...Bu dəfə yolumuz Şəkinin Kiş kəndinə - orada 1992-ci ilin aprel ayının 4-də dünyaya gəlmiş, 24 yaşında həyatını vətən torpağı uğrunda döyüşlərdə qurban vermiş şəhid Orxan Hümmətovun ata ocağınadır.
Hümmətovların evinə getmək üçün Kiş kəndinin dar dalanlarından keçdik. Darvazanın üstündə Azərbaycanın üçrəngli bayrağı dalğalandığından, bu həyətin şəhid ünvanı olduğu bəlli idi. Köhnə qapı-pəncərəli, kasıb bir daxma idi. Həmin qəhrəman oğul bu balaca daxmada böyümüşdü.
Artıq neçənci dəfədir ki, şəhid evlərində olarkən doğmalarının onlar haqqında danışdıqlarında bir gerçəyi müşahidə edirəm: onlar hamısı həlak olanlar haqqında sağ imiş kimi danışırlar. Orxanın anası Pərvanə bacı da elə danışdı:
- 2 oğlum var... İkisi də hərbçidir oğlanlarımın. Böyük oğlum Vüsalın 29 yaşı var. İnstitutu bitirəndən sonra diplomu evin bir küncündə qaldı, iş tapmadı. Axırda keçən il hərbiyə yazıldı. İndi işləyir. Elə qardaşı Orxana baxıb, hərbçi oldu. Orxanı isə gücümüz çatmadığından heç yerdə oxutmadıq. Ancaq idmanda çox fəaldı. Yarışlara gedib, medallar, fəxri fərmanlar, diplomlar gətirdi... Toya hazırlaşırdıq. Böyük oğlum Vüsalın toyuna. Yer də danışmışdıq. Qız qapısına neçə dəfə getdiksə, bayramlıq, xonçalıq pullarını Orxan verdi. Elə sevinirdi, elə hazırlaşırdı ki, qardaşının toyuna... Ona deyirdim ki, qardaşından sonra səni evləndirəcəm. Deyirdi ki, yox, ay ana, mənə hər qız gəlməz. Ailə quracağım qız, gərək hər vaxt mənim ölüm xəbərimə hazır olsun... Orxanın barmağının birinin bukümlərində xallar var idi. Deyirdi ki, itib-eləsəm məni bundan tanıyarsan. Son dəfə martın 17-si gəlmişdi. Bayramı bir yerdə keçirdik. Yola düşən günü səhər tezdən durduq. Çayını-çörəyini verdim. Gəlib oturdu dizimin üstündə. Dedi, ana, məni körpə vaxtımızda olduğu kimi, yellə ayaqlarının üstündə. Bir-iki dəfə ayağımı tərpətdim. Gücüm çatmadı. Dedi ki, ana gördünmü, daha yekə kişiyəm, gücün çatmır nə mənə, nə qardaşıma. Gecələr durub üstümüzü örtürsən, eləmə belə. Dedim, ay bala, neçə yaşınız olsa da siz mənim üçün elə, həmin körpələrsiniz. Bu, oğlumla üz-üzə etdiyim son söhbətim oldu. Aprelin 3-ü axşam saat 9-un yarısında danışdıq onunla. Atası ilə birlikdə, soruşduq ki, neynirsən. Cavab verdi ki, kursdan gəlmişəm, yatıram. Bizi aldatdı. O heç yalan danışmamışdı. Torpağın, Vətənin xətrinə yalan dedi mənə...
Sonra Orxanın ailədəki davranışından söz açır Pərvanə bacı:
- Qardaşını yaman çox istəyirdi. Vüsal evə on dəfə də girib çıxsa, hər dəfə Orxan onun üçün ayağa durardı. Atalarının yanında nəfəslərini də çəkmirdilər. Onları o qədər mehriban, tərbiyəli böyütmüşəm ki... Onlar uşaq olanda ataları çox vaxt burda olmurdu. Rusiyaya çörəkpulu dalınca gedirdi. İndi köhnəlmiş bu, bir otaqlı, bir eyvanlı evimizi də Rusiyadan gətirdiyi pulla tikmişdik. Uşaqlar nə qazansalar, gətirib atalarına verərdilər. Sonra xərclik üçün pulu məndən istəyərdilər. Deyirdim, ay bala, vermisiniz, özünüz istəyin atanızdan... Belə, böyük-kiçik yeri bilən, abırlı, həyalı uşaqlar böyütmüşəm.
Orxan uşaq vaxtı böyürtkən yığıb, turistlərə satırdı. Alveri yaxşı olanda sevinə-sevinə gəlirdi evə. Pis vaxtlar idi. Aclıq var idi ölkədə, dolanışıq çətin idi. Biz o uşaqları elə çətinliklə böyütdük. Hərbini yaman sevirdi Orxan. Deyirdi ki, ana, mən general olacağam. Nə vaxt evə gəlirdisə, çəkmələri, paltarları palçığın içərisində olurdu. Deyirdim ki, ay bala, siz elə palçıqda təlim keçirsiniz?! Bir dəfə də palçıqlı çəkmələrinin torpağını təmizləyib, bir torbaya yığıb dedi: "Ana Şəkidə Qarabağın torpağını Kiş kəndinə gətirən bir nəfər varsa, o da mənəm". Torpağı yığıb mənə verdi, dedi ki, Şuşa alınınca saxla bunu...
Analar balasının başına gələn qəzanı hiss edər. Mən də rəhmətlik anamdan eşitmişdim, anasına çox bağlı olan övlada bir acı dəyəndə, ananın qarnının içi yanar, sızıldayar. Pərvanə bacı da deyir ki, oğlunun xəbərini almadan 1 həftə öncə bədəni alışıb yanırmış. Qadın gedib bədəninə su töküb ki, bəlkə sərinləsin... Xeyri olmayıb. Gedib dərdini qonşuya danışıb. Aprelin 4-də səhər ertə əri Kazımdan cəbhə bölgəsindən nə xəbər olduğunu soruşur. Kazım deyir ki, televizorda dedilər, 3 nəfər gizir şəhid olub. Pərvanə bacı evdə özünə rahatlıq tapmadığından həyətə çıxır, zibil atmaq üçün kəndin kənarına tərəf gedir, orada əllərini göyə qaldırıb, səsi titrəyə-titrəyə, cəbhədəki son döyüşlərdə həlak olan şəhidlər üçün ağlayır və cəbhədəki əsgərlərimizə Tanrıdan salamatlıq diləyir. Bu vaxt kənd bələdiyyəsindən olan nümayəndə onu görür, lakin qayıdıb gedir. Bələdiyyə işçilərinə deyir ki, Orxanın şəhid olmaq xəbərini ailəyə çatdıra bilmədi. Çünki qadın əlini göyə qaldırıb, əsgərlər üçün Allahdan mərhəmət istəyirdi. Beləcə həmin gün axşama qədər kəndin bir çox adamı bu qapıya gəlib, geri qayıdır.
Pərvanə Hümmətova deyir:
- Oturub televizora baxıram, şəhidlərin şəkillərini görüb yana-yana elə ağlayıram... Öz-özümə deyirəm ki, ananız ölsün, necə dözəcəklər ayrılığınıza...Torpaqla danışırdım, deyirdim ki, ay torpaq, neylədin bu cavanları, heç heyfin gəlmədimi?! Ayağa durub, Kazımdan soruşdum ki, ay kişi, bilmədin o ölən gizirlərin adı nədir, kimdir? Ancaq Orxan nə atasının, nə də mənim ağlıma gəlmirdi, elə bilirdim ki, təlimdədir. Qonşum Bənövşə gəlib televizoru söndürdü, qaça-qaça getdi. Durub bunun dalınca çıxanda, baxdım ki, qaynım darvazadadır. Məni görcək "evimiz yıxılıb"- deyərək başına döydü. Qışqırdım ki, Vüsala nə olub?! Dedi Vüsal deyil, Orxandır. Özümü o hündür pilləkəndən çırpdım yerə. Vurub eyvanın pəncərələrini sındırdım. Bir də gördüm balamın tabutunu bayrağa büküb gətirirlər. Əlimin qanı balamın büküldüyü bayrağa qarışdı. Bundan da ağır dərd olar?! Sən demə dünən gecədən bütün kənd bilir, gəlib bizə deməyə ürək eləmirlər. Sonra bildik ki, oğlum Ağdərə uğrundakı vuruşlarda qəhrəmanlıqla həlak olub. Döyüş dostlarını meydandan çıxarmaq üçün gedəndə düşmənin atdığı mərminin qəlpəsindən yaralanıb. Qobustandan olan Orxan mənim Orxanımın meyitini çıxarmaq istəyəndə onu da vurublar. Onlar ikisi də eyni yaşdaydılar...
- 5-ci sinifdə oxuyandan beyninə girmişdi ki, hərbçi olacaq. İki dəfə hərbçi olmaq üçün imtahan verdi. İdman normativlərini yerinə yetirdi, testdən keçmədi. Əsgəri xidmətini başa vurub qayıdandan 1 il sonra gedib Xüsusi Təyinatlılara yazıldı. Dəfələrlə təlimlərdə fərqlənmişdi. Türkiyədə xüsusi təlim kursunu uğurla başa vurmuşdu. NATO-nun sülhməramlı dəstəsində iştirak etmişdi. Məndən kiçik olsa da, ondan çox şey öyrənirdim. Arxam, dayağım idi. Aprelin 3-ü axşam saat 9-da mənimlə danışıb, özümdən muğayat olmağı tapşırdı. Heç fərqinə də varmadım sözlərinin deyilişinə. Ancaq, adətən, o belə danışmazdı. Fikirləşdim ki, təlim kursundadır. Sən demə, anamgildən sonra mənimlə danışıb, vida sözüymüş bu. Özüm də hərbçiyəm. Mənə deyəndə ki, qardaşın şəhid olub, inana bilmədim. Onun yoxluğunu dərk edə bilmirəm. Deyirəm, bəlkə yalandır, bəlkə qayıdacaq, gözüm telefonda qalır ki, bəlkə zəng edəcək... Yoxluğuna inanmasam da, bilirəm ki, yoxdur Orxan!
Təkcə adının şəhidlər siyahısında olmasından təsəlli tapıram...
Həyətə çıxıb Orxanın atası Kazım kişiyə el adəti ilə başsağlığı verdim. Üzünü dağlara çevirib baxdı. Bu Kiş kəndi vüqarlı Qafqaz sıra dağlarının əhatəsindədir. Gördüm ki, oğlu haqqında danışmaq çətindir, həyətində evin tikintisi barədə soruşdum:
- Bu evin təməlini elə Orxanla birlikdə başladıq. Gücümüz çatan tikinti materiallarını da alıb tökmüşdük həyətə. Oğlum şəhid olanda bu həyətə yüzlərlə adam gəldi Şəkidən, başqa rayonlardan. Həmin adamların içərisində eloğlumuz Milli Məclisin deputatı Cavanşir Feyziyev də var idi. Uşağın üç mərasimi günü kənd sovetindən həyətdəki evin təməli haqqında soruşub, deyiblər ki, Orxan başlamışdı. O da həmin evin tikintisini öz üzərinə götürdü. Kəndimiz Qarabağ döyüşlərində Orxanla birlikdə 9 şəhid verib. Kənd qəbiristanlığındakı həmin 9 şəhid məzarının üstünü götürüb, hamısını mərmərdən düzəltdirdi.Tanrı köməyi olsun!
Qadınlar ağlayaraq ürəklərini boşaldarlar, kişilər çox vaxt ağlaya bilmirlər. Oğul dağı dağ olur sinələrində, qədlərini əyir. O aprel səhəri Kazım kişini də belə əydi dərd. Orxanın 40 mərasimi günü isə 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı Orxanın atası Kazım Hümmətova təqdim olundu.
Orxanın və ailəsinin həyat hekayətini qələmə alanda, şəhidimizin facebook hesabında bir qeydə rast gəldim:
"Xüsusi əməliyyatlar üçün xüsusi insanlar vardır. Qarşıdakı düşmən dəstəsi Sizdən sayca üstün ola bilər. Lakin düşmənin sayca üstün olması Xüsusi Təyinatlılar üçün heç bir şey ifadə etməz. Önəmli olan sayca üstünlük deyil, Xüsusi Təyinatlıların öyrəndikləri hərb sənəti, bir-birinə olan bağlılıqları və əməkdaşlığın güclü olmasıdır... Xüsusi Təyinatlılar düşmənin heç gözləmədiyi anda və zəif nöqtəsindən vurur və düşmən dəstəsi geri çəkilmək, dağılmaq məcburiyyətində qalır. Xüsusi Təyinatlılar elə buna görə qeyri-mümkünü bacaran Bir Ovuc Qəhrəman olaraq xatırlanar".