Bir bilsəniz ki, o şəhid evləri adlandırdığımız qapıları döymək nə qədər çətin olur. Və biləndə ki, o, Vətən yolunda şəhid olan ailənin tək oğlu, son ümidi idi... O zaman fikirlər, dərdlər burulğanında qalırsan. Fikirləşirsən ki, gedim nə soruşum, nə deyim? Gedim soruşum ki, oğulsuz qalan ata-ana, neyləyirsiniz? Necə yaşayırsınız?! Ancaq bu ağrıların, bu acıların içərisində o müqəddəs şəhidlərimizin ruhlarını bircə an sevindirmək belə, nə qədər çətin də olsa, yenə gedirəm o qapılara...
Bu dəfə 2-5 aprel döyüşlərində qəhrəmanlıqla həlak olan Mahir Mirzəyevdən danışacam. 1994-cü il fevral ayının 17-də Bakıda doğulmuşdu. 2011-ci ildə ildə Nərimanov rayonundakı 36 saylı məktəbi əla qiymətlərlə başa vurduqdan sonra Qafqaz Universitetinin ödənişli fakultəsinə daxil oldu. Lakin ailəsini, ata-anasını əziyyətə salmamaq üçün ən çox sevdiyi təhsil ocağından imtina edib, Azərbaycan Dövlət İqtisad Universitetinin ödənişsiz bölümünü seçdi. Özünə heç vaxt boş zaman ayırmadı. İngilis və fars dilini öyrəndi. İnsana ziyan gətirməyəcək nə vardırsa, onu öyrənməkdən usanmadı.
Həm məktəbdə, həm də universitetdə layiqli tələbələrdən oldu, ədəbi-ləyaqəti ilə oxuduğu təhsil ocağına hər zaman hörmət gətirdi. 2015-ci ildə İqtisad Universitetini də müvəffəqiyyətlə bitirib, ürəyində arzu kimi bəslədiyi Qafqaz Universitetinin magistr şöbəsinə daxil oldu. Lakin bu dəfə təhsilini davam etdirməyi sonraya saxladı. Dedi ki, “Öncə Vətəndir”. Çiyinlərində bir əsgəri xidmət yükü var idi. O hərbi xidmətə gedib, özünü təsdiq etməli idi. Hərbi xidmətə çağırılana qədər isə Azərbaycanda böyük təntənə ilə qeyd edilən “Bakı -2015 Avropa Oyunları”nda könüllü kimi iştirak etdi. Orada da özünə xeyli dostlar qazandı. Və həmin o gün gəldi. O günü çox gözləmişdi, Vətəni qorumağa, onun keşiyində durmağa gedirdi. 2015-ci il iyul ayının 6-da atası Sabir, əmisi Samir, doğmaları və dostları onu Bakı Dəmiryolu vağzalından əsgərliyə yola saldılar...
Mahir Mirzəyev hamıdan əvvəl atılıb qatara mindi, sonra pəncərənin önünə keçərək, başını oradan çıxarıb dostlarla, qohumlarla danışıb-güldü. Qatar yola düşəndə əllərini yelləyib hamıya “salamat qalın!” dedi. Atası Sabir Mirzəyev dayanıb oğluna əl edəndə, əlləri havadan asılı qaldı... Bir andaca fikri yayındı. Və nədənsə, necə oldusa, “Bizim Cəbiş müəllim” filmindəki dəmiryolu vağzalından müharibəyə yola düşmə epizodunu xatırladı. Və yenə də elə bil birdən silkələndi, özü-özünü qınadı, ürəyində deyindi ki, bu nə idi fikirləşdim, indi ki, müharibə deyil, indiki sakitlikdir...
Evinə söhbətə getdiyim Sabir Mirzəyev İnqilab küçəsində, dar dalanlardakı köhnə məhəllələrin birində yaşayır. Belə məhəllələrin də xüsusi özəlliyi, gözəlliyi, xarakteri, ab-havası olur. Belə məhlələrdə insanlarda qonşuluq, salam-əleykim adətən daimi olur. Hər kəs böyük-kiçik yerini bilir və yolunu gözləyir. O dar dalanlarla alçaq damlı evə girdik. Xanımı Gülzarla görüşdüm. Başsağlığı verdim. Sabir Mirzəyev bir qutu gətirdi. Oğlunun əlindən qalan əşyaları götürüb baxır, hər biri haqqında danışırdı. Göm-göy gözlərində işıq var idi. Gülürdü gözləri. Və mən o gülüşün təsirindən dəhşətə gəlirdim. Bilirdim ki, bu dərdin gülüşüdür. Mahirdən qalan əşyaları əlinə aldıqca, Mahirin əli toxunan o əşylara toxunduqca, elə bilir ki, Mahirə toxunur, elə bilir ki, Mahirlə görüşür. O qələmlərdə, saatlarda Mahirin əl izləri, bədəninin hənirtisi var idi elə bil... Oğlunu itirib oturan ata, cansız əşyalardan təsəlli almaq istəyirdi. Bağırmaq istəyirdim, haray çəkmək istəyirdim, müharibəyə nifrət edirdim, qana hayqırırdım... Nə olur etməyin bu müharibələri, tək oğlunu öldürüb, ataları onların paltarlarına, əşyalarına möhtac etməyin. O səhnəni görmək, anlamaq, sonra da çalın-çarpaz dağ kimi ürəkdən keçirməyə də qeyrət lazımdır. Və Sabir Mirzəyev kimi neçə atalar, analar aprel döyüşlərindən sonra, oğullarının əşyalarından təsəlli tapırlar.
Sabir müəllim danışdıqca, danışırdı, Mahairli xatirələr tükənməzdir...
2-5 aprel günlərində Gülzar xanımla Sabir müəllim heç narahat da deyillərmiş. Sabir kişi fikirləşirmiş ki, lap elə müharibə başlayıbsa, düşmənə zərbələr endirilib, cavabı verilirsə, bunun üçün yəqin ki, ön cəbhəyə daha təcrübəli əsgərləri, hərbçiləri apararlar.
Aprelin 1-i hələ 98 günü qalmışdı Mahirin. Hər həftə günlərini sayırmış. Sonuncu dəfə danışanda deyir ki, 98 günü qalıb tərxis olunmağa. 1 apreldən sonra Mahir telefona cavab verməyəndə, Gülzar xanım narahatçılıqla həyat yoldaşı Sabirə deyir ki, uşaqdan bir xəbər bil. Sabir isə çox arxayın halda, kimdir onları ön cəbhəyə aparan, onlar indi, arxada səngər qazırlar, bərkitmə işləri görürlər. İki gün keçir. Gülzar yenə ərindən soruşur. Deyir ki, birdən uşaq torpağın üstündə yatar, soyuqlayar. Sabir isə arın-arxayın, “indi nə zəmanədir, ay qız, torpaq üstündə əsgər yatar? Ən azı maşında zadda gecələyirlər” deyə cavab verir.
Lakin nə biləydilər ki... Mahirin ruhu artıq göylərdən onlara əl eləyir...
Amma elə bu günlərdə iki narahat insan da var idi. Biri Mahirin həkim bibisi Zemfira Mirzəyeva, digəri isə nənəsi Yazgül. O aprel günlərində nənənin gözlərinə yuxu getmədi, yatağına uzandı, yataq yedi canını, durdu gəzdi əlləri, ayaqları, ürəyi titrədi. 81 yaşı var idi. Dünyanın hər üzünü görmüşdü. Bu elə belə titrəyiş deyildi, bu həyəcan yaxşı həyəcan deyildi. Qızı Zemfira xanıma acıqlandı: “Ay bala, Sabirgil fil qulağında yatıb, get hərbi komandanlıqlardan, bir xəbər bil, gör o uşaq haralardadır... Mən rahatlıq tapa bilmirəm”.
Aprelin 6-dan sonra Zemfira xanım qapı-qapı düşüb, qardaşının oğlunu soraqladı. Salyan kazarmasına gəlib çıxdı, orada əlində siyahı olan bir nəfər hərbiçi dedi ki, oğlunuz itkinlər siyahısındadır. Dünya-aləm Zemfira xanımın başına dolandı. Yəqin ki, səhv edirdilər, yəqin ki, belə olmazdı. Bəlkə hələ tapacaqdılar. Qardaşı Sabirdən, anasından başqa hər kəsi məlumatlandırdı. Və məlum oldu ki, əmisi nəvəsi Həzimənin oğlu Fəxrəddin Seyfəddin oğlu Qurbanlı da itkindir. İkisi eyni vaxta getmişdilər. Hər ikis institutu bitirib getmişdi. Fəxrəddini axtarmağa gedən qohumu Nizamiyə zəng etdi. O dedi ki, hələ bir xəbər yoxdur.
Həmin günlər qardaşı Sabir narahat deyildi. Bəlkə də oğlunun yox ola biləcəyini qəbul etmək istəmirdi. Çünki Mahir hara getsə qayıdırdı, dəyirmana ölü salsan, diri çıxardı.
...Bərdədə yox, Yevlaxda yox, Quzanlıda yox... Axırda Yevlaxın morqundan gətirdilər. Ayın 8-i isə bütün ümidləri üzüldü, son ümidini də ödürdülər Zemfira xanımın. Anası Yaygülə xəbər elədi. Biləcəridəki ata evində qarşılanma mərasimi olacaqdı... Salamat hərbi xidmətə yola saldığı qardaşının yegənə balasını gətirəcəkdilər. “O gün bu gün, özümə gələ bilmirəm” deyir Zemfira xanım:
“Həmin gün bizim nəsil-nəcabətdən üç şəhidimiz oldu. Əmim qızı Həzimənin bircə oğlu Fəxrəddin Qurbanlı, onun ölüm xəbərini eşidib ürəyi partlayan əmim oğlu Malik və mənim qardaşımın tək oğlu Mahir. 9 aprel günündə bizim nəslin üç evindən üç tabut çıxdı. Onlar da Mahirlə eyni gündə dəfn olundular. Artıq Mahirin əsgərlikdən gələn vaxtı da keçdi. O, hərbi xidmətini tamamlayıb iyulun 6-da evinə gələcəkdi. Sentyabrın 15-də Qafqaz Universitetinə dərsə gedəcəkdi. İndi oturub söhbətləşəndə bir qüsur tapmırıq ki, onun haqqında deyək ki, filan işi düz eləmədi. İnsan ömrü üçün 22 il nədir ki? Ancaq bu uşaq 22 illik ömrünə çox böyük arzular, uğurlar sığdıra bilib. Elə bil harasa tələsirdi. Qafqaz Universitetində magistr təhsili almaq istəyirdi, daxil oldu. Biz ona dedik, evin tək oğlusan, magistr təhsilini də al, sonra əsgər get. Razılaşmadı. Prinsipial uşaq idi, qarşısına qoyduğu məqsədi gec-tez gerçəkləşdirirdi. Sən demə, son məqsədi də elə şəhid olmaq imiş. Mahir həm də inanclı adam idi. Son illər məscidə gedib namaz qılırdı, özünə bir neçə tərəfdaş da toplamışdı. Siqaret çəkməz, içki içməz, ancaq savab işlər görərdi. Dini xütbələr oxuyan gənc ilahiyyatçı Hacı Şahinə böyük simpatiyası vardı. Ona çox inanırdı. Gör nə məqamdır ki, Hacı Şahin heç özü də bilmədən onun dəfnində iştirak etdi və onun adına namaz qıldı, dualarını oxudu. Mahir həm şəhidlik arzusuna çatmışdı, həm də Hacı Şahinin onu son mənzilə yola saldı. İndi belə hadisələrdən özümüzə təsəlli tapmaq istəyirik".
Yazgül nənədən danışırdım axı. Nənə deyir ki, üç evin bir oğlu idi Mahir. Yazgül nənənin üç övladı var: Samir, Sabir və Zemfira xanım. Əsilləri Ermənistanın Sisyan mahalının Şixlar kəndindəndir. Əşrəf babanın törəməsidirlər. 1950-ci illərdə Bakıya köçüb gələnlərdən, yurd salanlardandırlar. Əri Knyaz Mirzəyev həkim idi. Adlı-sanlı Knyaz həkim. Bir manat haram tikə görməmişdi ocağı. Balalarını hamı kimi zəhmətlə, səbrlə böyütmüşdü. Üçünə də ali təhsil vermişdi. Sabirin 1 oğlu, bir qızı oldu. Samirin də bir qızı var. Zemfiranı zalım həyat sınağa çəkmişdi. İndi də qardaş balasının dağını vurdu ürəyinə.
Yazgül nənə nəvəsi Mahirlə nəfəs alırdı. İndi böyük çərçivədən Azərbaycan bayrağına bürünmüş şəklinə baxır. Şəkil də təsəlli vermir, bu yaşında yanıb-qovrulur nənə. Bu il yanvarın 17-si məzuniyyətə gələndə, günlərinin çoxunu nənəsinin yanında keçirdi. Neçə gün nənəsinin sinəsinə sığınıb yatdı. Nənəsi sevib qoxladı sarı balasını, ətrini bağrına çəkdi. Sarışın olduğundan ona “sarıbala” deyirdilər. Hamı aram olmağa çalışır, Yazgül nənə və gəlini Gülzarı isə kimsə bu günə kimi sakitləşdirə bilmir. Əsgərlikdən məzuniyyətə gələndə, nənə nəvəsinə baxıb fərəhlənmişdi. Hətta soruşmuşdu ki, ay bala sizə nə yedirdirlər ki, belə yekəlib, kökəlib gəlmisən. 6 ayın içərisində Mahir Mirzəyev boylu-buxunlu, enlikürək bir oğul olmuşdu. Nənəsi boyuna baxıb fəxarətlənirdi. İndi o boylu-buxunlu balasını axtarır, axtarır... Nəvəsinin əlləri dəyən yerlərdən öpür Yazgül nənə.
Şəhidimiz Mahir Mirzəyevi aprelin 9-da böyük məhəbbətlə, hörmətlə, ehtiramla dəfn etdi Azərbaycan xalqı. O şəhidliyi ilə məktəbinə, universitetinə, elinə, mahalına şan-şərəf gətirmişdi.
Bəs Sabir kişi neyləsin? Bütün şəhid anaları, ataları, bacıları, qardaşları kimi, o da özündə güc tapıb, oğlunun qəzavata yüksəldiyi məqamı öyrənməyə yola düşdü. Görüşdüyü, danışdığı insanlar hərəsi bir xoş söz dedi. İndi həmin günləri belə xatırlayır Sabir Mirzəyev:
“Bilirsiniz, məni nə çox düşündürür, həmin aprel döyüşündə həlak olan oğullarımızın hamısı tərbiyəli, vətənpərvər, mərd oğlanlar idi. Hərdən də fikirləşirəm ki, axı şəhidlik elə zirvədir ki, o hər kəsə nəsib olmur.
Mahirin hospitalda yatan yaralı dostları ilə görüşdüm. Birinin qolu yox idi, birinin ayağı parçalanmışdı. Hamısı yaralı idilər. Bir qolunu güllə aparmış Tovuzdan olan əsgər danışırdı ki, döyüşdə yaralılara kömək edirmiş, bir də baxıb ki, Mahir də yaralanıb, ancaq elə yaralı-yaralı da vuruşur. İstəyib ki, ona kömək etsin, Mahir deyib ki, Cəfərov, get başqalarına kömək elə. İrəli keçəndə, əsgər Cəfərovu da vurub qolundan yaralayıblar. O da, elə Mahirin yanına yıxılıb. Əsgər Cəfərov dedi ki, bizim əsgərlər öz qisaslarını aldılar. Çox mətanətlə vuruşdular. Bir oğlan var idi. Ayağından yaralı idi. Deyirdi ki, “əmi yaralanıb oturdum bir yerdə, fikirləşdim ki, kaş əsir düşməyim, səhərə qədər gözlədim ki, erməni gülləsi məni vursun, mən də ölüm, əsgərlərimizə qarışım. Ancaq bir dənə də olsun güllə dəymədi”.
Deməli mənim oğlumun vaxtı tamam imiş. Bəs o əli və qolu yaralı əsgər niyə ölmədi? Deməli vaxtı tamam deyildi. Oğlumun qulluq göstərdiyi hərbi hissədən 90 nəfər döyüşə getmidi. Deyillər onların 18-i qayıtmayıb. Onunla təsəlli tapıram ki, oğlum kafir öldürüb, cənnəti qazanıb”.
Sabir Mirzəyev hər fikrini sona yetirdikcə, oğlunun şəhdiliyinə, yoxluğuna bir qanunauyğunluq geyindirib, anasını, bacısını, qızını, qardaşı qızını, həyat yoldaşını sakitləşdirmək, Mahirsizliyə öyrətmək istəyir. Mən isə bilirdim ki, bu belə deyil, özünü gülən göstərmək istəyən üzündə, mavi gözlərindəki kədəri seçmək üçün hətta qaranlıq da mane olmazdı. Və bir gün sonra Sabir Mirzəyevlə o görüşümüzün son təəssüratı kimi bu şeri yazdım:
Deyirsən şəhidlik uca zirvədir,
Kimi aldadırsan, şəhid atası?!
Təsəlli verirsən yaxınlarına
Gizlində yanırsan Şəhid atası.
Arzuların vardı ümmanlar boyda,
Sən ki oynamadın oğul toyunda...
Bilirsən, günahı kimin boynunda?!
Bilirsən, danırsan , Şəhid atası.
O qisas sabaha qalacaqdısa,
Ruhları qovrulub yanacaqdısa,
Bilənlər doğrunu danacaqdısa,
Necə göynəməsin Şəhid atası?
Tək oğul böyüdüb, itirən bilər,
Onun tabutunu götürən bilər,
Yalan danışmayın, amandı dillər,
Axı nigarandı, Şəhid atası.
Oğlu əsgər getməzdən əvvəl həyətində bir neçə ağac əkib Sabir kişi. Ürəyindən ağır əməliyyat keçirdiyindən sabahına ümidi yox idi. Fikirləşirdi ki, əkdiyi ağacı oğluna özündən xatirə qoyacaq. Bir gün həmin ağacları sulayanda deyir ki, “mən olmayanda bu ağaclara baxıb, məni xatırlayarsınız”. O zaman Mahir dönüb atasına “ata bilmək olmaz, kim nə zaman köçəcək bu dünyadan, biz kimik ki, hökmü verən Allahdır” söyləmişdi.
Bir də bir göy gözlü, mələk üzlü bacısı var Mahirin, Aygül. 2015-ci il aprelin 1-də ailə həyatı qurub gəlin köçmüşdü. Aygül deyir ki, bəzi uşaqlar kimi heç zaman qardaşı ilə dalaşmadı. Aralarında böyük bir sevgi və məhəbbət var idi. Qardaşı onun dayağı, köməyi məsləhət yeri idi. İnstitutu bitirənə kimi, hər zaman qardaşını öz yanında gördü. Bir də ki, qardaşı çox inanclı adam olduğundan, onun da əlindən tutub məscidə aparar, birlikdə ibadət edərmişlər. Hər zaman kiçik bacısına tövsiyə edərmiş ki, hər gününüzü elə yaşayın ki, sonuncu gününüz kimi, faydalı işlər görün.
Mahirsiz indi Aygül üçün, onun kiçik əmisi qızı Xədicə üçün çox ağırdır. Hər ikisi ona güvənərdilər. Aygülə ən yaxşı kitabları oxumağı da qardaşı məsləhət görərdi. İndi o səmimiyyəti, o ünsiyyəti üçün darıxır qızlar. Onların bir güvəncli dünyalarını özü ilə aparıb Mahir.
“Qardaşım az yaşadı. Ancaq şərəfli ömür yaşadı. Bayrağımızı xilas olmuş ərazidə dalğalandırdı. Bizə qələbənin dadını dadızdırdı. Əsgər gedəndə dedi ki, “ana başını dik tut, həmişə də mənimlə fəxr edin”” qardaşından qalan xatirəni belə söylədi Aygül.
Şəhid anası Gülzar Mirzəyeva müəllimədir. Bir neçə saat evlərində oturduğum müddətdə, xanımın sinəsindən qopan ahları və iniltiləri eşitdim. Gülzar xanım illərin xəstəsi, əlacsız insanı kimi inildəyirdi. Və mənə elə gəlirdi ki, o artıq bu inilti səslərini eşitmir, hiss etmir. O səslər gedib Tanrıya çatırdımı görəsən? Axı bu ana göz görəsi yanır və iniltisi asimana dirənmişdi. Oğul ağrısı, oğul dərdi belə olurmuş. Ancaq bir söz deyirdi: “Mən oğlumu istəyirəm!...”. Birtəhər könlünü alıb danışdırdım:
“Mən daha yaşaya bilmirəm, necə yaşayım? Bacarmıram... Siz heç bilirsiniz insanın bacarmadığı işi görmək necə olur... Mart ayı idi. Vətən qəhrəmanlarının şəkli vurulmuş güşənin önündən keçəndə, birdən üşəndim, elə bil ki, kimsə mənə dedi ki, sənin də oğlun onlar kimi şəhid olacaq. Dəhşətə gəldim, haradan gəldi bu səs, bu nida... Bilmədim. Bir də ki, aprelin 1-dən 2-nə keçən gecə, gözümə təzəcə yuxu getmişdi ki, birdən kimsə dedi ki, Mahir ölüb. Bu sözü üç dəfə eşitdim. Dəli kimi ayıldım. Bilmirəm nə idi o hallar, haradan mənə ayan olmuşdu belə dəhşətlər...
Mahir heç ölümdən qorxmurdu... Elə hey deyirdim ki, “bala, əsgərlikdə özünü qoru, birdən sənə nəsə olar, onda mən necə olaram...”. Cavab verirdi ki, “ay ana, mən hansı şəhiddən, hansı oğuldan artığam ki, öləndə öləcəyəm də”. Mahir anadan olanda adına Quran kitabı açdıq. “M” hərfində dayandı qələm. Dedilər “Məhəmməd” ya da “Musa” qoyaq adını. Atası “Mahir” adında dayandı ki, qoy hər işdə mahir olsun. İndi nə olsun ki, hər işdə seçilən Mahir balam, bizim ürəyimizi dağlı, komamızı tək qoydu. Balam torpaq üçün getdi, atasını yox, Vətənini istədi. Canını qurban verdi. Ali məktəb oxudu, bizi bir qəpik xərcə salmadı. Məktəbdən aldığı təqaüdlə dolandı. Neyləyəcəm onun diplomunu? Mən indi neyləyim? Kimə günahkarsan deyim?!