2022/05/Kamra-1653938883.jpg

line
Adı: Şirəliyev
Soyadı: Kamran
Ata adı: Faiq o
Doğum tarixi: 28.02.1994
Şəhid olub: 02.04.2016
Rütbəsi: əsgər
Təltifləri
«Hərbi xidmətdə fərqlənməyə görə» medalı (III dərəcə)
Bir mavi gözlü Kamran var idi… “…Gəncəyə oğlumun andiçmə mərasiminə getmişdik. Ondan ayrılıb gələndə bir külək qopdu ki, gəl görəsən… Bəzən təbiətdə belə olur…Külək əsir, əlindəki nəyicə güclə alıb aparır… Aparmır … qoparır səndən… Ulayır, hayqırır, aləmi dağıdır külək… Həmin gün də elə idi… O küləkdən yaman qorxdum, sanki içimdə nəsə qırıldı. Öz-özümə dedim ki, görəsən bu nə külək idi əsdi belə?.. O gündən ürəyimdə bir qorxu gəzdirirdim. Hərdən fikirləşirdim ki, birdən bu ayrılıq küləyi olar. Elə bil nəyisə qopramışdı o külək məndən…”.

Bu sözləri aprelin 5-də Tərtərdə Talış yüksəkliyində erməni təxribatının qarşısını alarkən şəhid olmuş əsgər Kamran Şirəliyevin anası Elvira xanım deyir.

Sən mənim bir dinarım,
Bir axçam, bir dinarım.
Amandır əsmə külək,
Salarsan birdi narım!.

Şəhid anasının dediklərindən:

“Dədə- babadan elə bu Mərdəkan kəndinidə yaşayırıq. Üç övladımız olmuşdu, qızlarım Məsmə və Aysel Kamrandan böyükdürlər. Kamran 1994-cü ildə fevral ayının 28-də doğulmuşdu. Mərdəkandakı Hacı Zeynalabdin Tağıyev adına məktəbin 9-cu sinfini bitirəndən sonra, Texniki Peşə Liseyinə getdi. Orda tarktorçuluq peşəsini öyrəndi. Heç boş dayanmağı sevməzdi. Gah usta yanında işlədi, gah quşçuluq fabrikində... Fikri-zikri o idi ki, ata-anasına kömək etsin, gözə görünən evimiz olsun. Aylıq maaşını alan kimi, evin əyər-əysiyini alıb gətirirdi ki, təmirə başlayacaq. Ən böyük arzusu evimizi təmirli görmək idi. Nə bilim vallah… o qədər arzuları var idi ki, balamın… Hansı birini deyim… 2015-ci ilin iyul ayının 7-də Kamranı Vətənə xidmət etməyə yola saldqıq…



Atası da , mən də xəstəyəm. “Aprel döyüşləri” başlayanda bizə heç xəbər verən olmadı. Ancaq iş yerində mənimlə işləyən rəfiqəm var, onun oğlu da ön cəbhədə idi. Ana kimi o da narahat idi. Mən lap çox narahat oldum. Mənə dedi ki, “ay qız, sən niyə narahat olursan, sənin oğlun ki, arxa cəbhədədir”. Analar hər şeyi hiss edərmiş… Ürəyim əsim-əsim əsirdi köksümdə. Axırıncı dəfə martın 29-da hamımızla danışdı. Kefi də yaxşı idi. Əsgərliyindən razılıq edirdi. Elə bil əsgər gedəndən sonra bir az da kişiləşmişdi. Arxayınlaşdım həmin gündən sonra. Ancaq axırıncı dəfə aprelin 3-də zəng vurdu. Onda bizimlə az danışdı. Atası ilə isə danışanda son sözü bu oldu:

-Ata özündən muğayat ol!.

Atası da qayıdıb dedi ki, “mən yox e… a bala, sən özündən muğayat ol”.

Heç bizi ön cəbhədə olmasından da agah eləmdi. Sən demə oğlum bizimlə vidalaşırmış”.



Beləcə, həmin axşam valideynləri, doğmaları son dəfə səsini eşidib, heç özləri də bilmədən vidalaşıblar Kamran Şirəliyevlə. Kamran isə bilirdi ki, döyüşə gedir… Atasını dünyalar qədər istəyirdi, atası üçün həmişə nigaran idi, çünki bilirdi ki, atasının ürəyi xəstədir. Onu hər sözdən, xəbərdən qoruyurdu, onu ağır iş görməyə qoymurdu…

…Sonra aprelin 5-i olacaqdı. Elvira xanım iş yerində qərar tapmayacaq, gah tikişi düz vurmayacaq, gah tikiş iynəsini qoyduğu yeri itirəcəkdi. Ancaq həyəcanı keçməyəcəkdi ki, keçməyəcəkdi. Ürəyi köksündə çırpınarkən, dərzi qızlardan biri, administratorun otağında onu gözləyənlərin olduğunu deyib. Elvira qaçaraq, gözləyənlərin yanına gedir. Tanımadığı adamlar əsgərlərdən danışırlar, sonra deyirlər ki, “oğlunuz yaralıdır, hərbi hospitaldadır. Evə gedin, indi evə gətirəcəklər…”.

Oğul yolu gözləyən analar bilər, bu sözün ağırlığını, yükünü, ağrısını. Elvira xanım özünü itirməyib, “əgər hospitaldadırsa, məni aparın da, evə niyə gətirirsiniz, onda deyin ki, oğlum yoxdur…” deyə bilib… sonra onu evlərinə gətiriblər.



Aprelin 5-dən 6-na kimi oğul yolu gözləyib Faiq Şirəliyevlə Elvira Şirəliyeva. Səhər saat 6-da Kamranı gətiriblər. Mərdəkan küçələri belə izdiham görməmişdi. Bütün kənd, Xəzər rayonu şəhidini qarşılayırdı. Vətən ayaq üstə idi. Hamı Vətən uğrunda döyüşmək üçün and içdi: “Bu qan yerdə qalmayacaq”, “Şəhidlər ölməz, Vətən bölünməz!”.
Kamran Şirəliyevi Vətən torpağına əmanət edərkən tabutuna bükülmüş bayrağı atası Faiq Şirəliyevə verdilər. O da öpüb gözünün üstünə qoydu şanlı bayrağı.



- Əvvəl isti-isti idi. Gəlib-gedən də çox idi,- deyir Faiq Şirəliyev.
“İndi bu həyətdə hər qarışda yeri görünür Kamranımın. Arxam, dayağım idi. Atalarda bir söz var, oğulun öz yeri, qızın öz yeri. Kamransız bütün tifağım dağılıb. Mənim qocalığımda dayağım olacaqdı, kürəyimi ona söykəyəcəkdim. Özü də ailəcanlı, qeyrətli oğul idi. Nə danışım… Hər gün onun söhbəti gedir bu evdə… Bacılarının üzünə baxa bilmirəm… Ovuda bilmirəm Məsmə ilə Ayselimi. Kamran sağ olanda anası da, mən də müalicə alırdıq, indi … daha həkimlərə müraciət etmirik, harda qırılarsa, qırılsın…”.

Bacıları Məsmə və Ayseldən soruşuram qardaşları Kamranı. İki bacının gözləri yenə bulağa dönür, göz yaşaları yanaqlarından sinələrinə düzülür.


- Qardaşımı heç unuduram ki… heç yaddan çıxır ki, onun kimi qardaş yox idi, – Məsmə danışır. Tez-tez gəlib qapımı açırdı, oğlumu sevindirirdi. Axırıncı dəfə dayanacaqda görüşdüm, yola saldım onu. Dedi ki, “bacı, bax gör burda mənim kimi qəşəng oğlan var”. Sevinirdim qardaşıma görə, fəxr edirdim. Qardaşımın gözləri dəniz rəngində idi, dəniz kimi çılğın idi, həyatsevər idi. O bir kimsəni incitməmişdi. Bütün qonşuların, dostların harayına çatırdı. At üstünə minəndə cəngavərə bənzəyirdi. Öz atı var idi, minəndə deyirdi ki, bu at məni muradıma çatdıracaq. Muradı gözündə qaldı qardaşımın. Nə yaşadı ki, adamın da 22 yaşında qardaşı ölər?! Kamran ölən gündən biz hamımız ölmüşük, indi onunla görüşəcəyimiz günü gözləyirəm. Əlimdən nə gəlir ki…



Gəmi gəldi yan oldu,
Gecə keçdi, dan oldu.
Qardaşım vaxtsız öldü,
Ürəyim al qan oldu.


Aysel də qardaşından danışdı. Qolundakı bilərziyi göstərib dedi ki, ona qardaşından yadigar bir bu gümüş bilərzik qalıb. Bir də onu dedi ki, bu yerlərin adət-ənənələrinə görə qız-gəlinlər, kişilərlə əl verib görüşməzlər, lap qardaşları olsa belə, onu qucaqlayıb öpməzlər. İndi qardaşı ilə qucaqlaşıb-görüməməyi özünə bağışlamır. Elə istəyir ki, bircə dəfə qardaşının boynuna sarılıb, onun ətrini sinəsinə çəksin, qoxlasın doyunca:



- Mən qardaşımdan doymadım. Məsmə ərə gedəndən sonra, məbəxdə yemək süfrəsinə oturanda Kamran həmişə darıxırdı. Deyirdi ki, indi birimiz yoxuq. Çox istəyirdi Məsməni. Deyirdi ki, hər yerdə Məsmənin yeri görünür. İndi bax elə, özünün dediyi kimi, kimsə çatışmır, öyrəşmək olmur qardaşsızlığa, hər yerdə əllərinin izi, nişanəsi qalıb. Mənim qardaşımın toyu da olmadı, onun üçün xonşalar bağlamıdıq, onun üçün bu həyətdə “Vağzalı” çalınmadı... barı bir dəfə əsgər paltarında görəydim, öyünəydim onunla... Əsgər paltarında tabutunu gətirdilər Kamranımızın...


Əziziyəm dadı var,
Yaman şirin dadı var.
Yüz igid arasında,
Qardaşımın adı var.


Hərbi hissəyə yetişəndən sonra Kamran bir vərəqə qayıdacağı tarixi də qeyd etmişdi: 08.07.2015- 01.01.2017



Kamran həyatsevər idi, dənizi sevirdi, atları sevirdi, təbiəti sevirdi. Əsgərliyə gedəndə Xəzərin sahilində atı ilə son yürüşünü etmişdi. Elə bilirdi ki, qayıdacaq... Kamranın atı onu arzularına çatdırmadı...

P.S. Bizim şəhidlərimiz 1992-ci ildən bəri Vətənimizin azadlığı uğrunda qan tökürlər, baş daşlarına dönüb məzarlıqlarda bitirlər. Onların qəhrəmanlıq tarixlərini unutmayın, onları hər gün yad edin, bizim Şərəf tariximizdirlər. Onların bu qanlı mübarizələrini 14 əsr sonra da yaşatmağı bacarın. Azərbaycan, azərbaycançılıq, türkçülüyümüz, torpaqlarımız uğrunda şəhid olanlarımızı unutmayın. Onların müsibəti Kərbəla müsibətindən də qanlıdır, faciəlidir. Qəhrəmanlıqlarla dolu azərbaycançılıq, türkçülük tariximizi gələcəyə daşıyın.



Aida Eyvazlı
Memorial.az