2021/01/13389-1611472829.jpg

line
Adı: Alqayev
Soyadı: Harun
Ata adı: Məhəmməd
Doğum tarixi: 14.07.1992
Şəhid olub: 15.10.2020
Rütbəsi: Baş leytenant
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Kəlbəcərin azad olunmasına görə» medalı
Harun Məhəmməd oğlu Alqayev 1992-ci il iyulun 14-də Balakən rayonunun Gərəkli kəndində anadan olub. 1998-2006-cı illərdə Balakən şəhərində Nəsimi adına 2 nömrəli tam orta məktəbdə, 2007-2010-cu illərdə Heydər Əliyev adına Hərbi Liseydə, 2010-2014-cü illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.

Harun Məhəmməd oğlu Alqayev gündəlik həyatında haqqın, düzgünlüyün, mərhəmətin və sadəliyin tərafdarı olan bir insan idi. Bir kəşfiyyatçıda olmalı olan bütün keyfiyyətlər Harunda cəmləşmişdi. İşinin peşəkarı idi. Onun erməni və rus dillərini mükəmməl öyrənməsi, idarə etdiyi dronla çəkiliş etmək üçün hətta başqa hərbi hissələrə çağrılması buna sübut idi.

"Bacarmıram" sözü onun üçün yox idi. 2015-ci ildən leytenant rütbəsi alaraq,Goranboy rayonunda "N" saylı hərbi hissədə kəşfiyyat tağım komandiri kimi çalışıb. 2016-cı ildən həmin hərbi hissənin müşahidə kəşfiyyat tağım komandiri vəzifəsinə layiq görülüb və bu müddətdə dəfələrlə işğalda olmuş torpaqlarımıza keçərək, məlumat öyrənib, düşmənin gizli sirlərini üzə çıxarmağı bacarıb.
2018-ci ildə baş leytenant rütbəsi alıb.

Əsgərləri ona tək komandir kimi yox, böyük qardaş kimi hörmət qoyurdular. Onlardan biri - Rəvan Səbzəliyev deyir ki, əsgərlərini ruhlandırmaq məqsədilə onlarla keçirilən məşq hazırlığı zamanı cibində olan 20 AZN pulu tapşırığın öhdəsindən gələn əsgərinə verəcəyini deyib və belə də edib, özü isə cibində başqa pul olmadığından, borc götürərək evinə qayıdıb.

Zabit yoldaşları onun haqqında "Goranboyun vuran ürəyi, vuran əli idi" deyirlər. Harun postda olan əsgərləri üçün 6 maşın odun hazırlayaraq, bütün yüksəkliklərdə olan postlara paylayıbmış. O, əsgərlərini öz qardaşından ayırmazdı, hətta onlar üçün Goranboy rayonu ərazisində 200 metr yüksəklikdə olan postlardan birinin yanında 1 otaqlı yataqxananı özü şəxsən düzəltmişdi ki, əsgəri növbədən çıxanda həmin dağı aşağı düşüb istirahət, yuxu vaxtını aşağıdakı yataqxanada keçirməyə məcbur olmasın.

Düzgün olan zəifin yanında, haqsız olan güclünün qarşısında olmaq onun xarakteri, həyata baxışı idi. Hətta Azərbaycan Ali Hərbi Məktəbində oxuduğu zamanlarda belə onun yoldaşları məzuniyyət albomuna "Həmişə bizə arxa-dayaq olmusan, haqqın tərəfində olmusan, həmişə belə qal" yazmışdılar.

2020-ci il mart ayında kəşfiyyat bölüyünün komandiri vəzifəsinə layiq görülüb. 2 ay bu vəzifədə çalışdıqdan sonra Harun Məhəmməd oğlu Alqayev arzusunda olduğu xüsusi təyinatlı qüvvələrin heyətinə qoşulub və keçdiyi az bir müddətdə heyətində olduğu qurupun baş kəşfiyyatçısı vəzifəsini layiqincə yerinə yetirib.

Azərbaycan Ordusunun baş leytenantı olan Harun Alqayev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda döyüşüb və oktyabrın 15-də şəhid olub.

Balakən şəhərinin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Alqayevlər ailəsinin iki oğul övladının ikisi də Vətən Müharibəsində iştirak edib. Biri tarix yazaraq şəhid olub, digəri isə qazi kimi evlərinə dönüb.

Harun Algayev "Vətən uğrunda" , "İgidliyə görə" "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.