Vətən müharibəsində mərdliklə döyüşən əsgərlərimizdən biri də 26 yaşlı Abiddir.
Müharibə başlayanda çağırışa ilk qoşulanlardan biri də Abid olub. O, Murovdağ istiqamətində gedən döyüşlərə qatılıb. Oktyabrın 2-də aldığı mərmi yarasından şəhidliyə yüksəlib .
Anası Rübabə xanımın sözlərinə görə, Abid çox təmiz ürəkli, tərbiyəli oğlan olub. O oğlunu belə xatırlayır:
“Abid mənim ilk övladımdır. Mən analıq hissini Abid sayəsində dadmışam. Ondan başqa bir qızım var. Çox mehriban ailəmiz olub. Danışan, deyən, gülən... Nə ailə daxilində, nə də kiminləsə problemimiz olub. Abid də belə oğlan idi. Heç kimlə işi olmazdı. Çox ağıllı, tərbiyəli, mərd oğul idi. Hər adamla da ünsiyyət qurmazdı.
Müharibə başlamamışdan öncə təlimlər başladı və Abid sentyabrın 21-i öncə təlimlərə qoşuldu, sonra isə müharibəyə. Xidmət yoldaşları Abid barədə yalnız gözəl şeylər danışırlar. Birlikdə çox az müddət olsalar da, özünə böyük hörmət qazanmağı bacarıb.
Abid gülüşü ilə seçilərdi. Tanışları ona “çox gülən oğlan” deyə müraciət edirdilər. İndi nə gülüşü gəlir, nə səsi eşidilir...
Maşın həvəskarı idi. Avuqust ayında sürücülük vəsiqəsi aldı, sentyabrda müharibəyə getdi. Maşın almaq istəyirdi. Qismət olmadı. 2 ilə yaxındır ki, ailə qurmuşdu. Bir övladı var. Abid övladına həddən çox bağlı idi. Xidmət yoldaşı danışırdı ki, şəhid olduğu gün hamı yemək yeyəndə, Abid yeməyibmiş. Ondan niyə yemədiyini soruşanda, “Əli yadıma düşüb, yaman darıxmışam” deyib. Hər dəfə telefonla danışanda yoldaşına deyərdi ki, mən yaxşıyam, əsas oğlum üçün narahatam. İndi mən də, atası da yalnız onun bircə balası üçün yaşayırıq. Bundan sonra nə qədər ömrümüz var ona həsr edəcəyik.
Mən oğlumla sağ ikən də fəxr edirdim, indi də fəxr edirəm. Gec, ya tez, oğluma qovuşacam. Bəlkə də təsəllim yalnız budur".
Abid Məmmədov ölümündən sonra Prezident İlham Əliyev tərəfindən " Cəsur döyüşçü", "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.