Bu yazımda vətənpərvər şəhid gənclərimizin birindən danışacağam. Aprel şəhidi Nəcməddin Savalanovdan. O Nəcməddinin ki, vətənpərvərliyi bu gün gənclərimizə gözəl nümunədir və həyatı haqda oxuduğum bir epizod məni bu sətirləri yazmağa vadar elədi. Bəri başdan deyirəm, Nəcməddin Savalanov nə qohumumdur, nə də yerlim. Amma bütöv Azərbaycanın ən vətənpərvər, dövlətini sevən hərbçilərimizdən olub. İmişli rayonunun Göbəktala kəndində anadan olan Nəcməddin Savalanovun ailə üzvlərilə də qiyabi tanış oldum. Anası Ramilə xanımla, həyat yoldaşı Rəqsanə xanımla söhbətləşdim.
Nəcməddin atası Akifi birinci sinfə gedəndə avtomobil qəzasında itirib, ailənin 3 oğul övladını ana təkbaşına böyüdüb. Nəcməddinin uşaqlıqdan hərb sahəsinə xüsusi marağı və həvəsi olub. Elə buna görə də C.Naxçıvanski adına hərbi litseydə və Heydər Əliyev adına Ali Hərbi Məktəbində təhsil alıb və öz xahişilə döyüş bölgəsində xidmət edib. Savalanovun anası Nəcməddinin yoxluğuna heç cür inana bilmir. "Elə bilirəm, gülərüz balam bu qəqiqə girəcək otağa. Hər şey yaxşıdır - deyəcək, narahat olma - deyəcək. Amma 3 ildir, susur balam..."
Aprel döyüşlərində irəlidə gedən hərbi hissənin qərargah rəisi olan Nəcməddin Savalanov əvvəlcə düşmən gülləsindən ayağından yaralanıb, həkimə getmək əvəzinə ayağını sarıyaraq döyüşə davam edib. İkinci dəfə çiynindən ağır yaralanan kapitan Savalanov dərhal Silahlı Qüvvələrin Hərbi Hospitalına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq 37 günlük müalicə heç bir nəticə verməyib və igid zabitimiz 2016-cı il mayın 8-də hospitalda keçinib. Anası deyir ki, o 37 gündə biz hamımız da öldük - dirildik, ümidimiz vardı, sağalacaq Nəci, amma... hələ də inanmıram, o yoxdur".
Aprel döyüşlərində ağır yaralanan Nəcməddin Savalanov hələ sağlığında hərbçilərimizin əməyini həmişə yüksək qiymətləndirmiş prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə"medalına layiq görülüb. Onun vətənpərvərliyinə diqqət edin: Nəcməddinə həmin medalı hospitalda təqdim etmək istəyiblər, qəbul etməyib: "İgidə, hərbçiyə medalı yataqda verməzlər. Qoy sağalım, iş yerimdə verərsiniz".
Reanimasiya şöbəsindən palataya köçürülməsini səbrsizliklə gözləyən yaralı hərbçimiz yenidən döyüşə getməyi elə arzulayırdı ki... Anası danışır ki, "onu biz müayinəyə aparılarkən görürdük. Bir dəfə yaxınlaşanda gördüm ki, telefonla danışır, tapşırırdı kiməsə ku, kirayə qaldığı evdəki əşyalarını qablaşdırıb yığsınlar. Həm də çox gərgin idi. Səbəbini soruşanda dedi ki, polkovnik dostumu vurublar. Polkovnik-leytenant Raquf Orucovu deyir, onunla çox yaxın dost idi. Mən əyilib ona deyəndə ki, siz tarix yazmısınız, üzündə yaranan xoş təbəssüm indi də yadımdadır".
Hərtərəfli istedad olub Nəcməddin. Musiqi duyumu vardı, gözəl şer yazırdı, bədahətən gözəl meyxana deməyi vardı. Onun qulluq etdiyi Tərtər rayonunda sakinlərin toy məclisində iştirak etdiyini sosial şəbəkələrdə diqqətlə izləmişəm. Toya gələnlərin və ev sahibi Əyyub kişinin arzuladığı şəxs olduğu videodan da bilinir. Söylədiyi meyxanada da vətənpərvərliyi açıq-aydın duyulur. Hər addımbaşı Ali Baş Komandanın adını çəkir, döyüşə hər an hazır olduqlarını deyir... Hazır olduğunu öz ölümülə həqiqətən göstərdi Nəcməddin.
Hərbi hissədə "minanın Allahı" kimi tanınan istehkamçı mühəndis kimi peşəsinin ustası idi. Ramilə xanım söyləyir ki, "Nəcməddin 2012-ci ildə də yaralanmışdı. 2012-ci il sentyabr ayının 27-də sinif yoldaşının toyuna gəlməli idi. Bir neçə saatlığa icazə almışdı. Yola çıxanda əsgərlərinə vacib nəsə çatdırmalı idi, qayıdıb geri və bu zaman mina partlaması nəticəsində də yaralanıb. Neçə ay hərbi hospitalda müalicə olundu. Əsgərlərini çox sevirdi. "Əsgər harda, mən də orada. Bu, onun ən sevimli sözü idi."
Həyat yoldaşı Rəqsanə indi Nəcmədinin 3 yadigarını böyüdür. İki qızı - Leyla və Nuray hazırda 3-cü sinifdə oxuyurlar, atası öləndə 2 yaş 4 aylıq olan Adəm bağcaya gedir. 5-ci sinifdən bir birini sevən cütlüyün ailə həyatı cəmi 8 il çəkib. Rəqsanə xanım da onun haqqında keçmiş zamanda danışmır. Onlu günlərinin xoş xatirələrindən danışmaq da istəmir: "Ağırdır Nəcməddinsiz mənə..." deyərək susmağa üstünlük verir.
1985-ci fevralın 26-da anadan olmuş Nəcməddin Savalanov heç zaman özünə ad günü keçirmirmiş - Xocalı soyqırımı günü ilə üst-üstə düşdüyünə görə. Nə yazıq ki, ölümü də başqa bir faciə günümüzə təsadüf etdi - Şuşanın işğalı gününə. Şanlı aprel döyüşlərində Tərtər istiqamətində gedən döyüşlərdə aldığı güllə yaralarından şəhid olan kapitan Savalanov 2016-cı il may ayının 9-da doğma kəndində - İmişli rayonunun Göbəktala kənq qəbristanlığında dəfn edilib. Böyük izdiham yaşanan dəfn mərasimində Nəcməddin Savalanovun "döyüşə gedəndə verərsiniz" deyə hospitalda imtina etdiyi "İgidliyə görə" medalı 2 yaşlı oğlu Adəmin sinəsinə sancılıb.
Cəbhəyə getmək, düşməni məhv etmək arzusu yarımçıq qalan Nəcməddin Savalanov və onun kimi bütün aprel şəhidlərimiz Azərbaycan xalqına ilk qələbə xəbərini çatdırıblar. Ruhlarına minnətdarıq və ruhları şad olsun. Bir sadə Azərbaycan vətəndaşı kimi inanıram ki, Nəcməddin Savalanovun, onun yaxın dostu - Murov qurtalımız Raquf Orucovun, igid pilotlarımız Urfan Vəlizadə, Təbriz Musazadə və digərlərinin yarımçıq qalmış arzularını güclü Milli Ordumuzun şəxsi heyəti həyata keçirəcək. Təbii ki, Ali Baş Komandanımız İlham Əliyevin birbaşa səyi və bacarığı sayəsində.