2022/09/Rəva-3327836906.jpg

line
Adı: Nurayev
Soyadı: Rəvan
Ata adı: İsmayıl
Doğum tarixi: 03.03.1997
Şəhid olub: 03.04.2016
Rütbəsi: əsgər
Təltifləri
«Hərbi xidmətdə fərqlənməyə görə» medalı (III dərəcə)
Şəhid evlərini soraqlaya-soraqlaya gəzdiyim rayonlarda, ünvanı soruşanda, qarşılaşdığım insanların əksəriyyəti eyni sözü deyir: "...O qapısında Azərbaycan bayrağı asılan ev, şəhidin evidir". Qapısında bayraq asılan evləri, məhəllələrin sakinlərini həm qürurla, həm də gözü yaşlı gördüm. Ocağını yandıracaq, yurduna sahib olacaq tək övladlarını itirən analarla üz-üzə gəlmək nə qədər çətin olsa da, o uca ŞƏHİDLƏRİMİZİN ruhu xoş olsun deyə, məndən güclü analarla görüşmək Tanrı qarşısında mənəvi borcumdur.

May ayı sərin nəfəsi ilə təbiəti nazlandırdığı, şər qarışan bir vaxtda Zaqatala rayonunun Muxax kəndindəki Nurayevlərin məhəlləsini tapmaq çətin olmadı. Naxırdan gələn heyvanları həyətə salan bir kişi bizi evə apardı. Məlum oldu ki, şəhid Rəvan İsmayıl oğlu Nurayevin bacısının əri Qəhrəman Ramazanovdur. Həyətin içərisində təzə ev də tikirdilər.


Bizi eyvanına dəvət etdikləri evin isə divarları çat-çat idi. Bildik ki, 2013-ci ilin may ayında baş verən zəlzələdən sonra, bərbad olan evdir.



Eyvandan içəri otağa keçəndə, yerimdəcə qurudum... Qarşımda məni aprel ayının 4-ü axşamı heyrətə gətirən qara paltarlı, həmin arıq və sısqa qadın dayanmışdı. Həmin vaxt televiziya ekranından onu oğlunun tabutunun altına çiyin verərək, oğlunun tabutunu aparan əsgər yoldaşlarına qoşulub, hər kəsdən qabaqda gedən görmüşdüm...

Və o gecə azərbaycanlılarımın, türk dünyamızın bütün vətəndaşları kimi mənim də gözümə yuxu getməmişdi. Qovrulmuşdum için-için, parçalanmışdı qəlbim

...

Həvva bacının əvəzinə yaxın qohumları Tamam Ramazanova danışmağa başladı.

- Həvvagillə həm qonşuyuq, həm də qohum. Onun böyük qızı mənim gəlinimdir. Çox gözəl, namuslu ailədirlər. 2 yaşından Rəvanı və qızını yetimliklə böyüdüb. Aprelin 3-ü gəlinim Fatma dedi ki, qardaşımın əsgərliyinin 1 ili keçdi, 6 ayı qalıb. Şəklini əlinə götürüb, başladı ağlamağa. Dedim niyə ağlayırsan ki, şükür Allaha gəlib çıxacaq da... Axşamüstü də qudam Həvva gəldi. Dedi ki, heç özümə yer tapa bilmirəm. Bilirdik ki, ara qarışıb, aləm dəyib bir-birinə, ermənilər yenə bizim tərəfə atırlar. Ancaq, Rəvan heç ağlımıza da gəlmirdi. Çünki biz onun Mingəçevirdə hərbi təlim keçdiyini bilirdik. Oturub samovar çayı içə-içə söhbət edirdik. Bu Həvva dedi ki, ürəyimin içi yanır, bilmirəm, canımı hara qoyum. Elə bu vaxt, kəndin icra nümayəndəsi girdi həyətimizə. Həvva dəli kimi yerindən durub onun üstünə qaçdı, qışqıra-qışqıra dedi ki, Rəvandan xəbər gətirmisən, nə olub ki? Vallah bilmədim ki, bu arvada bir dəqiqənin içində nə oldu. Bu necə hiss eləmişdi o icra nümayəndəsinin qara xəbər gətirdiyini...

Hönkürtüylə Həvva Nurayeva özü söhbətə davam etdi:



- Bilirsən nədən bildim?! Çünki 1-2 dəfə bizim qapımızı kənd sovetindən döyən olmayıb. Özü də bu kişi evə girəndə salam vermədi. Ehtiyatla ətrafına baxırdı. Ondan şübhələndim... Mən oğlumu cavan ölmək üçün böyütməmişdim. Kim sahibim olacaq? Axı Rəvan mənə deyirdi ki, ay ana, böyüyüb bütün zəhmətlərinin əvəzini verəcəm. Atası rəhmətə gedəndə Rəvanın 2, böyük qızımın 5 yaşı var idi. Onları bu kənd yerində zəhmətlə böyütdüm. Kimsənin qazanına, çörəyinə göz dikməyə qoymadım. Aclığımızdan, toxluğumuzdan kimsənin xəbəri olmadı. 2015-ci ilin aprel ayında əsgər yola saldım. O əsgər getdiyi gündən sonra dolu zənbillərlə Tərtərə, Goranboya... iki-üç aydan bir görüşünə getdim. Evdə tək qala bilmirdim. Elə bilirdim ki, bütün evi yığıb aparıb Rəvan. Deyirdi ki, ay ana, mən balaca deyiləm, əziyyət çəkmə. Kaş axırıncı dəfə 10 gün balamın yanında qalaydım, doyardım, bəlkə ətrindən.

Bülbül güllər ayrısı,
Şana tellər ayrısı.
Bir gününə dözməzdim,
Oldum illər ayrısı...



Balam Tərtərdə düşmən gülləsinə rast gəlib. Əvvəlcə orda xidmət edirdi. Elə yanına gedəndə sevməmişdim o Tərtəri. Bizim Zaqatala hara, Tərtər hara. Mənə düşmən oldu Tərtər. Aprelin 2-nə keçən gecə təmas xəttində düşmənlə gedən döyüşdə, Lalə təpəni erməni tapdağından xilas edərkən, ermənilərin təxribatının qarşısını alan zaman şəhid olub balam.

Yoldaşım İsmayıl da kənddə çörəkli kişi olub.



Qapımızdan girənə süfrə açmaq adətimizdi. 1999-cu ildə rəhmətə getdi. Ötən günlər ərzində bu həyətimdə oğlum üçün bir mağar quruldu ki, gəl görəsən... Gələn gedənlərə dedim ki, hamınız balamın süfrəsindən yeyin. Bu həm toy mağarıdır, həm əsgərlikdən gəlməyini qeyd edirəm, həm də yasını verirəm. Bundan sonra nəyimə lazımdır bu həyət-baca... O zəlzələ olan vaxtı, biz bu evdə qorxa-qorxa yaşadıq. Görüsünüz də zəlzələdən uçub dağılandı. Pulu olanlar, evinin təmirinə ehtiyacı olmayanlar pul verib təzədən yardım aldılar hökumətdən. Bizim kimi kasıbların da başını 5 min manat pulla qatdılar. Evin təməlini qoyduq, sonrasına da pulumuz çatmadı. Kaş balam sağ olaydı, bir çadırda da yaşayardım. Kaş şikəst qayıdaydı, ölən gününə kimi, qulluğunda durardım...



Oğlumun üç mərasimini verən günü, aprelin 7-də Mehriban xanım Əliyeva Bakıda şəhid ailələrinin anaları, bacıları, qızları ilə görüş keçirirdi. Fatmanı göndərdik. Orda Fatma heç nə danışa bilməyib. Amma sonradan, Mehriban xanımın köməkçisi qızıma zəng vurub, problemimizin olub-olmamsını soruşub, qızım da deyib ki, zəlzələdən ziyan çəkmişik. Bizə Mehriban xanım Əliyeva tərəfindən maddi yardım da olundu. İndi bu həyətmizdə gördüyünüz evi də təzə tikməyə başlayıblar. Usta briqadası da ayırıblar. Ancaq heç kim demir ki, kim tikir, kim tikdirir...

19 yaşlı şəhid Rəvan Nurayevin bacısı Fatma heç nə danışmadı. Elə məlul müşkül, ağlar gözlə üzümüzə baxırdı. Lakin qayınanası - Tamam xanım yenə söhbətə qoşuldu:



- Rəvanın əsgərliyindən heç narazılığı olmamışdı. Deyirdi ki, ana bu zənbilləri mənə gətirmə, bizə əsgərlikdə ev yeməyi verirlər. Arzuları yarımçıq qaldı, uşağın, onu dəfn edəndə, bu həyətdə iynə atsan yerə düşməzdi. Belə şəhid dəfn edildiyini görməmişdik. Adam bəy duranda sağında solunda xala oğlusu, əmi oğlusu sağdış-soldış durar, Rəvanın da sağında -solunda Azərbaycan əsgərləri dayanmışdı. İndi onlar ona keşik çəkirdilər. Sağ olsun dövlətimiz, Rəvan şəhid olan gündən, anasını da nəzarətə götürüblər ki, nə istəyi olsa yerinə yetirsinlər. Fatmnın da iki uşağı var. Dünyada kim əbədidir ki, bu da bir yazı, bir qismət idi. Ölənlə ölmək nə dinimizə yaraşar, nə də inancımıza. Allahdan bütün şəhid ailələrinə səbr diləyirəm. Biz də burdayıq. İndi Həvva özü necə desə, elə də quracağıq düzənimizi. Fatma, nəvələrimiz nə vaxt istəsələr gəlib gedəcəklər. Qonşularımız da mehribandırlar. Həvvanı biz tək qoymarıq.



Cəmi 19 il ömür sürən Rəvanın albomlarından şəkil axtardım. Qonşunun Aida adlı qızı dedi ki, Rəvanın oxuduğu kənd məktəbində onun xatirəsinə ehtiram olaraq, anım günü keçirilib. Həmin anım günündə çıxış edən müəllimlərdən birinin ürək sözlərini bizə təqdim etdi: "Geridə qoyduğumuz hər gün bir tarixə dönür. Elə günlər var onlar unudulub gedir, elə günlər də var ki, onları heç zaman unutmursan. Belə günləri tarixə yazan qəhrəmanlardandır şəhidlər! Allah, Vətən və millət yolunda canından keçən insanların fəth etdiyi ən yüksək, şərəfli zirvədir şəhid olmaq! Canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb, qanı ilə yazanlardır, şəhidlər! Belə ayrılıq əslində yoxluq və heçlik deyil, əbədi cənnət olan diyara səfərdir.

Şəhidlər şərəf, qeyrət, ucalıq zirvəsidir,
Şəhidlər azadlığın od-şimşək zərrəsidir.
Şəhidlər tarxləşən istiqlal türbəsidir,
Şəhidlər ölməzdirlər, şəhidi ağlamazlar".

Şəhid Rəvan İsmayıl oğlu Nurayevin Vətən qarşısında canından keçməsi də yüksək qiymətləndirildi. Onun layiq olduğu "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ailə üzvlərinə təqdim olundu. Rəvan indi təkcə Zaqatalanın Muxax kəndinin deyil, bütöv Azərbaycanın oğludur. Bunu artıq Muxax kəndinin məktəbliləri bilirsə, deməli şahidi olduqları tarix dərsini gələcək nəsillərə söyləyəcəklər. 2-5 aprel günün tarixini dastana çevirənlər xalqın əbədi yaddaşına yazılıblar, Azərbaycan torpaqlarının azadlığı uğrunda canından keçən bütün şəhidlərimiz kimi!