2022/06/24894-1654197822.jpg

line
Adı: Quliyev
Soyadı: Mahir
Ata adı: Qədir
Doğum tarixi: 21.12.1992
Şəhid olub: 02.04.2016
Rütbəsi: əsgər
Təltifləri
«Hərbi xidmətdə fərqlənməyə görə» medalı (III dərəcə)
Mahir Quliyev 2015-ci ilin may ayında Azərbaycan Texniki Universitetinin Elektrotelekomunikasiya və radio mühəndisliyi fakülitəsini bitirib. Həmin il ölkəmizdə I Avropa Oyunları keçirildiyinə görə, ali məktəbləri tez bağlamışdılar. Nə diplomunu almışdı, nə də tələbə yoldaşları ilə çəkdirdiyi sonuncu albomunu. Amma, əslində bütün tələbələrin, məktəblilərin ən çox marağında olduğu həmin şəkil albomudur. Əgər o albomu alası olsaydı, orada dostları Əbdülməcid Axundovun, Mahir Mirzəyevin, Elvin Mirzəyevin və bir də özünün şəklini görəcəkdi. Ancaq görmədi. Belə olmadı.

Düz 9 ay sonra, Azərbaycan Texniki Universitetinin 2015-ci il məzunları olan bu diplomlu oğlanların 4-ü də bir gündə, eyni döyüşdə şəhid olacaqdılar.

Memorial.az modern.az-a istinadən "Aprel döyüşləri"ndə həlak olmuş şəhid Mahir Quliyevin həyat yolunu təqdim edir:

Mahir Quliyev Bakıdakı 308 saylı orta məktəbi bitirmişdi. Anası Lalə Quliyeva onun çox səliqəli bir insan olduğunu söyləyir. Və hətta birinci sinifdə geyindiyi ağ kostyumunu və ayı oyuncağını gətirib göstərir. Bəli... Şəhid analarının hamısı belə olur. Övladlarından qalan cansız xatirələrlə yaşayır, doya-doya boyunu sevmədikləri balalarının ətrini o xatirələrdən almaq istəyirlər.

İndi bütün şəhid evlərində olduğu kimi, Quliyevlər ailəsi də Mahirin bir vaxtlar boş vaxtlarında oturub işlədiyi yazı masasını onun xatirə guşəsi edib. Bu xatirə gusəsinin üstündə onun əşyaları və həyatının müxtəlif gözəl anlarını özündə əbədi yaşadan fotoları və fotoalbomları... bir də üzünü görmədiyi diplomu dayanır.

Anası Lalə Quliyeva:




- Sonuncu dəfə Mahiri fevral ayının 7-də ezamiyyətə gələndə gördük. Ona da gördük demək olmazdı ki... Bütün cavanlar kimi gününün çoxinu dostları ilə keçirdi. Həmin 10 gün ərzində bütün qohumlarımızın evinə gedib onlarla görüşdü... Elə bil ürəyinə dammışdı ki, bir daha gəlməyəcək. Balam hər kəsin ürəyində, gözlərində son şəklini qoyub getdi. Novruz bayramında da bizi yanına getməyə qoymadı. Ancaq zəng vurub məhəllədə sakinlərin bayramı necə keçirmələri ilə maraqlandı. Dedim ki, sakitçilikdir. Təəssüfləndi. Adətən hər il Novruz bayramında Mahir məhəllənin uşaqlarını, həmyaşıdlarını ətrafına yığıb, tonqal qalayar, şənliklər düzəldərdilər... Mahir özü ilə çox şeyi apardı...



Atası Qadir Quliyev:

-Mən uşaqlarımı ərköyün böyütməmişəm. Sadə bir ailəyik. Ömrüm boyu fəhləçiliklə bala saxlamışam. Mahir universitetə qəbul olanda çox sevinirdik. Ancaq ödənişli fakültəyə qəbul olunmuşdu. Bu səbəbdən də bizə əziyyət verməmək üçün gedib restoranda axşamlar ofisiant işləyirdi. Özü də çox fəal və bacarıqlı uşaq idi. Həm də bir az teatrallığı var idi. Ölkədə elə adam olmazdı ki, onu təqlid eləməsin. Hər kəsi öz səsi ilə, ədası ilə elə təqlid edirdi ki...



Oxuduğu təhsil ocaqlarında hər zaman KVN komandası yaradardı. Onun olduğu yerlərdən gülüş, zarafat əskik olmurdu. Əsgərliyə yola salanda elə tələsirdi, bir sevinə-sevinə yola düşdü ki... Deyirdi ki, yaşıdlarının əksəriyəti Vətən borcunu verib gəlib, o da gedib Vətənin borcundan çıxmaq istəyir...

Onu ən çox sıxan cəbhə bölgəsində əsgərlərimizin şəhid olması idi. Xəbər saytlarında müharibə bölgəsində şəhid olanlar haqqında məlumat görəndə dünyası dəyişirdi. Deyirdi ki, barı bu şəhidliyin əvəzində torpaqlarımız alınaydı. Özü cavan oğulların şəhidliyinə dözmürdü... İndi biz onun yoxluğuna və ucaldığı Şəhidlik Məqamına dözürük... hətta onun şəhidliyi bizə və elimizə bir şərəf də gətirib. Mahir mənim arxam-köməyim idi. Bizimki bundan sonra həyat olmayacaq, sürünməkdir.
Onsuz yaşamaq çox ağırdır, hara baxıramsa Mahiri görürəm, hər yer mənə Mahiri xatırladır.
Aprelin 2-də xəbər aldıq ki, Mahir ayağından yaralanıb. Anası, qohumlarım yığışıb getdik onun hərbi təlimə aparıldığı Tərtərə. Kimdən soruşduqsa, gördüm deyən olmadı. 3 gün Tərtər, Yevlax, Gəncədə döymədiyimiz həbi hissə qapısı, baxmadığımız xəstəxana qalmadı. Ancaq kimsə bizə bir söz demirdi. Sonradan-sonraya dedilər ki, sizin oğlunuzun adı itkinlər siyahısındadır. Və artıq əlim hər şeydən üzüldü... Lakin yox olmasını heç cür xəyalımda canlandıra bilmirdim. Anası Lalə isə hələ isti-isti olduğundan "itkin" sözünün mənasını dərin anlamamşıdı. O hələ Mahiri gözləyirdi.



Lalə Quliyeva:

- Tərtərdə olduğumuz müddətdə bir top səsləri, mərmi səsləri gəlirdi ki... qulaq tutulurdu. Sakinləri də cəbhə xəttinə yaxın ərazilərdən köçürmüşdülər. Öz-özümə deyirdim ki, biz bu səslərdən belə diksiniriksə, anası ölmüş əsgərlər, zabitlər necə dayanır bu silah-sursatın qabağında. Ancaq cəbhə bölgəsinə olan insanlarda bir yüksək əhval-ruhiyyə var idi. Qələbəyə inanırdılar. Bəlkə məni də sınmağa, oğlumun yoxluğuna inanmağa qoymayan bu inam idi. Nə bilim vallah. Evə qayıtdıq



Baxıram ki, qohum-əqraba, qonum-qonşu hamısı tez-tez bizə gəlib dəyib gedirlər. Fikirləşirəm ki, oğlumun yarası var da, yəqin ki, dövlətimiz axtarıb tapacaq... Gözləyirəm... Mən eyvana çıxanda baxıram ki, həyət boşdur. Sən demə, Mahirin dostları pusquda durublar ki, mən eyvana çıxanda, ya həyətə düşəndə adamlara xəbər edirlər ki, bir yerdə qələbəlik yaratmasınlar ki, mən nəsə hiss etməyim. Bircə onu özümə bağışlaya bilmirəm ki, tabutda bayrağa bükülü həyətimizə gətirilən balamı, düşüb qarşılamadım. Tabut evə gələnə qədər Mahirin yoxluğuna inanmırdım. Ayın 8-nə qədər Mahir neytral zonada qaldı. Ermənilərin açdığı atəşdən həlak olubmiş balam. Mahiri mən qarşılamadım. O özü çiyinlərdə evə gəldi. Ancaq tabut içəri gətiriləndə başa düşdüm ki, oğlum gəlməyəcək...
Axı mən onu gözləyirdim... O gündən bu günə evimin hər yerində bir kədər, bir qəm havası var... Heç televizoru da açmırıq... Mahirsizliyə öyrəşmək çətindir...

Şəhid Mahir Quliyevin ata- anası ilə söhbət etdiyim vaxt, kənarda oturmuş bir ağbirçək xanım, için -için ağlayırdı. Soruşdum nəyisən bu ailənin?
- Qapıbir qonşusuyam, - dedi ,- Sara Bağırova:

- Bunlar o qədər çətinlik görüblər ki, şahidi mən olmuşam, bir qarnı ac, bir qarnı tox böyüdüblər o uşaqları. Elə indi-indi özlərinə gəlirdilər. Şükür allaha deyirdilər ki, daha Mahirin əli çörəyə çatıb. İnanırsınız ki, uşağın yaralanması xəbəri gələndə Mahirin dostu Qadirin cibinə pul qoydu ki, rayona getsinlər.
Uşaq ödənişli fakültədə oxuduğundan, sonuncu ildə də diplom alan zaman çox xərcə düşdülər. Qadir gedib banka borca girdi. O diplomu indi gətirib gərəksiz bir əşya kimi stolun üstünə qoyublar. Kaş özü sağ olaydı... O bir başqa bala idi. Hamımızın sevinci, güvənc yeri idi. Bütün qonşular ondan razı idi. Böyük-kiçik yeri bilən idi.
Üzü qara olsun müharibənin, gör neçə igidimizi apardı... Barı bundan sonra o erməni separatçılarından torpaqlarımızı alsalar, deyərik ki, nahaqdan getmədi. Həmin günlərdə bizim həyətdə də bir təlatüm var idi ki... Bayraqlar dəniz kimi dalğalanırdı... Mahiri təmtəraqla qarşılayıb, elə adına layiq də yola saldılar. Üçüncü Fəxri Xiyabanda dəfn olundu. Üçüncü dərəcəli ordenlə təltif olundu... Lələnin ağlamaqdan ürəyi qana dönüb. Heç cürə evdə sakitlik tapa bilmir. Qadir də işləmir. Yasamal rayonunun əlaqədar və səlahiyyətli orqanlarına dəfələrlə müracitə etsələr də, bu kasıb ailənin üzvlərinə, bu şəhid valideynlərinə adicə bir fəhlə işi də verən yoxdur ki, barı evdən çıxıb gedib, bir az dərdlərini unutsunlar. Onsuz da bu çəkiləsi dərd deyil, Mahir unudulan deyil, ancaq, bu qədər də etinasızlıq etməzlər axı...

23 yaşlı Mahirin 38 yaşlı gənc anası onun əşyalarının içərisindən bir neçə məktəbli məktubu da gətirdi. Azərbaycan məktəbliləri hərbi xidmətdə olan əsgərlərə məktublar yazırlar. Belə məktublardan birini də 19 nömrəli orta məktəbin 4-cü sinif şagirdi Fatimə yazıbmış. O məktub əsgər Mahir Quliyevin qismətinə düşüb:

"Salam Əsgər. Mənim adım Fatimədir. Mən sənə məktub yazmaq istəyirəm. Necəsən? Kefin necədir? Əyin-başın qalındırmı? Bilirsən niyə "Əsgər" sözünü böyük həriflə yazıram? Çünki bu sözü eşidəndə qürurlanıram. Mən Sizə , yəni Əsgərlərə böyük qiymət verirəm. Mən bunu heç vaxt unutmaram ki, biz isti və rahat yerimizdə yatarkən, Siz əlinizdə silah səngərdə Vətənin keşiyində durursunuz. Ata-anan səni yəqin qürurlu, mərd bir övlad kimi böyüdüb, biz bu gün yatağımızda rahat yata biliriksə, bu da Sizin sayənizdədir. Mən də istərdim ki, əsgər bacısı olub, qardaşıma Əsgər məktubu yazım. Mən Azərbaycanla fəxr edirəm, çünki Sizin kimi böyük oğulları yetişdirib. Eşq olsun Azərbaycan Əsgərinə!. Hörmətlə, Fatimə".

Bu bir azərbaycanlı məktəblinin ƏSGƏRƏ verdiyi dəyərdir.




Azərbaycan torpağının azadlığı, uğrunda canından keçən şəhidimiz Mahir Quliyev də bu məktubu anasına verəndə demişdi: "Ana əsgərlikdən qayıdanda gedib bu qızı tapıb, ona gəlincik alıb verəcəyəm...".

Bağrı qan olan Lalə Quliyeva bu il dekabrın 21-də oğlunun 23 yaşını qeyd edəcək. Mahirin dostları, yoldaşları, qohum-əqraba bu evə gələcək. Ad gününü Mahirsiz qeyd edəndən sonra, şəhid anası Lalə gedib həmin balaca Fatiməni tapıb, Mahirin almaq istədiyi gəlinciyi ona bağışlamaq istəyir, Mahirin əvəzinə.

Bu evdə danışmayan bir Cavid oldu, Mahirin kiçik qardaşı, bir də ortancıl qardaşı Hüseyn. Hüseyn Sərhəd qoşunlarında hərbçi kimi qulluq edir. Cavid isə, danışa bilmədi ,gözləri doldu, ancaq sonradan sosial şəbəkədə qardaşına yazdıqlarını oxudum, 11-ci sinif şagirdi Cavid qardaşı Mahirə yazmışdı ki, "... Mahir darıxıram sənin üçün, çox darıxıram..."


.

Memorial.az