Vətənim Azərbaycanın torpaqlarında nə yetişsə, nə bitsə əsrarəngiz olur. Aranında aranlıları, dağlarında dağlıları gözəldir. Dağlıların bir cəhəti də var ki, qoynunda böyüdükləri dağlara bənzərlər. Yardımlı rayonu Peştəsər, Burovar dağları ilə əhatə olunub. Ətəklərində bolsulu çaylar, sinələrində min bir bulaq var. Qədim türklər həmişə uca dağlar başında qalalar qurub, dağ ətəklərində mal-qaralarını çoxladıb, təmiz və pak yaşamaq üçün bolsulu çaylardan istifadə ediblər. Yardımlı dağlarının istər ətəklərində, istəsə də hər bir yanında yurdlaşan kəndlər qədim türk boylarından, türk ellərindən qalmadır. Buradakı Avur, Honuba Şıxlar, Honuba kəndləri də bu günümüzə qədər əfsanələri gəlib çatan Hun tayfalarının nişanələridir. Bu dağlarda Atillanın əsgərləri düşmənlərə qarşı vuruşub, bu dağlarda bəylik, xaqanlıqlar qurublar. Başının üstündən göy buludları əskik olmayan Burovar dağları sinəsində o qədər sirrlər gizlədib ki...
Hələ dünənə qədər dağlarda qoyun otarmağa gedən kənd adamları burada qədim küplər, küp qəbirləri, daş sandıqlar, rəngli kirəmitlər, naxışlı qab qırıntıları tapardılar. Həmin daş sandıqlar, üzəri yazılı daşlar tarixin lap o biri üzündən , II-IV minillikdən, VI-VII əsrdəki göy türk hakimkiyyətindən xəbərçidirlər. Eramızdan əvvəl VII minillikdə Azərbaycana səfər edən ərəb səyahətçisi və coğrafiyaşünası Übeyd ibn Şəriyyə əl Curhumi özünün “Kitab-əl Futuh”unda yazırdı ki, “Azərbaycan –türk torpaqlarıdır. Çox qədimlərdən onlar buralarda məskən salaraq, çoxalıb və gücləniblər”. İndi bu daş məktubların da oxuyanı olsa, Honubada, Alarda, Şıxlarda, Göy alarda yaşayan insanların köklərinin qədim türklərdən gəlməsinin bir daha sübut etmiş olarlar. Əslində daşlar hər zaman tarixlərin yaddaşı və şahidləridirlər. Dağların ətəyindəki Bazar yeri toponimi bu ellərin İpək yoluna olan çıxışından xəbər verir. Daş küplərdə, sandıqlarda, qəbirlərdə tapılan eksponatlar isə qədim türklərin sənətkarlıq, mədəniyyət və döyüş məharətinin yaddaşıdırlar.
Ötən əsrin 70-cı illərində kəndində tapılan gümüş pul sikkələri Azərbaycan Milli Elmlər Akademiyasında yoxlanıldıqdan sonra, eyni pul sikkələrinin XII əsrlərdə İrəvanda da işlənməsini təyin ediblər. Demək bu yerlərdən ta İrəvana qədər yollar, karvanlar gedib, ticarət, alqı-satqı münasibətləri olub. Qədim pul sikkələri bir daha sübut edirdi ki, indiki Yardımlı ərazisində olan türk tayfalarının böyük dövləti olub və burada döyülən pul vahidləri həm də uzaq dünyanın bazarlarında da işlənib. Bu dağlarda yerləşən Qız Qalası, Oğlan qala, Cüzzinqala və yüzlərlə Qalacıq yerləri həm müdafiə, həm də xəbərləşmə-poçt xidmətinin geniş yayılmasından xəbər verir. Burada böyük şəhər və paytaxt mədəniyyəti olub.
“Erkən orta əsrlərdə Azərbaycana gəlmiş türkdilli etnoslar Hun ittifaqında birləşmişdilər. Bu ittifaqa bir çox türk etnosları, o cümlədən kəngər, peçənəq, bulqar, qıpçaq, sabir, utiqur, onoqur, xəzər, türk,uz, heptal, barsil tayfaları daxil idi. Hun ittifaqında adı çəkilən bir çox tayfalar qədim dövrdən Ön Qafqaz ölkələrinin sakinləri olmuşlar. Onların adı ilə bağlı bir çox toponimlər yaranmışdı. Azərbaycanın Gürcüstanla sərhədlərində hun adını daşıyan Hunarakert və Hunan toponimləri erkən orta əsrlərdə artıq mövcud idi. Beləliklə, hunlarla bərabər Azərbaycana və qonşu ərazilərə yeni türk etnosları gəlmiş, burada dil cəhətdən qohum olduqları yerli azəri türkləri arasında məskunlaşmış və onlarla qaynayıb qarışmışdılar.
Bütün bu araşdırmaları nəzərdən keçirəndən sonra bir daha əmin olursan ki, Honuba kəndinin əsil adı elə Hunların obası deməkdir. Yəni ki, Hun tayfalarından qalan obalar... Obalar, ay obalar...
Honuba kəndi Vellidağın cənub yamacında yerləşir... Ətəyində axan Velli çayıdır. Üçbulaq, Qəhribulaq, Daşbulaq, Döşbulaq, Soyuqbulaq, Hamambulağı, Kolat bulağı, Ulasbulaq, Seyidbulağı, Miriş bulağı, Çanaqbulaq bulaqlarının suyu dərələrdə birləşib Yardımlının emblemini - Təkdam şəlaləsini əmələ gətirir. Honubanın yolu təbiətlə harmoniyada mahnılar oxuyan Təkdam şəlaləsinin yanından keçir.
Honuba kəndi dəniz səviyyəsindən 1105 metr yüksəklikdə yerləşir. Buradakı insanlar da göylərə çox yaxındır desəm, sözlərimə inanın. Hələ də dağ insanların xas olan səmimilik, paklıq bu insanların qəlblərində, davranışlarında qalmaqdadır. Axşamlar 110 evi olan bu kənddə kimin həyətində dayanıb göylərə baxsan, elə bilərsən ki, ulduzları qoparıb yerə gətirəcəksən. Bu yerlərin adamları göydəki ulduzların insanın taleyi, bəxti olduğuna inanıblar. Kənd uşaqları boş vaxtlarında dayanıb ulduzları sayır, hərəsi öz bəxtinə bir ulduz seçərlər. Nurəddin və Mirabdulla da dərsdən boş vaxtlarında macal tapıb, dağ-dərədə qoyun otarar, sərin bulaqların suyundan içər, axşama qalanda ulduzlarla yol tutardılar. Belə ulduz yolunun biri Nurəddinin sevdiyi qızın evinə gedirdi. Eyni məktəbdə oxumuşdular. O məktəb də 1992-ci ildə Ağdərə uğrunda döyüşlərdə şəhid olmuş əmi uşağı Ənvər Mirzəyevin adını daşıyırdı.
Memorial.az “Aprel şəhid”ləri haqda silsilə yazıları davam etdirir...
Nurəddin və Mirabdullanın arzuları çox idi. Mühəndis olmaq, tikib-qurub yaratmaq istəyirdilər. Lənkəran Dövlət Universitetinə sənəd versələr də, imtahandan lazım olan balı toplaya bilmədilər. Kənd uşaqları zəhmətkeş olurlar. Ata-anaya kömək etmək istəyən, gərək kənddən baş götürüb ya rayon mərkəzinə gedə, ya da mərkəzi şəhərlərə. Bu iki dost da ailəyə yardımçı olmaq üçün iş axtarşına başladılar. Nurəddin Sumqayıta dayısının yanına gəlib tikintidə işlədi. Bir neçə gün keçməmiş, kənddə duruş gətirə bilməyən Mirabdulla qəfildən gəlib dostunu tapdı. Elə görüşdülər ki, sanki illərin ayrısı idilər. Həmin günü səhər tezdən gecəyə qədər şəhərdə gəzib dolaşdılar, Sumqayıtın dənizkənarı bulvarını ayaqdan saldılar. Nurəddin sevdiyi qızı da soruşdu. Dedi ki, hələlik qız ona “hə” deməyib, ancaq əsgərlikdən gedib qayıdan kimi hərisini alacaq. Onu kimsəyə verən deyil. Mirabdulla özlüyündə fikirləşdi ki, əslində Nurəddin düz deyir, çünki, bu tanıdığı oğlan, heç vaxt öz sözündən dönməyib, sözünün ağası olub.
Aradan bir müddət keçəndən sonra, Nurəddin şəhərdəki işini yekunlaşdırıb kəndinə qayıtdı. Şəhərdə qazandıqlarını qəpiyinə qədər anasına verdi. Yay fəsli idi. Şəhərdən gəlib-gedənlərin dincələn vaxtı idi. Fürsətdən istifadə edib, istirahət yerlərində işə düzəldi. Bu dəfə isə anasına bir paltar dolabı (şifoner), bir də təzə soyuducu aldı. O qədər çətinlik çəkmişdilər ki, indi –indi əli iş tutduğundan, fikirləşirdi ki, bundan sonra anasının və evlərinin bütün çatışmayan hər ləvazimatını özü alacaq. Qoy hələ bir əsgərliyə gedib-qayıtsın...
2015-ci il yanvar ayının 1-də, o qarlı qış günüdə dağlar qoynundakı evdən çıxıb hərbi komissarlığa getmək üçün maşın tapmayanda, kəndin UAZ markalı təcili yardım maşınına minib Vətənə xidmətə yollandı.
Fevral ayında Etimad həyat yoldaşı Fəxriyyəni də götürüb oğlunun N saylı hərbi hissədə keçirilən andiçmə mərasiminə getdi. Həmin gün Nurəddin atasına dedi:
“Ata, mən əsgərlikdə snayper olmağı seçdim”.
Oğlundan bu xəbəri eşidən Etimad da bir anlıq fikrə getdi. Axı nə vaxtsa oğluna, Sovet Ordu sıralarında xidmət etdiyi dövrü danışanda snayper olduğu haqqında danışmışdı. Oğullar belədir, çox vaxt atalarına bənzəmək istərlər. Oğlu düşmənlə üzbəüz bölgəyə düşmüşdü. Narahat idi. Allaha dua edirdi ki, oğlu əsgər gedən günü qurban dediyi cöngəni o, qayıdanda kəsib, bütün kəndi şadyanalığa yığsın. Maddi durumları ağır olduğundan bir dəfə də olsun sonradan oğlunun xidmət etdiyi hərbi hissəyə getmədi. Bir tərəfdən də 2015-ci ildə baş verən gözlənilməyən devalivasiya və böhran bu ailədən də yan keçmədi. Oğlunun andiçmə mərasiminə gedərkən bankdan götürdükləri xərc-borc ailəyə daha böyük çətinliklər yaşatdı. Sonradan isə Nurəddin hər dəfə min bir bəhanə edərək, onları xidmət edtiyi yerə gəlməyə qoymadı. Dedi ki, “...ata mənim üçün çəkdiyin xərcə, evimizin əyər-əskiyini düzəlt. Mən burada hamı kimi birtəhər dolanacam”.
Əsgərlikdə olduğu müddətdə bir dəfə də olsun atasından pul istəmədi. Yalnız bir dəfə hərbi xidmətdən məzuniyyət götürüb gəldi. Onda da kəndin hər yerində şəkil çəkdirdi. Elə bil ki, bu yerlərdə özündən xatirə qoyub getmək istəyirdi.
2016-cı il aprelin 3-ü isə Nurəddinin kiçik qardaşı Nəcməddin hərbi xidmətə yola düşürdü. Ayın 1-dən Etimad bazara gedib hazırlığını görmüşdü. Honuba kəndinin sakinləri hər zaman bir-birinin harayına çatır, xeyrində-şərində yaxından iştirak edirlər. Bir qayda olaraq dağlardan qışın ayağı gec yığılır. Aprel hələ dünən gəldiyindən heç kim havaya bel bağlamırdı. Yazın oynaqlığı özünü göstırirdi. Qış dağlardan asanlıqla çəkilib getmək istəmirdi. Aprelin 2-də qonum-qonşu yığılıb Tacirin oğlu Zaməddinin əsgərliyə getməsini toy-bayram etdi. Yedilər-içdilər, güldülər-danışdılar. Sabah isə belə bir məclis Etimadın evində qurulacaqdı.
Nurəddinin kiçik qardaşı Nəcməddin də hərbi xidmətə yola düşürdü. Ancaq dünəndən kəndin, elin obanın içərisində söz-söhbət gəzirdi ki, cəbhə xəttində narahatçılıq var. Etimadın oğlu da ön xətdə olduğundan yaman narahat idi. Lakin özünü bir təsəlli ilə ovudurdu ki, onun oğlunu ön cəbhəyə aparmazlar. Çünki snayperlər gizlində və uzaq məsafədə dayanıb atəş açarlar. Fəxriyyə əlində süfrənin hazırlığını görə-görə bir gözü də televizorda gedən “Arka sokaklar” türk serialında idi. Bu filmdə ananın bir oğlu əsgər gedəndə, digər oğlunun tabutunu əsgərlikdən evə gətirmişdilər. Birdən-birə Fəxriyyənin ürəyi sıxıldı. Ağlına gələn ilk dəhşətli fikri beynindən qovmaq istədi, hələ bir öz-özünə “Lənət şeytana, bu nə idi düşündüm. Ağzımdan qara yellər aparsın” dedi.
Hazırlıq görə-görə öz-özünə fikirlə şdi ki, şükür Allaha ki, çətinliklə böyütdüyü oğlanları artıq ailəyə dayaqdırlar, kəndin içərisində, el-oba yanında üzlərini ağ eləyiblər. Elə vaxt olub ki, bu qara damların altında səhərə qədər uşaqları acından ovuda bilməyib. Ürəyinə daş bağlayıb. Təzə uşaq paltarları alanda, sevinib ki, axır ki, onun da balaları təzə bir paltar geyinəcəklər. Neyləyəydi ki, dövran pis gəlmişdi, kolxoz dağılmış, təsərrüfatlar işləmirdi... dağ kəndində hara gedəcəkdilər. Heç toyuq-cücə alıb saxlamağa da imkanları olmurdu. Malı-heyvanı, toyuq-cücəni də saxlamaq maddiyyatdan keçirdi. Özlərini güclə dolandırırdılar, bir də ola ki, mal-heyvan saxlayasan. Ancaq oğlanları ikisi də mal-heyvanı çox sevirdilər. Ən azı həyətdə bir-iki inəyi olsaydı, vaxtlı-vaxtında südü-qatığı ilə uşaqların başını qatardı...
İndi gör hardan hara gəldilər. Ağır şəraitə görə heç nə artıra bilmədilər. Bir fəhlə atanın qazancı ilə nə artıracaqdılar ki... Əslində Fəxriyyənin dünya malında heç vaxt gözü olmamışdı. Təkcə üç balasına can sağlığı diləyirdi. Lakin sevinirdi ki, daha oğlanları böyüyb, Nurəddin də ki, lap zəhmətkeşdir. Sabah da kiçik oğlunu yola salacaqdı. Etimad da ki... yayda yəqin ki, yenə Masallının, Lənkəranın istirahət zonalarında bir-iki ay işləyib, qışa hazırlıq görəcəkdilər. İyulda oğlu Nurəddin də qayıdıb, atasına yardım eləsə, yenə yarımçıq tikili evi bitirib başa gətirərdilər... Bu fikirlərin burulğanında ikən, bir də gördü ki, yavaş-yavaş qohum-qonşu həyətə yığışır. Gənclər bir tərəfə, yaşlılar başqa tərəfdə oturdular. Etimad gəlib-gedənlərin üzündə bir narahatlıq olduğunu sezmişdi. Nəsə bu gün keçən il, oğlu Nurəddinin yola salma mərasimində olduğu kimi şən deyildi gələnlər. Qonaqlar süfrədə ürəksiz kimi oturur, bəzən də tezcə durub gedirdilər... Hava da elə dönmüşdü ki, elə bil qış təzədən qayıdırdı. Arada Nəcməddin qonşunun həyətinə keçdi, qayıdanda anasına və atasına dedi ki, kənd ərazi nümayəndəsi İnqilab deyir ki, onun əsgər getməsi hələlik qeyri-müəyyən vaxta qaldı. Bu xəbəri eşidən Fəxriyyə və Etimad sevincək dedilər ki, “yəqin, qardaşıının gəlməsini gözləyirlər. Lap yaxşı, Nurəddin gələndən sonra, sən gedərsən. Elə qardaşını da görərsən”.
Nəhayət hamı evinə dağılışdı. Fəxriyyə qızı Gültac ilə həyət-bacanı, evləri təmizləyib yatmağa keçdi.
Gecənin bir aləmində Etimad həyətdən gələn səsə oyandı. Qardaşı idi. “Tez əyin-başını geyinib, həyətə düşdü. Elə bildi ki, yatıb qalıb. Saata baxdı. Hələ gecə saat 2-dən keçmişdi. Təşvişlə nə baş verdiyini soruşanda qardaşı, Nurəddinin yaralandığını dedi. Göydən də bir qar yağırdı ki, gəl görəsən. Etimad qardaşı və digər qohumlarla kənd üzüaşağı getməyə balaşdılar...
Fəxriyyə həyəti dolu görəndə, haray çəkib, qonşularından nə baş verdiyini soruşdu. Qız-gəlin onu sakitləşdirib, Nurəddinin ayağından yaralandığını dedilər. Qapını açıb həyətə çıxanda, qohum-qonşunu həyətdə gördü. Sən demə məclisi tərk edən qonşular, yaxınlıqdakı evdə dayanıb, bu xəbəri ailəyə necə verəcəklərini müzakirə edib, ağlayıb taqətdən düşmüşdülər. Elə bu vaxt Fəxriyyənin yadına oğlunun məktəbdə oxuyanda ona dediyi bir söz düşdü. “Ana, mən bilmirəm, bəzi adamlar niyə uşaqları şəhid olanda haray çəkib, şəbeh çıxardırlar. Adam gərək şəhidini onun adına layiq qarşılasın, şəhidi gətirən əsgərə hörmət eləsin. Elə bilirsən ki, o əsgər üçün çiynində döyüş yoldaşının tabutunu gətirmək asan işdir...”.
Bir az keçmiş kəndin həkimi də gəldi. Fəxriyyəyə sakitləşdirici iynə vurdular.
Düşmən ilə üzbəüz mövqelərdə isə döyüş hələ səngiməmişdi. Azərbaycan əsgərləri əzmlə döyüşür, irəliləyirdilər. Nurəddinin ən yaxın dostu Mirabdulla Həbiyev də ön cəbhədə idi.
Hərbi xidmətə gələndə ilk 15 gün çətin olmuşdu. Ağdərə və Tərtər tərəfdə xidmət edən Mirabdulla artıq güllə, mərmi, top səslərinə öyrəşmişdi. Elə gecə olmurdu ki, ermənilər 1994-cü ilin sentyabr ayında imzalanan atəşkəsi pozmasınlar. Əslində sözdə atəşkəs idi. Bəlkə də müharibə başlayıb qurtarsaydı, bu qədər itki olmazdı. Atəşkəs deyilən bu dövrdə nə qədər əsgərlər elə düşmənlə üzbəüz dayandıqları mövqelərdə şəhid oldular. Düşmənlə üzbəüz mövqedə dayanmaq hər gün ölmək və dirilmək deməkdir. Burada dayanan əsgər hər dəfə növbədən qayıdanda Tanrısına şükr edir ki, bu gecə də qəfil düşmən gülləsinə rast gəlmədi. Dəfələrlə Mirabdullanın növbədə olduğu vaxt düşmənin qəfil təxribatı və atəşi nəticəsində ölən və yaralanan hərbçi yoldaşları olmuşdu. Burada xidmət edən əsgərlər artıq qana, dost itkisinə öyrəşmişdilər. Başqa cürə ola da bilməzdi. Qarşıdakı düşməndən Vətən torpaqlarını qoruyurdular... və həm də hər gün o qarşıdan görünən sərhədləri aşıb keçəcəkləri günü gözləyirdilər.
Aprelin 1-dən 2-nə keçən gecə isə, Mirabdulla Həbiyevin də qulluq etdiyi hərbi hissədə əsgərlər döyüş vəziyyətinə gətirildi. Böyük bir qüvvə ilə hər kəs Ağdərə tərəfə irəlilədi. Əvvəlcə ağır texnikanı qabağa buraxdılar. Sonra isə əsgərlər döyüşdə öz yerlərini tutdular. Qızğın döyüş başlamışdı. Havanın soyuq olmasına baxmayaraq, əsgərlərə elə bil ki, ikinci nəfəs verilmişdi. Əslində hər şey yuxu kimi gəlirdi. İrəlilədikcə irəliləyirdilər. Bütün gecəni döyüşdükdən sonra, aprelin 2-dən 3-nə keçən gecə, onlara dincəlmək üçün zaman verildi. Bu vaxt Mirabdullanın doğulduğu regiondan olan bir zabit ona yaxınlaşıb, hal-əhval elədi və telefonunda Nurəddinin şəklini ona göstərib, tanıyıb-tanımadığını soruşdu. Mirabdulla şəkilə baxıb onun dostu və kəndçisi olduğunu dedi. Şəkili ona nədən göstərdiyini soruşanda, zabit əsgərinin fikrini yayındırmaq üçün “Heç nə mənim dostluğumdadır, şəkili gəlib bura düşüb, ona görə soruşdum”- dedi. Və sonra çəkilib getdi. Bu hadisədən şübhələnən əsgər Həbiyev evə atasına zəng vurub, dostundan xəbər bilmək istəyəndə, Nurəddinin atası Etimad onu inandırdı ki, xəbər yalan xəbərdir, şəhid olan başqa kənddəndir, məlumat səhv yayılıb. Yalnız bu söhbətdən sonra, nisbətən sakitləşdi.
Aprelin 4-də isə bunlardan xəbərsiz idi. O ön cəbhədə yaralı əsgərləri, şəhidləri idarə etdiyi avatomobil ilə arxaya daşıyırdı. Aprelin 5-i isə onlara tamamilə dayanma əmri verdilər. Və əsgərlər peşman-peşman bir-birinə baxdılar. Bu qədər irəli getdikləri halda, bu necə əmr idi? Ancaq neyləyə bilərdilər? Onlar hərbi əmrə müntəzir əsgərlər idilər...
... Səhər o başdan Yardımlı dağları ağ örpəyi ilə üçrəngli bayrağa bükülüb elinə-obasına gələn 19 yaşlı Nurəddin Mirzəyevi qarşılayırdı. Qar cırılmış gəlinlik paltarı kimi səpələnirdi. Nurəddinin tabutunu onu əsgərliyə yola salan təcili tibbi yardım maşınında gətirdilər. Fəxriyyə donub qalmışdı. Nə baş verdiyindən sanki xəbəri yox idi. Bir də onda ayıldı ki, balasını aparıb dəfn ediblər:
- Oğlumu bu həyətə gətirəndə dağlar ağ gəlinlik libasına bələnmişdi elə bil. Hələ də özümə bağışlaya bilmirəm ki, niyə mənim özümdən xəbərim olmayıb, iynənin təsirindən heç nə yadımda deyil. Mən gərək haray çəkəydim, mən gərək beşiyi başında çaldığım laylaları oxuyardım...
Mən aşiqəm boyuna,
Həsrət qaldım boyuna.
Toy çadırı qurdurub,
Heç girmədin oyuna.
Laylay balam a laylay...
Neyləmək olar... Mənim balam Vətən yolunda qurban gedib, torpaqlarımızın azadlığı uğrunda canından keçib. Bir onunla təsəlli tapıram ki, Allahın ən uca məqamına yetişib. Şəhidlərin yeri istər Tanrı yanında, istərsə də bəndə yanında çox ucadır.
Nurəddinin evi Honubanın ən uca yerindədir ,- söyləsəm yanılmaram. Dağın ətəyi nə qədər isti idisə, burada küləklər elədən-elə, belədən-belə oynayırdı. Başını döndərib hara baxsan dağlarla əhatələnmiş kəndin hər tərəfindən mal-qara, toyuq cücə, it səsi gəlirdi. Fəxriyyə və Etimad isə şəhid övladlarının arzularından, xəyallarından, nə vaxtsa, hardasa etdiyi söhbətlərdən xatırlamalar edirdilər. Elə bu vaxt həyətdə bir maşın saxladı. Ağ saqqallı, nurani bir kişi düşüb, tutduğu əl ağacına söykənə-söukənə bizə tərəf gəldi. Qaməti elə şax idi ki... Biz oturan stolun yanına yaxınlaşanda süfrə ətrafında oturan böyüklü-kiçikli hamı ayağa qalxıb, ağsaqqala ehtiram göstərdilər. Dağ adamları belə olur. Böyük-kiçik yeri bilən, ağsaqqal yanında az danışıb, az güləndilər. Dini baba yerini rahatlayıb gülə-gülə: “Mağul gəldin, nə əcəb gəldin?!”- deyə sual etdi.
- “Baba, Nurəddinin sorağına gəlmişəm”- dedim. Kişi başını əllərinin arasına qoyub, xeyli dayandı. Cibindən qət-təzə bir dəsmal çıxarıb, dolmuş gözlərini sildi. Sonra dağlara baxdı:
-Bu dağlarda dərd çoxdur...
Fəxriyyə oğrun-oğrun ağlamağa başladı. Üzünü Fəxriyyəyə tutub: “Gəlin sənə demədimmi ağlama. Mən söz vermişəm, ağlamayacağam, sən də ağlama...” - dedi, lakin səsi tir-tir titrədi Dini babanın:
-Mən hər gün dərdimi götürüb bu dağlara çıxıram. Yaşımı 85 etmişəm. Bu dünyanın pis üzünü də, yaxşı üzünü də görmüşəm. Bizim bu kənd qəhrəmanlar kəndidir. Böyük Vətən Müharibəsi davasında 16 igidimiz gedib qayıtmayıb, itkin düşənlərdən biri də mənim böyük qardaşım Əbdülkərim olub. 1992-ci ildə Ağdərə uğrunda döyüşlərdə əmim oğlu Ənvər Mirzəyev də 20 yaşında şəhid oldu. Tibb məktəbini bitirmişdi. Şəhid verməyə öyrəşib bizim nəsil. Biz bu Vətəni, bu Azərbaycanı candan əziz bilənlərdənik. Ötən il orucluqda çıxdım yenə o dağların başına. Elə bil Nurəddin gəldi gözlərimin qabağına. Ürəyim sıxıldı. Allaha dua etdim ki, balam sağ-salamat gəlsin. Axı bilirsən, bizlərdə deyərlər ki, dövlətdə dəvə, övladda nəvə. O Nurəddin də bir oğul idi ki, gəl görəsən. Gömgöy gözləri var idi. Çiçək kimi sifəti var idi. İşığına baxa bilmirdin. Elə tərbiyəli, elə ədəbli bala idi ki, gəl görəsən... Oturdum ağladım, dağlarla söz-sözə gəldim. Enişə düşüb, evə gələndə dedilər ki, kişi gözlərin niyə qızarıb, dedim, sizə aid deyil... Sonra da Nurəddin Vətən yolunda, el yolunda şəhid oldu. İndi o dağlara çıxıram hər gün, dağlar dərdini mənə deyir, mən dağalara deyirəm:
Nurəddinin törəninə dünyanın hər yerindən gəlmişdilər. O uca bayrağımızı azad etdiyi Lələtəpəyə sancanların yanında olub. 5 əsgər olublar. Üçü bayrağı qoruduğu yerdə şəhid olub. Füzulidən, Nurəddinin döyüşdüyü yerdən zabit gəlmişdi. Danışdı o gecəki qəhrəmanlardan. Mənim üçün hər şeyi xırdaladı. Dedi baba ağlama. Sənin balan şəhid olub. Onlar unudulmaz şəhidlərdir. Dedi ki, narahat olma, hələ sonra bu şəhidlərdən çox yazılacaq. Onları ucaldacağıq, ad-san verəcəyik. Hə... ay qızım, bu uşaqlar Vətən yolunda, ana-bacı yolunda şəhid oldular.
Dini baba danışdıqca sözü-söhbəti tükənmirdi. Bu ellərin təbiətindən, tarixindən, mədəniyyətindən, insanlarından bir kitab danışdı. Dağ adamları belə olur. Onlar doğulduqları yerlərin təbiətinə elə qarışırlar ki, içdikləri bulaqların suyu onları danışdırır, qəlblərini təmiz saxlayır. Dini baba bu kəndin bir sufi timsalıdır. Əyni başı gül kimi, üzündən ətrafa işıq yağır. Və baxanda fikirləşirsən ki, belə bir kişinin ocağında ancaq halal övladlar yetişə bilər. Yetirdiklərini də Vətəninin haqqı-halalı edərlər. Vətəndən almasalar da, Vətənə verən əlləri hər zaman açıq olar, həm insanlara, həm də Tanrıya ibadətdə.
Nurəddin Mirzəyev aprel ayının 4-də dəfn olunandan 15 gün sonra dostu Mirabdulla təsadüfən əlindəki telefonla internet əlaqəsi saxlayanda, əziz dostunun şəhid olması xəbərinə rast gəlmişdi. Avtomatını götürüb irəliyə, geri aldıqları Ağdərə tərəfdən də keçib düşmənin üzərinə şığımaq istədi. Lakin bir sağına-bir soluna baxıb, bildi ki, bütün bunlar xam xəyaldır. Hara qaça bilərdi ki... Bu dərdi çəkməli idi. Ancaq, indi dünya ona boş görünürdü. O, Nurəddindən 3 ay sonra əsgər getmişdi. Bir dəfə telefonla danışanda Nurəddin ona demişdi: “...Miri, səni mən qarşılayacağam kənddə...”.
Mirabdulla Nurəddini “Şako” deyə çağırardı. Ötən əsgərlik müddətində həftədə bir dəfə zəngləşər, bir-birindən xəbər tutardılar... Necə oldu ki, o boyda qanlı döyüşlərin içərisində o güllələrdən biri gəlib ona dəymədi? Axı Mirabdulla da dostu kimi odun-alovun içərisində idi. Hər saniyə ölüm onunla yanaşı gəzdiyi halda, ondan vaz keçirdi. Qarşıdakı üç ay qərinələrə döndü. Mirabdulla hərbi xidməti başa vurandan sonra birmənalı şəkildə evə dönməkdən imtina edib, hərbi hissədə qalmağı seçmişdi. Dəfələrlə evdən ata-anası zəng edib gəlməyini xahiş etsələr də, “Mən, Şakodan sonra o kəndə gələ bilmərəm”- deyib inad etdi. Və bir gün telefonuna Nnurəddinin anası Fəxriyyə zəng vurdu. O təkidlə Miriyə: “Oğul, tez qayıt gəl evinə, Nurəddinin də əvəzinə gəl, onun ətrini səndən alacağam”- dedi. Çox sevdiyi Fəxriyyə xalasının bu sözlərini isə yerə sala bilmədi.
... Mirabdulla Həbiyev aprel döyüşlərinin iştirakçısı kimi qayıdırdı evinə, kəndinə, obasına, elinə. Qəlbində dünyanın ağırlığı var idi. Yol boyu qoşa gəzdikləri yerlərə baxıb, özünə yer tapa bilmirdi. İnanmaq istəmirdi ki, hər cığırına, izinə bələd olduqları bu kənd yollarında qoşa addımlamayacaqlar. Maşından düşən kimi əvvəlcə Şakonun yaşadığı həyətə getdi. Hələ məktəb illərindən hər səhər bu həyətə gələr, dostunu yuxudan ayıldıb, birlikdə dərsə gedərdilər. İndi əlacsız qalmışdı. Gəlib həyətin ortasında heykəl kimi dayandı. Fəxriyyə onu qucaqlayıb hönkür-hönkür ağlayırdı... Nurəddinin ətrini Mirabdulladan almaq istəyirdi... Bu görüş Mirabdullanın ömrünün ən ağır anları idi... Daha heç vaxt onun Şakosu olmayacaqdı...
Mirabdulla Şakonun olmadığı həyətdə çox dayana bilmədi, qaça-qaça qəbristanlığa getdi... Elə bilirdi ki, səsləsə durub deyəcəkdi: “ Miri,gördün, demişdim axı. Səni əsgərlikdən gələndə mən qarşılayacağam...”.