim. Mənə görə bunun nə dinlə, nə mövhumatçılıqla, nə də xarakterlə əlaqəsi var.
Əslində sözüm bunda deyil. 2016-cı ilin aprel döyüşləri zamanı onlarla ana ürəyinə yanğın düşdü. Elə Təranə Dəmirli də bu analardan biri oldu. Onun oğlu Hüseyn Dəmirli həyatının ən gözəl çağında- ürəyindəki arzularının qatı açılmadan, reallaşmadan Lələtəpə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Hüseyn həqiqi hərbi xidməti baş vurub geri döndükdən sonra bir il ailəsinə gündəlik məişət, təsərüffat işlərində kömək edir. Əkiz qardaşı Kamran isə ali məktəbə qəbul olur. Belə olan halda Hüseyn 2014-cü il mart ayının 25-də yenidən hərbiyə qayıdaraq müqaviləli xidmətlə həm Vətəninə, həm də ailəsinin dolanışığına faydalı olmağa qərar verir. Artıq Hüseynin həyat yolu daha böyük amallar uğrunda mübarizəylə əvəzlənir. Hüseyn Dəmirli əkiz qardaşı Kamrandan bir saat əvvəl dünyaya gəldiyi üçün evin böyük oğlu sayılırdı. Ancaq alın yazısı onu ailəsinə və qardaşına çox gördü. “Cəbhə xətti”i layihəsinin bu dəfəki sayında Hüseyn Dəmirlinin ailəsinə baş çəkməyi özümüzə borc bildik.
Qısa və şərəfli ömür
Hüseyn Zeynal oğlu Dəmirli 1993-cü il avqustun 4-də Biləsuvar rayonunda anadan olub. Orta məktəbi də rayonda 2010-cu ildə bitirib.
2011-ci il oktyabr ayının 6-da həqiqi hərbi xidmətə gedib. 2013-cü il aprelin 3-də hərbi xidməti başa vuraraq evinə qayıdıb. Daha sonra, 2014-cü ildə müqavilə ilə 3 illik Azərbayacan milli ordusunda tankçı, gizir kimi xidmətə başlayıb. 2016-ci il aprelin 4-də Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi.
Hüseynin evinə yollanırıq və ilk gördüyümüz mənzərə...
Şəhidin ailəsinə xəbər vermədən onlara getdik. Darvazanın girişində üçrəngli bayrağımız dalğalanır. Rayonun bütün şəhid evlərinin qapısında dalğalanan Bayrağımız insanı qürurlandırır. Çox çəkmir qapını Hüseynin əkiz qardaşı Kamran Dəmirli açır. Ona müsahibə üçün gəldiyimi deməsəm də, layihəmizin oxucusu olduğundan məni tanıyır. Ancaq salamlaşmadan başqa bir kəlmə də danışmır. Boğazını qəhər tutan Kamranın danışmaqda çətinlik çəkməsi açıq-aydın hiss olunurdu. Hətta ara-sıra nəsə soruşsam da, susmağa üstünlük verərək başını tərpədərək cavab verməyə çalışır. Düzü, bu hallarda nəsə demək və ya təsəlli vermək çətin olur. Hələ şəhidin bir alma kimi bənzəri olan qardaşına nə deyəsən? Bir neçə dəqiqədən sonra şəhidin atası da gəlir. Vəziyyət eynidir, kimsənin ağzını bıçaq açmır. Ata və oğulun toz-torpaqlı geyimləri diqqətimi çəkir.
-Özümdə cəsarət toplayıb ilk sualımda elə niyə toz-torpaqlı olduqlarını soruşuram?
“Oğlumun Vətən yolunda şəhid olması ata kimi məni qürurlandırır”
Atası Zeynal bəy:
- Mən ustayam, qonşuda ev tikib, təmir edirəm. Bu bir il heç bir iş, heç bir məsələ məni bir saniyə də olsa oğlumdan ayıra bilməyib. Bu da Hüseynimin əkiz qardaşı Kamrandı. Onu da yanımda başı qarışsın deyə işlədirəm. Heç olmasa fikri dağılsın. Bir şey deyim: Kamranla-Hüseyn bir-birlərinə çox bağlı idilər. Özünüz düşünün də əkiz insanlar necə olursa, onlar da elə idilər. Hüseynin ölümü bu ailədə bəlkə də ən çox Kamranı məhv etdi. Onlardan hansının bir yeri ağrısa, o birisi onu hiss edirdi. Məsafələr belə buna əngəl ola bilmirdi. Mən bir az soyuqqanlı adamam, amma oğlumun anası, Təranə xanım elə deyil, uşaqlarına olduqca bağlıdı. Rəhmətlik də daha çox anası ilə yaxın idi, onunla dərdləşirdi. İndi artıq o yoxdu, onun qoxusunu Kamrandan alırıq, təsəlli tapmağa çalışırıq. Amma Vətən sağ olsun. Oğlumun Vətən yolunda şəhid olması ata kimi məni qürurlandırır. (Zeynal bəy kövrəlir, söhbəti yarıda kəsir, bir anlıq süküt yaranır).
Söhbətimizə şəhidin əkiz qardaşı Kamranla davam etməyə çalışırıq.
İlk sualım: - Kamran, Hüseynsiz bu bir il necə keçdi?
-Onu deyim ki, Hüseynsiz zaman-filan keçməyib-keçmir! Hüseynin ölümü məni ifadə oluna bilməyəcək dərəcədə sarsıdıb. Ancaq anama görə narahatam, o, heç ovunmur. Hüseyn sanki bu gün ölüb. Atamla bir evi təmir edirik, güya başım qarışsın deyə əlləşirəm amma özümü aldadıram. Onu unutmaq imkansızdır.
-Bəs, Hüseyni sizə xatırldan ən çox nə olur?
“Onun bir illik yoxluğunda bir böyrəyini itirmiş insan kimi yaşayıram"
- Vallah həyətimizin giriş qapısındakı dalğalanan Bayraq onu xatırlamaq yox, unutdurmur desəm yalan olmaz. Bilirsiniz mən onunla doğulub, birlikdə böyüyüb, birlikdə gülüb, birlikdə sancılar keçirmişəm. Elə bilin, bütün hər şeyi eyni anda yaşayıb, eyni anda təsirlənmişik. Daha sonra orta məktəbdə bir partada 11 il oxuyub, sonra əsgərliyə bir gedib, bir yatağı paylaşmışıq. Nəhayət, hərbi xidmət bitdikdən sonra mən ali məktəbi seçdim, o isə yenidən hərbiyə döndü. Hamımızın yükünü çiyinlərinə aldı. Məni ən çox məhv edən onun bu qədər fədakarlığı idi. Allah onu bizdən aldı, amma yenə şükürlər olsun torpaq uğrunda şəhid oldu, qürurluyam. Onun bir illik yoxluğunda bir böyrəyini itirmiş insan kimi yaşayıram. Onu hiss edirəm amma eyni acıları, sevincləri yaşaya bilmirəm.
- Kamran bəy, dediniz ki, Neft Akademiyasında ödənişli oxuyursunuz. Dövlət tərəfindən illik ödənişiniz ləğv edilibmi? Ya da siz bununla bağlı akademiya rəhbərliyinə müraciət etmisinizmi?
- Yox, bizim ailədə işləyən yoxdu. Atam ustadır, ara-sıra iş olanda işləyir. Qaldı ki müraciətə, mən bu haqda danışmaq istəmirəm və kimsə də mənim illik ödənişimi ləğv etməyib. Mən qardaşımı, özümü itirmişəm. Elə bir müraciət eləməmişəm, amma bunu etsələr ailəmi böyük yük altından çıxarmış olarlar. Olmasa da, yenə də sağlıq olsun.
- Hüseynin ölümü ilə bağlı sizinlə kim daha çox dərdləşir, maddi, mənəvi dəstək olur?
- Vallah bu sual bir az qəliz oldu. Onun öz dostları, mənim təhsil aldığım ali məktəbdəki tələbə yoldaşlarım həmişə dəstək olmağa çalışırlar. Amma biz kimsədən maddi dəstək gözləmirik. Qaldı ki, yerli icra hakimiyyətinə onu atam daha yaxşı bilər. Mənim Hüseynim şəhid olub, gerisi mənə hekayədir.
Söhbətimizə şəhidin anası Təranə Dəmirli də qoşulur. Heç söhbət etmədən kövrəlir. Əslində mən də nə sual verəcəyimi unudacaq qədər kövrəlirəm, boğazımı qəhər tutur. Ancaq Təranə xanım özünü toplayıb danışır:
-Təranə ana, Hüseynsiz həyat necədi?
Hüseyn bizləri yox, Vətəni, torpağı seçdi və torpağa sarıldı!
- Mənim üçün Hüseynsiz həyat yoxdu. Hüseynim bütün ailəni düşünəcək qədər ağıllı idi. Ən adi əl işləri belə səliqəli idi. Bax bu gördüyünüz həyətdə onun əl izləri hər gün mənimlə danışır. Adi bir misal deyim: bu adam, əkiz qardaşına çox bağlı idi. Bir gün sual verdim ki, evimizdə ən çox kimi istəyirsən? “Dedi, qardaşım Kamranı” İnanın, Kamran ali təhsil alır deyə ona ev almaq üçün qəpik-qəpik pul toplayırdı. “Deyirdi, qardaşım kirayədə, qohum evində əzik qalmasın”. Bütün dərdini mənlə bölüşürdü. Uşaqlarım ataları həmişə qapalı olub, sözlərini dost kimi mənə deyiblər. Hüseyn isə daha fərqli idi, o bəzən içinə qapanırdı. Mən fikir verməyim deyə çox məsələləri məndən gizlədirdi. Allah şahiddi, ataları onlar dünyaya gələn gün necə sevinirdi, bütün xəstəxana işçilərinə pul paylayırdı. Amma Hüseyn bizləri yox, vətəni, torpağı seçdi və torpağa sarıldı.
Bir ana düşünün, 365 günün hər saniyəsi oğlunun…
Bütün dərdi bizlərə atasına, kömək etmək idi. Bunu bacarırdı da. Bütün pulunu bacısına verdi ki, toplasın ev alsın. Atasının xasiyyətini sevirdi. Elə deyirdi ki, atam qazandığını gizlədən deyil, kişi kimi yaşamağı bacarır. Atam əsl sənətkardı. Keşkə biz də onun kimi ola bilsək. Balamın bütün arzuları torpaq oldu. Siz bir ana düşünün, 365 günün hər saniyəsi oğlunun o, qapıdan girəcəyini gözləsin və ayaq səslərini eşidib boylansın. Buna daha nə qədər dayanaram bilmirəm?
Təranə xanım, yanında oturan kiçik oğlu Rəsulun saçlarına əl çəkərək deyir: “Hüseyn vaxtından artıq xidmətdə olanda bu kiçiyim də Tovuzun Muncuq kəndində əsgərlikdə idi. Ona hər şeyini əksiksiz göndərərdi. İmkanı nə qədər çatırdısa qardaşlarına, bizlərə baxırdı. Amma bizim onun sadəcə quru nəfəsinə ehtiyacımız vardı.
Kiçik qardaş Rəsul Dəmirli də qardaşı haqda danışmağa cəhd edir amma sadəcə bir neçə kəlimə deyə bilir:
“ Mən Hüseynin şəhid olduğu gün Tovuzun Muncuqlu kəndində idim. Orda xidmət edirdim. Gecədən içimdə qəribə hisslər vardı. Sən demə atam da eyni hissləri keçirirmiş. Sabah oldu xidmət davam edir amma kimin qardaşı-qohumu atışma ərazisində idisə onlar hər səsdən qorxurdular. Mən də qardaşım üçün narahat idim. Komandirlərimə gələn hər zəngdə qulağım vardı. Amma “qorxunun əcələ faydası olmaz” deyiblər e, bax o baş verdi və komandirmə gələn zəngdə əmim danışırdı. Ancaq mən bunu eşitdim. Ondan sonrasını xatırlamıram. Özümdən getmişəm. Çox danışmaq istəmirəm. Demək ki, Hüseyn torpağa olan istəyini həyata keçirəcəkdi və bunu da etdi. Biz qürurluyuq. Kimin kömək edib-etməməsi bizə maraqlı deyil, təki Vətən sağ olsun.