Rəşid Mehdiyev Salyanın Xələc kəndində 1990-cı il, iyulun 26-da dünyaya gəlmişdi. Ailədə ondan böyük iki qız uşağı olduğundan, bütün qohum-əqrəba, dost-tanış sevinirdi ki, Rövşənin də oğlu varis oldu. Doğuluşu ilə Mehdiyevlər ailəsinə sevinc gətirən Rəşid, böyüdükcə sevinc payları boy-boy çoxladı. Dəcəlliyi də ki, öz yerində. Bacılarının oxuduqları dərs şeirlərini onların dilindən əzbərlədi, məktəbə gedəndə hamıdan qabaqcıl oldu, istər ədəbiyyat, istər, riyaziyyat və fizika fənlərinin olimpiadalarında qalib gəldi. Müəllimlərinin hər biri onun qismində böyük bir riyaziyyatçı, ədəbiyyatçı görürdülər. Dərslərini yaxşı oxumaqla bərabər həm də kəndin içərisində sayılıb-seçilən, mərd və səxavətli gənc kimi tanıdılar. Beləcə hər kəs üçün əfsanəyə çevrildi Rəşid. At ilində doğulmuşdu, Tanrı onu hər muradına çatdırırdı. 2012-ci ildə Ali Hərbi Məktəbi bitirəndən sonra təyinatını gəncəyə verdilər. Sonuncu iş yerində isə N saylı hərbi hissənin 3-cü Divizion İdarəetmə Tağımının komandiri oldu.
– Mən onu müəllim görmək istəyirdim, – Rəşid Mehdiyevin atası deyir.
- Fikirləşirdim ki, elə kəndimizin məktəbində uşaqlara dərs öyrədər, gözəl nitqi, yüksək səviyyədə qavrama qabiliyyəti, insanlarla münasibət qurmaq kimi keyfiyyətləri var idi. Mənim deyil, arzusunun dalınca getdi və arzusuna çatdı. Ali hərbi məktəbin birinci kursunu bitirib, ikinci kursa keçəndən sonra ona “komandir” – deməyə başladım . Çünki bu təhsil ocağı çox dərin və çətin yer idi. Orada bir il sınaqlara tab gətirəndən sonra, artıq insan hərbçi kimi formalaşmağa başlayır.
Danışdıqca gözləri gülür, xatirələrini vərəqlədikcə, sanki yenə Rəşidin əlindən tutub məktəbə aparır Rövşən kişi. Elə danışır ki, sanki həmin hadisələr dünən və ya indi baş verib. Elə danışır ki, sanki Rəşid sağdır, elə danışır ki, az qala inanırsan ki, bu dəqiqə Rəşid qapını açıb içəri girəcək...
Ancaq... bütün bunlar hamısı xatirə, xəyaldır... yavaş-yavaş gözündəki gülüşlər göz yaşına çevrilir... Titrək əlləri ilə gah başını qolları arasına alır, gah gözlərinin yaşını əllərinin arxası ilə silir. Hər gün belədir, hər gün Məxburə xanım da, Rövşən də evin bir tərəfində Rəşidin adına yaratdıqları guşəyə baxırlar, oradakı şəkillərini, əşyalarını, geyinmədiyi hərbi mundirlərini sevib-oxşayırlar. Bu mundirləri Rəşid də yaman sevirdi. Özünə də elə yaraşırdı ki...
Bacısı Zümrüd Rəşiddən 4 yaş böyükdür.
“Rəşid hər işində atamıza bənzəyirdi. Atam istedadlı rəssamdır, gözəl əl qabiliyyəti var. O bizim sehirli qardaşımız idi. İki bacının ağzından nə çıxsa, ürəyimiz nə istəsə, alıb gətirirdi. Onunla bağlı o qədər gözəl xatirələrimiz var ki. Rəşid 4-cü sinfi bitirmişdi . Yay tətili idi. Atam gecə traktorçularla çöl sahəmizdə ot bağlamağa getmişdi. Və bir də anam baxıb gördü ki, atam gedib ot bağlamaq üçün iplər evdə qalıb. Anam çox nigaran oldu ki, gecənin bu vaxtı ipləri atama kim çatdırsın? Və qardaşım gecənin bir aləmi o balaca yaşı ilə, kənddən xeyli uzaqdakı çöl sahəsinə gedir... atama yaxınlaşanda oradakı kişilərin hamısı məəttəl qalır ki, 9 yaşlı uşaq kənddən qaranlıq bir gecədə bu qədər yolu necə tək gəlib? Çaqqaldan, ilandan, qurddan qorxmayıb. O qədər nadinc idi ki, Rəşid. Bir yerdə oturmurdu. Gah maqnitafon təmir edirdi, gah naqilləri tapıb bir-birinə calayıb, nəsə düzəldirdi, bir dəfə də elektrik cərəyanı vurmuşdu onu... Ev tikənə kömək edirdi, taxıl sahəsində işləyənin taxılını biçirdi... Bu uşağın bacarmadığı iş yox idi.
Qardaşım həm də səxavətli idi, həm mənim, həm bacım Ceyranın qayğısına qalırdı, qazandığı pulu gətirib bizim üçün, uşaqlarımız üçün xərcləməkdən zövq alırdı. Deyirdim ki, ay qardaş, pullarını topla, ver anam saxlasın, evlənməyin gecikir, anam yığıb toyun üçün xərcləyər, bizim heç nədən ehtiyacımız yoxdur axı... Deyirdi ki, toyu edəndə də Allah yetirəcək, narahat olmayın. İndi biz bacıların qolu-qanadı qırılıb, biz onun üçün toy xəyalları qurmuşduq, o isə bizim arzularımızı ürəyimizdə qoydu....
Təlim Tədris Mərkəzində – Salyan Kazarması deyilən yerdə oxuduğu vaxtlar idi. Mən xəstələnmişdim, təcili əməliyyat olunmuşdum. Əməliyyat bitəndən sonra atam ona demişdi ki, bacın əməliyyat olunub. O gecə ilə Salyan kazarmasından çıxıb, maşın tapmadığından piyada mən yatan xəstəxanaya gəlib yetirmişdi özünü. Narkozdan ayılanda baxdım ki, oturub başımın üstündə. Və əlimdən tutub ağlayır... Ürəyi çox yumşaq idi, bizi çox istəyirdi, bizə çox bağlı idi. Deyirdim bacın qurban özünü gözlə, deyirdi ki, öləndə də öləcəm də... ölənlərdən artıq deyiləm ki... Həmin aprel günlərində də göydəki Rəbbimiz elə bil ki, bu şəhidləri seçib apardı.. İndi hər birinə baxanda yanıb tökülürəm ki, biri o birindən gözəl, biri o birindən mərd ...Yuxuda görürük indi qardaşımı... Elə gülə-gülə gəlir röyalarımıza. Deyir ki, baxın, yaralarım sağalıb... Ancaq anamın yuxusuna iki dəfə girib, deyib ki qoymursan məni yatmağa... Anam çox ağlayır, lap çox... heç kirimir...”.
Başına qaralar bağlayıb o gündən sonra Məxburə xanım. İndi naləsi Kürü qurudur, Salı yandırır. Deyir ki:
“Əziziyəm Salyana,
Rəşid gəlməz Salyana.
Necəsən bir ha çəkim...
Kür quruya, Sal yana.
Əzizim meyxanəyə,
Şeh düşüb meyxanəyə,
26 il bala saxladım,
Çıxarmadım toyxanəyə
– Sonuncu dəfə 2016-cı il mart ayının 20-də gecə saat 10-da gəlib çatdı evə. O harada olsa bayramları gəlib bizimlə keçirirdi. Deyirdi ki, ana mənim toylara gəlməyə vaxtım yoxdur, işim çox məsuliyyətlidir Ancaq ki, siz mənim böyüklərimsiniz üstümdə haqqınız var. Dünyanın harasında olsam sizə aid olan günlərdə, bayramlarda gəlib sizə baş çəkmək borcumdur. Ona görə də, işdən macal tapıb martın 20-də evə gec gəlmişdi. Bizim Salyan tərəfdə bayramda “Qara plov” – yəni şirin plov bişirərlər. Rəşid heç vaxt o plovu yeməzdi... Ancaq bu dəfə yedi... Dayandım maddım-maddım baxdım ki, bundan nə əcəb yedi şirin plovu... Rəşid evdə olmayanda Məxburənin bişirdikləri yeməklər canını yandırırdı, hər dəfə ağlayırdı ki, ay bala, biz burda şirin nemətlərdən yeyirik, sən gör neçə illərdir ki, fərli-başlı ev yeməyi yemirsən...”.
Analar övladı dünyaya gətirəndən sonra, sinələrindən gələn südlə onları yedirib yatırandan sonra rahat olarlar... Uşaqları böyüdükcə ən şirin tikələrini də övladlarına verər, bununla rahatlıq taparlar. Yeməyin ən gözəlini balası üçün hazırlar analar.. balası yeyəndə baxıb sevinər, ürəyinə yağ kimi yayılar, o həzz...
Məxburə bacı da həmin bayram axşamı kənardan oğluna baxıb , necə sevinmişdisə, indi də o həzzi unutmur və özünə təsəlli verir ki, nə yaxşı ki sonuncu dəfə oğlunu yedirib-içirib:
– Martın 21-də axşam Gəncəyə işlədiyi hərbi hissəyə yola düşdü. Ayın 22- si səhər o başdan da atasına zəng vurdu ki, çatıb, kişi yalnız bundan sonra yatdı. Rəşid evdən çıxıb ünvanına çatmasa, Rövşənin gözünə yuxu getməzdi ki... Bir də aprelin 4-də baxdım ki, qohum-əqrəbalar tez-tez bizə gəlirlər ki, cəbhədə vəziyyət ağırdır. Biz isə tez-tez danışırdıq oğlumla. Aprelin 4-də axşam saat 7-8 radələrində qardaşımla, qohumlarla danışdı. Sonra telefonu mənə verdilər. Rəşid “Ana” deyə-deyə çağırdı, məni həmişəki kimi qəhər boğdu, dəfələrlə təkrar etdi ki: “Anaaaaa, danış da...”, – onun səsi qulaqlarımda qaldı, mən danışa bilmədim boğazım qovuşdu qıfıllandı elə bil... Mənim aprelin 1-də doğum günüm idi. Dedi ki, ana elə bilmə ki, doğum gününü unutmuşam, burada işimizi qurtarım, hədiyyəni özüm gətirəcəyəm... qohum-əqrəba dağılışıb gedəndən sonra yıxılıb yatdıq. Sübh o başdan, səhər saat 6-da yuxudan ayılanda, gördük ki, həyət adamla doludur... Oğlumu mənə qırmızı tabutda gətirdilər.. Oğlum dediyi doğum günü hədiyyəsini gətirmişdi mənə... Belə hədiyyə olmazdı axı, belə divan olmazdı axı... yandım, qovruldum, axı son dəfə yola salanda ondan nə zaman evlənəcəyini soruşdum, dedi ki, qayıdım gəlim, söhbət edərik... Nə bilim kimi apardı ürəyində, kim idi sevdiyi-seçdiyi, bilmədim, etmədiyi bir söhbəti qaldı bəy libası geyinməyən oğlumun...
Ərdəbil bucağında
Od yazndı ocağında.
Oğul necə can verdin?
Tərtərin bucağında?
Bala gəlsə yaxşıdır,
Ana görsə yaxşıdır.
Balanın qabağında,
Ana ölsə yaxşıdır.
Adətən Rəşid evə gələndə qohum-əqrəba, qonşular başına yığılardı, indi isə tabutunun başına yığıldılar... el-oba Salyanın Xələc kəndinin şəhidini aparıb xüsusi hörmət və ehtiramla dəfn elədilər. Rövşən kişinin həyətinə gələn hər kəs deyirdi ki, heyif bu oğlandan, belə oğulu analar tək-tək doğar”.
Aprel döyüşləri bitəndən sonra, hərbi xidmət qulluğunu bitirən Qadir Hüseynov yaşadıqları Qaraçala qəsəbəsinə deyil, birbaşa Xələc kəndinə gəldi. Baş leytenant Rəşid Mehdiyevin dəfn olunduğu qəbiristanlığa gedib, ona hərbi təzim etdi, baş daşından öpdü... Sonra isə Rövşən əminin evinə gəldi. Rövşən kişi bilirdi ki, Qadir onun oğlunun əsgəri olub. Əslində Rövşən Mehdiyev bu görüşü çoxdan gözləyirdi.
Qadir 2015-ci ildə hərbi xidmətə yola düşmüşdü. İlk sıra düzülüşündə Rəşad Mehdiyevi görəndə, gözlərinə inanmamışdı. Bu onların hər zaman həsrətlə baxdıqları qonşu kənddən olan Rəşid idi. N saylı hərbi hissədə qulluq edərkən həmyerlisi baş leytenant Rəşid Mehdiyevin işlədiyi hərbi hissədə necə yüksək hörmətə malik olduğunun şahidi oldu. Həmin aprel döyüşləri başlayan vaxt isə, artilleriyaçıların bir hissəsi də Tərtərin Seydimli kəndi tərəfdə mövqe tutmuşdular. Həmin döyüşlərin iştirakçısı, artilleriyada hərbi xidmət keçən Qadir Hüseynov o aprel günlərini xatırlayır:
– Biz artilleriyaçılar adədən döyüşün içərisində, ön cəbhədə deyil, vuracağımız ərazidən 15-30 km aralıda oturub mövqelənirik. 4 gün idi ki, düşmənin ardıcıl atdıqları top atəşlərini cavabsız qoymurduq. Bizə verilən komandaya əsasən hərəkət edirdik, verilən kordinatlara uyğun zərbələr endirirdik. Həmin döyüşlər vaxtı da təminatımız elə düzgün qurulmuşdu ki, həm yeməyimiz, həm silah-sursatımız vaxtlı-vaxtında gəlirdi. Aprelin 4-də axşam saat 9-10 radələrində gözləmədiyimiz halda bizim artilleriya qurğusu dayanan istiqamətə qarşı tərəfdəki erməni cəbhəsindən top mərmisi atıldı... Bir az keçmiş baxıb gördük ki, bizdən arxada ağır hərbi rabitə texnikasının yanında dayanan kapitan İnqilab Quliyev və baş leytenant Rəşid Mehdiyev mərmi partlayışı nəticəsindən aldıqları zərbələrdən həlak olublar. Bir neçə saat əvvəl isə onların hər ikisi bizə gözaydınlığı verib, deyirdilər ki, gördünüzmü bizim atdığımız atəşlər düşməni necə darmadağın etdi. Bizim yüksək əhval – ruhiyyəmiz pozuldu, çünki iki nəfər yüksək rütbəli zabitimizi qanlar içərisində görmüşdük... O döyüşlərdə atəşkəs başlanana qədər biz gecə-gündüz yatmadıq, bilirdik ki, quru qoşunlarımız, kəşfiyyatçılarımız müəyyən mövqeləri alıblar, bu da bizə ruh yüksəkliyi verirdi. Həm də bizim yanımızda qorxmaz və döyüşkən komandirlərimiz var idi... Heyif ki, həyatları tez qırıldı...”.
Rəşid Mehdiyevin atası Rövşən söhbətimizin əvvəlində deyirdi ki, oğlu böyüyəndən sonra, eldə-obada onu Rəşidin atası kim göstərməyə başladılar.
“Artıq mən oğluma görə tanınırdım. Bu hiss mənə qürur gətirirdi. Rəşid dayısı İlham Gözəlovun yolunu seçdi. O da ədliyyə sistemində çalışmışdı. Rəşid məktəbdə oxuyanda hər zaman dayısının mülki paltarlarını geyər, onlarla şəkil çəkdirər, kənd içərisinə çıxardı... Rəşid şəhid olandan sonra, qaynım İlham Gözəlov da dözmədi.
Elə həmin ili ürəyi partladı, dünyanı tərk elədi. Çox sevdiyi bacısı oğlunun iztirabını çəkə bilmədi...”.
Salyanın özündə, Xələc kəndində indi yenə də Rövşən Mehdiyevi görənlər ona ehtiramla yanaşır, salam verib, hal-əhval tuturlar. İndi rayonda keçirilən bütün rəsmi görüşlərdə, məktəblilərin tədbirlərində hörmətli qonaqlar sırasında Aprel şəhidi Rəşad Mehdiyevin də valideynləri iştirak edir. Onları Rəşidə görə tanıyırlar...
Aida Eyvazlı