Yurdundan-yuvasından, elindən-obasından, illərlə min zəhmət hesabına qurduğun evindən didərgin düşmək təkcə böyüklərin taleyində deyil, eyni zamanda uşaqların taleyində də gözlənilməyən zərbələr vurur. Adına “Ayrılıq” deyilən o qisməti, o yükü yaşamaq çox çətindir. Tarixi torpaqlarımız mənfur ermənilər tərəfindən işğal olunanda Azər Mahmudov da gənc ailəsini - 2 oğlunu, anasını götürüb Cəbrayılın Sarıcalı kəndindən Xudafərinə tərəf üz tutan köçə qoşuldu.
1993-cü ilin avqust ayının həmin gecəsi Sarıcalı və ətraf kəndlərdən çıxan insanların ah-naləsi ilə doldu. “Erməni Araz boyu gəlir” xəbərini alan insanların kimisi qoyun-quzusunu, kimisi də bir boğçasını götürüb, qurtulmaq üçün Xudafərin körpüsünə yol almışdılar. Şimali Azərbaycan ilə əlaqəsi kəsilən insanlar, Arazın o tayına keçməyi qurtuluş bilirdilər. Əslində kəndlərdə hakimiyyətə etibar etməyən adamların bir hissəsi evində-eşiyində dəyərli olan nələri varsa yığıb, köçüb getmişdilər.
Üç gecə sərhəddə zülm çəkdilər. Köçkün insanları İran sərbazları Arazın o tayına hissə-hissə buraxırdılar. Ana balasını, bacı qardaşını axtarırdı. Kiminsə sonuncu ruzi yeri olan inəyi ölürdü, kimisi çöllü-biyabanda qaldığından xəstələnirdi, əli körpəli gəlinlər lap cəhənnəm əzabı çəkirdilər. Sərhəddən keçid olanda insanlar bir-birinə qarışırdılar, ayaq altında qalan kim, Araz çayına yıxılan kim.. Mal-heyvanı ayaqlar altında qalanlar kim...
Cəbrayıldan köç edən insanlar Cənubi Azərbaycanın Qulubəyli və Parsabad kəndində noyabr ayının əvvəlinə kimi qaldılar. Şəhərin bir məntəqəsindən digər məntəqəsinə insan seli sərbazların müşayiəti ilə aparılırdı. Bəzən yerli adamlar əllərində olan, gümanları gələn yeməkləri dəsmala büküb yolboyu köçün içərisində gedənlərə atırdılar. Vətəndən didərgin düşənlər əvvəlcə əllərinə, başlarına dəyən bu bükülüləri daş bilmişdilər. Düz noyabr ayının əvvəllərinə qədər sərhəd bölgəsində yaşadılar. Arazın o biri tayındakı Sarıcalı kəndinə yanan evlərinə baxıb için-için yanmışdı kəndlilər. Bir müddət sərgərdan gəzəndən sonra, dövlətlərarası sənədlər qaydasına düşəndən sonra, Cəbrayıldan köçən qaçqınlar gəlib Şimali Azərbaycana – yəni yenə də Arazın İran tərəfindən Azərbaycan tərəfinə keçdilər. İmişliyə, Bakıya, Bərdəyə dağılışdılar...
Şəhid atası Azər İbrahimov:
- Biz o zülmlərdən çıxıb gəldik, bizim o günlərimizi görən iranlıların indi ermənini dəstəkləməsi çox acınacaqlıdır. O gündən bu günə kimi qisas hissi ilə yaşadıq, hər gün fikirləşdik ki, qəzavü-qədərdir, keçib gedər, yurdumuza, evimizə qayıdacağıq. Buralarda ev qurub, yurd sala bilmədik. Biz buralara əbədi köçməmişdik, əlacsızlıqdan köçdük.
Avqust ayında Sarcalıdan çıxan gecəsi ortancıl oğlum Aqilin 40-ı təzəcə çıxmışdı. Mahmud 1997-ci ildə İmişlidə çadırda doğuldu. İsinişmədik bu yerlərə.
Əsgər getməmişdən əvvəl oğlum Mahmudu götürüb apardım İrana, Arazın bu üzündə Qulubəyli kəndində dayanıb kəndimiz Sarıcalını göstərdim ona. Bizim yerlər bir cənnət idi... Baxıb ah çəkdi, gözləri doldu... Artıq başa düşən bir gənc idi. Özünün də kənd-kəsəkdən xoşu gəlirdi. Həyətdə mal-heyvan saxlamaq üçün çox həvəsli idi. Arzulayırdı ki, torpaqlarımız qayıdanda gedib kəndimizdə yaşayacaq.
Bir çox şəhid evlərindən fərqli olaraq, Mahmud İbrahimovun şəklini divara vurmayıblar. Çünki anası Gülbəniz xanım oğlunun həlak olmasını heç cür qəbul edə bilmir. Evinin sonbeşiyini itirəndən sonra, dərdə dözməyən gənc ana xərçəng xəstəliyinə tutulub.
Azər İbrahimov oğlunun Azərbaycan bayrağına bükülmüş şəkillərini, əşyalarını gətirib stolun üstünə tökür. Və stolun üstünə düzdükcə də oğlu haqqında danışır:
- 1997-ci ildə sentyabrın 3-də doğuldu Mahmud. Son yaşayış yerimiz Bayıl oldu. Tez-tez yaşayış yerlərimiz dəyişdiyindən, uşaq məktəbi də öz yaşıdları ilə birlikdə bitirə bilmədi. Şəhidliyindən bir il sonra məzun oldu. Sinif yoldaşlarından böyük göründüyündən, 9-cu sinfi bitirən kimi, əsgər getdi. 2015-ci ildə oktyabrın 5-də yola saldıq. 2016-cı il mart ayının 13-də hərbi hissəyə yanına getdik. Həmin günlərdə də cəbhə bölgələrində vəziyyət gərgin idi. Xəbərimiz var idi ki, ermənilər tez-tez təxribat törədirlər. Özü zəng vurub anası ilə də görüşmək istədiyini demişdi. Görüşəndə dedi ki, aprelin 5-də yunan-Roma güləş növü üzrə idman yarışına gələcək. Mahmud 6 il idi ki, yunan-Roma güləşinə gedirdi. Yarışlara gedən gündən dəfələrlə qalib olmuşdu, bayrağımızı ucaltmışdı. Hər dəfə qalib gələndə özünü dünyanın ən xoşbəxt adamı sayırdı. Əsgərliyə yola düşən gündən dediyi ilk söz “Mənə halallıq verin, bəlkə qayıtmadım” oldu. Bilmirəm, haradan ürəyinə dammışdı ki, qayıtmayacaq? Martın 13-də görüşünə gedəndə anası Gülsüm Mahmudun sevdiyi bütün şirniyyatları bişirmişdi. Görüşdə telefonumu aldı, 1 saatdan artıq bütün qohum-əqraba ilə danışdı. Anasına çox bağlı uşaq idi. Anası ilə nə qədər şəkillər çəkdirdi. Nədənsə həmin günü gözümü oğlumdan çəkə bilmirdim. Elə diqqətim onun üzündə idi. Atayam da... hiss etdim ki, nə isə kədərlidir. Üzümüzə gülsə də, gözlərində kədər var idi. Ancaq ki, adi vaxtlarda bir qəribə gülüşü var idi... İndi o gülüşünü xatırlayanda bağrım param-parça olur.
18 il uşaq böyüt və... günlərin bir günü bax gör ki, yoxdur və heç vaxt da olmayacaq... Mən fikirləşəndə ki, Mahmud bir daha gəlməyəcək, olmayacaq, bağrım partlayır...
Mahmud toylarımızın yaraşığı idi. Gözəl rəqs edirdi. İti ağlı var idi oğlumun. Mart ayının 29-u zəng vurdu. Bir saata qədər danışdı hamımızla. Səsi boğunuq gəlirdi. Aprelin 1-i bildik ki, erməni yeni təxribat edib...
Sonra mən də hamı kimi balamı axtarmaq üçün düşdüm bu yolların ağına. Şəhid olması haqqında heç fikirləşmirdim də...
Hara getdik, bir xəbər verən olmadı. Aprelin 8-i eşitdik ki, həlak olub. Axşam dayısı tabutunu əsgərlərlə birlikdə bu həyətə gətirdilər. O vaxt donmuşdum. Hamı gəlib-gedirdi, başsağlığı verirdi. Mahmud Seysulan döyüşlərində həlak olmuşdu. Komandiri dedi ki, hətta yaralı olanda da başqa əsgərlərə kömək edibmiş. Sonra ermənilərin atdığı top mərmisi ona dəyib, aldığı yaralardan həlak olub. Balam 7 gün düşmən nəzarəti altında olan ərazidə qaldı. Onu qollarının üstündə gətirən əsgər danışırdı ki, Mahmud üzündə gülüş ifadəsi sanki yuxuya getmişdi...
6 aya qədər insan axınının ayağı kəsilmədi evimizdən. Bir gün elə bil ki, yuxudan ayıldım... Və həmin gün bir daha mənə əyan oldu ki, Mahmud heç vaxt əsgərlikdən dönməyəcək... Lakin fəxr edirəm ki, oğlum Vətən uğrunda həlak olub, onun qanı hesabına Vətənimizə şərəf-şan gəlib. Mahmud 22 il gözlədiyimiz, geri qaytarmaq istədiyimiz Vətən torpaqlarından bir hissəsinin alınmasında iştirak edib. Ancaq anasının üzünə baxa bilmirəm. Söz soruşanda da ağlayır. Bununla belə indi də inanmıram... Gözüm qapıdadır. Elə bilirəm ki, qayıdacaq... Birdən divanda əyləşib huşa gedirəm... Qardaşı Aqil ilə keçirdikləri uşaqlıq çağları gəlir gözümün önünə, bir də görürdün ki, elə bu evdə güləşirdilər... Oğlum bu həyatda az yaşadı... ancaq böyük arzuları var idi... heç birinə çatmadı... Yalnız Azərbaycan bayrağını ucaltmaq arzusuna çatdı... İdmanda qələbəsi ilə deyil, şəhidliyi ilə adına bayraqlar ucaldı.
Gülbəniz xanım şəhid oğlu, sonbeşiyi Mahmud haqqında heç nə danışa bilmədi. Ancaq gözlərinin yaşını sel kimi axıtdı.
Aqil isə qardaşını belə xatırladı:
- Əsgər getməyinə iki gün qalmış mənə dedi ki, bax sən özünə başqa ev alarsan, əsgərlikdən gəlib bu evi özüm təmir etdirəcəm... Sonra gülərək əlini kürəyimə vurub: “Zarafat edirəm. Ancaq ki, unutma ki, anamızı sənə əmanət edirəm... Anamdan muğayat ol”. Hələ də qardaşımın yoxluğuna inanmıram. Yolunu gözləyirəm. Böyük qardaşım evlənib. Evi ayrıdır. Ancaq biz Mahmudla bir-birimizə çox bağlı idik. İkimiz yanaşı çarpayıda yatardıq. İndi səhərlər oyananda yanımda görmürəm.... Bəzən yuxularıma elə sağlığında olduğu kimi gəlir... Darıxıram... çox darıxıram qardaşımsız...
Şəhid Mahmud İbrahimovun yaxın dostu Murad Qurbanov isə onunla lap kiçik yaşlarından dost olub. Bir həyətdə böyüyüb, birlikdə məktəbə gediblər. Mahmud haqqında danışmaq, xatırlamaq nə qədər çətin olsa da, əziz dostundan danışanda yenə gözləri doldu:
- Mahmud çox saf oğlan idi. Məhəllədə hansı qadını əli dolu görsə, gedib əlindəki yükünü alıb, qapısına qədər aparmağa yardım edərdi. Gülsüm xalaya çox bağlı idi. Mənim də anam var... ancaq onun bağlılığı bir başqa idi. Çox istəyirdi anasını. İşə gedəndə də, işdən qayıdanda da anasını öpürdü. Onun şəhidlik xəbərini eşidəndə mən ömrümün ən ağır çağlarını yaşadım. O pis xəbəri eşitməyi daha kimsəyə arzu etmirəm. 7 gün ömrümüzü yedi. İçərimdə elə bil ki, təlatümlər, tufanlar var idi. Qışqırıb-bağırmaq istəyirdim. Mahmudun dəfnindən 6 ay sonra Elman İsmayılov adlı bir əsgər yoldaşı gəlib məni tapdı. Dedi ki, aprel döyüşündə o da iştirak edib. Və Mahmudla yaxın dost olub. Həmin o gecə döyüşə girməzdən əvvəl hər ikisi özlərinin isimliklərini bir-biri ilə dəyişib deyiblər ki, kim qayıtsa doğmalarına çatdırsın həmin isimliyi.. O da Mahmudun ad və soyadı yazılan isimliyi mənə verdi. Və dedi ki, Mahmud döyüşə girməzdən əvvəl deyib ki, bu isimliyi əziz dostum Murada ver, denən ki, Aqilə qardaş, anama oğul olsun... Onun bu yadigarı mənim üçün çox dəyərlidir. Görün Mahmud necə sədaqətli bir dost idi ki, hətta döyüşə girəndə belə dostu unutmamışdı... Ömrümün axırına kimi Mahmudu gözləyəcəyəm...
Mahmud İbrahimov yunan-Roma güləşi üzrə yarışlardan həmişə əlidolu gəlirdi. 2012-ci ildə 20 yanvar şəhidlərinin xatirəsinə keçirilən yarışda da diploma layiq görülmüşdü. Onun şəhidliyindən sonra isə “Lider” idman klubu Mahmudun xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə turnir keçirir. Onun xatirəsi məktəblərdə, idman müəssisələrində anılır. Mahmud indi bütün Azərbaycanın oğludur. Yaşadığı məhəllədə də onun şəkli olan banner gəlib-gedənlərin diqqətindən yayınmır.
Mahmud Azər oğlu İbrahimovun əsgər yola düşdüyü ata evi Abşeronun Masazır qəsəbəsindədir. Bu ev dövlətimiz tərəfindən köçkünlərə 2014-cü ilin aprel ayının 4-də verilib. Azər İbrahimovun ailəsi, əslində bu evdə də rahat yaşamırdılar. Çünki, onların gözləri hər zaman Arazın sahilində yetim qalan Sarıçalı kəndindədir. O kənd ki, orada Azərin ata-babalarının qəbri var... O kənd ki, dağları-düzənləri ilə, havası ilə doğmadır. İndi Azər və Azər kimi digər şəhid valideynlərinin hamısını ürəyində bir intiqam hissi dolanmaqdadır. Onların hamısı Vətənə QALİBİYYƏT gətirən əsgərlərimizin və şəhidlərimizin tökülən qanlarının əvəzini almaq, qayıdıb tarixi vətənlərində, torpaqlarında yaşamaq istəyirlər. Onlar bir haqq savaşı, haqq döyüşü gözləyirlər. Onlar istəyirlər ki, Ali Baş Komandan döyüş əmri versin. Onlar əsarətdə olan torpaqlarımızın geri qaytarılması üçün döyüşə hazırdırlar.