Lap nağıllarda deyildiyi kimi, ayağıma dəmir çarıq geyinib, əlimə əsa alıb gəzirəm o ünvanları… Vətənimə şərəf gətirən 2-5 aprel döyüşlərində şəhidliyə ucalan hərbçilərimizin evlərini axtarıram, tapıram… Ötən üç ay ərzində ilk dəfə olaraq, şəhid evinə qora-qorxa gedirdim. Yol boyu "birdən qəbul etməsələr”, "birdən üstümə acıqlansalar”, "birdən qapını üzümə açmasalar” fikirləri ilə Göygölün ən ucqarında olan Əlimədədli kəndini gəzib tapdım. Bəzən təhlükə və incikliklər olsa belə, yolumun sonuna getmək, qarşıma qoyduğum məqsədə çatmaq adətim burda da məni tərk etmədi. Kəndin yolunu keçilməz edən leysan yağışı da yolumdan döndərmədi məni. Fikirləşdim ki, əgər bu yolu gəlmişəmsə, boş qayıtmamalıyam. Mal-qaranın örüşdən qayıtdığı vaxt olduğundan, kənddə qarşımıza yayın leysan yağışı altında islanmış sakinlər çıxdılar. Və elə Bağırovlar ailəsinin evini də bizə onlar nişan verdilər. Bu yay leysanının islatdığı göy darvazanın üstündə üçrəngli Azərbaycan bayrağı dalğalanırdı. Bayrağı görcək, ürəyimdə ümid yarandı, fikirləşdim ki, darvazasına bu bayrağı asan ev sahibi, qonağı da o bayrağa layiq qarşılayacaq.
Qapını döyüb, ehtiyatla içəri keçdik. Salamımızı aldılar. Evə dəvət etdilər. Evin suvanmamış qara divarları zəif işıqlı otağı daha da qaranlıq edirdi. Stolun üstündə xeyli yuyulmuş qab-qaşıq var idi. Qonşu dedi ki, cümə axşamı olduğundan kəndin adamları, ailəni tək qoymayıblar. Bu gün də ocaq başına yığılıb, 18 yaşlı şəhid Sərxan Bağırovun ruhuna dualar oxuyublar. Evin suvaqsız divarları diqqətimi bu dəfə daha çox çəkdi. 3 ay müddət ərzində evində olduğum şəhid ailələrinin əksəriyyətinin evinin divarlarını beləcə süvaqsız görmüşəm. Səbəb isə bəllidir. Gün-güzəranlarını güclə sürən kəndçilər, rayonlular, məişət qayğılarını ancaq yola verə bilirlər. Artıq pulları olmur ki, evlərinin divarını ağartsınlar. Son zamanlar mənə elə gəlir ki, bəlkə də rənglənməmiş qara divarlardır bu evlərə qara günlər gətirən?! Bu yarıqaranlıq otağda qırmızıya bələnmiş təkcə Sərxanın çərçivəyə salınmış portretləriydi...
Evin sahibəsi Aytəkin çilçırağın o biri lampalarını da yandırdı. Amma bu lampalar da qara divarları işıqlandırmadı… Söhbətə başlayandan sonra bildim ki, Aytəkinin 38 yaşı təzə tamam olub. Çox cavandır. Şəhid atası Azərin isə 42 yaşı var. 18 yaşlı Sərxan isə bu ailənin tək və yeganə oğluymuş. Bax elə bu səbəbdən də, onların qapısına gələndə fikirləşirdim ki, tək oğlunu itirib, indi də qara divarlar arasında outran bu tənha insanlardan nə soruşacam…
O tək oğlan Sərxan bu ailənin işığı idi. Bu qaranlıq otağı o işıqlandırmalıydı. Bu ailədə hər kəsin arzusunun əvvəli və sonu, gələcəyi idi. Söhbət etdikcə, bu məzlum ata-ananın nə böyüklükdə səbr və tərbiyə sahibi olduqlarının fərqinə vardım. Azər o qədər abırlı və həyalıdır ki, oğlu haqqında verdiyim suallara da utana-utana, çətinliklə cavab verirdi. Elə bil ki günahkardır… Nə bulim, nəyin əziyyətini çəkir, ürəyində hansı sözlərini çözələyirdi. Bircə sözü bu oldu: ”Siz nə yazsanız, qəbulumdur…”.
Azərin bu sözündən sonra nə yazaydım?! Demək nə yazsam, ürəyindən olacaqdı. Və şirvanlı aşıq Abbas Söhbətovun məşhur bir şerini xatırladım:
Dəli könlüm heç şad olub gülmədi,
Qohum-qarda, dost qədrimi bilmədi,
Çərxi-fələk bircə övlad vermədi,
Olmadı yurdumda qalanım mənim.
Şəhid anası Aytəkin sakit, mülayim bir tərzdə başladı söhbətə.
"Sərxanı oxutmaq haqda heç fikirləşməmişik də. Kənd adamıyıq. Bizim yuxarılarda gözümüz olmayıb. Elə bu həyətin qayğıları ilə, bütün kənd camataı kimi evimizin-həyətimizin mal-qarası ilə yaşamışıq. Sərxan da evimizin həm kiçiyi idi, həm böyüyüydü. Onu bəzi anaların tək övladı kimi ərköyün böyütmədim. Elə uşaqlığından zəhmətkeş oldu. Bu iki balaca daxmadan ibarət olan otağın o birisini Sərxanın hesabına başa gətirdik. Gedib tikintidə işləyirdi, gətirib son qəpiyinə kimi bizə verirdi. Onun amanı-gümanı mən idim. Həm dostum idi, həm rəfiqəm, həm də oğlum… Bəzən fikirli görəndə məni, aparırdı həyətdəki ağaclığa, oturub danışdırırdı, başımı qatırdı, dərdimə şərik olurdu. İndi dərdimi kimə danışım?!
2016-cı ilin oktyabrın 10-da 18 yaşını qeyd etdik. Oktyabrın 15-i isə hərbi xitmətə yola düşdü. Elə tələsirdi ki, elə bil ki, yaşıdlarından arxaya qalacaqdı. Hətta əsgər gedəndən bir gün əvvəl başını da özü qırxdırdı ki, hazır olsun. Quş kimi uçurdu, hərbi xidmətə tələsirdi. Əvvəlcə Lənkəranda, sonra isə Beyləqanda xidmət etdi. Daha sonra Füzulinin Alıxanlı kəndində. Axırıncı dəfə oğlumla martın 20-si görüşdük. Buradan babası, əmiləri, atası - yükümüzü tutub getdik oğlumuzla bayram görüşü edək. Hərbi hissənin artilleriya bölməsinə düşmüşdü. Elə sevinirdi ki, elə hey artilleriya toplarından danışırdı. Yemək aparmışdıq. Bütün yoldaşlarını süfrəyə dəvət elədi. Bir də gördük ki, otaqda yoxdur. Babası baxdı ki, gedib bir it küçüyünü yemləyir. Komandiri dedi ki, hərbi hissənin həyətində bir it balalyıb. Sərxan əlinə yemək düşən kimi, aparıb onları yemləyir. Hərbi hissədə olanda baxdım ki, bunların mövqeyi düşmənlə çox yaxın məsafədədir. Oradan gələndən sonra ürəyim sakit olmadı. Elə hey içimdə çək-çevir edirdim ki, uşaq yaman ağır yerə düşüb. Atası Azər çox fikir etdiyimi görüb dedi ki, "niyə fikir edirsən, əsgərdir də, xidmətini başa vurub gələcək”.
Martın 29-u zəng edib dedi ki, "ana narahat olmayın, iki-üç gün evə telefon zəngi edə bilməyəcəm. Təlimdən qayıdandan sonra danışaram”. Biz də nə biləydik ki, bunlar müharibəyə gedirlər”.
Ev tikdim tağlı olsun,
Bağçalı- bağlı olsun.
Deyirlər nə vaxt gələr?
Deyirəm, sağlıq olsun.
Bu bayatını Aytəkin söyləmədi. Mən onun dərdinin ağırlığını təsvir emə istəyib, dilinə gətirə bilmədiyi sözlərlə yazmaq istəyirəm. Ona görə, hərdən danışıqlarının arasına bayatılar əlavə edəcəm. Axı, söhbətimizin əvvəlində də Sərxanın atası mənə istədiyim kimi yazmağa izn verdi.
Nə sirdirsə, hansı şəhid anası ilə danışıramsa, deyir ki, övladları həlak olan günü, ya həmin gündən bir müddət əvvəl yuxularında müharibə, qan-qada görüblər. Aytəkin də aprelin 2-dən 3-nə keçən gecə səhər üzü yuxusunda görür ki, müharibə başlayıb. Başlarına top, mərmi yağır. Bir haray-həşir var ki, lap müharibə kinolarında olduğu kimi. Elə yuxusunda fikirləşir ki,birdən top gedib, Sərxan tərəfə düşər. Elə bu zaman Sərxan gəlib qapıdan keçir. Anası arxasınca "Sərxan, Sərxan…!” deyib haray çəkir, lakin Sərxan dayanmadan, geri baxmadan gedir. Aytəkin öz səsinə yuxudan oyanır. Günortaya qədər yuxunun təsirindən ayrıla bilmir. Günorta vaxtı isə həmin bəd xəbər gəlir ki, oğlunuz şəhid olub:
"Üç gün özümdən xəbərim olmadı. Artıq ağrını da hiss etmirdim. Məhəlləmizdə üç gün, üç gecə həkim qarovul çəkdi. İndiyə kimi çox hadisəni, gəlib gedənləri xatırlamıram. Ümumiyyətlə, özümə yaxın qoymaq istəmirəm, inanmıram. Sərxan məni çox istəyirdi, o məni bu qara damın içində tək qoya bilməzdi axı… Belə vəfasız deyildi balam. İndi də gözləyirəm. Hələ inanıram ki, balam gələcək”.
"Hələ bir dəfə də olsun atası ilə üz-üzə, söz-sözə gəlməmişdi. Aralarında həmişə böyük-kiçik yeri olub, pərdəli dolanıblar. Oğlum kimsənin üzünə ağ olmazdı. Bütün kənd adamının hayına-harayına yetirdi. Ancaq özüm çox narahat idim. Evdən kənara çıxdımı, kəndin bir başından o biri başına getdimi, narahatlıq bürüyürdü məni. Elə bilirdim ki, gözümün qabağından getsə, uzağa buraxsam, tək olsa, başına nəsə hadisə gələr. Ürəyim əsə-əsə böyütmüşdüm bir dənəmi”.
Bir az keçmiş Sərxanın əmisi Pərviz də gəldi. Əmilər qardaş balasını çox sevərlər, bir də ola ki, bu qardaş balası ailənin ilk nəvəsi, ilk nübarı ola. Sərxan da Bağırovlar ailəsində dünyaya gələn ilk nəvə olub. Pərviz Bağırov da iki il Qarabağ müharibəsində hərbi bölgələrdə xidmət edib. Tankçı olub. Özü də ki, elə qardaşı oğlunun olduğu Füzulinin Alxanlı kəndi istiqamətində qulluq edib. Pərviz qardaşı oğlundan danışdı:
"Üç qardaş, bir bacıyıq. Sərxan anadan olandan sonra hamımız onun nazı ilə oynayırdıq. Əlimizə düşən ən gözəl naz-neməti, oyuncaqları, paltarları Sərxan üçün alırdıq. O qədər boynumda gəzdirmişəm ki... Onu çox istəyirdim. Nəfəs alanda nəfəsim bilirdim. Gəncədəki yeni tikilən evlərin bir çoxunun üzlüyündə Sərxanın əl izi var. Gedirdim iş götürməyə, onu da yanımda aparırdım. Çox zəhmətkeş uşaq idi. İşləməkdən yorulmazdı. O başqa yaşıdları kimi cavanlıq eləmədi. Qazandığı bütün pulu qəpiyinə kimi aparıb, ata-anasının ovcuna qoyurdu. Bir dəfə gedib çayxanalarda oturmadı. Həmişə qayğılı oldu. İstəyirdi ki, evlərinə kömək eləsin...
Əsəgər gedəndən sonra topçu peşəsini öyrənirdi. Yaman ürəyindən idi. Sonuncu dəfə mart ayında bayramlaşmağa gedəndə, dedi ki, aprelin 1-i onlara məzuniyyət düşür. Lakin məzuniyyətdən imtina edib. Çünki manqa rəhbəri olan topçu gedir oxumağa, yerinə isə onu keçirirlər. Aprelin 1-dən sonra artıq yeni gələn hərbçilərə topçuluq barədə bildiklərini Sərxan öyrədəcəkdi. Hərbi hissədə oturduğumuz yerdə uzaqdan görünən topları göstərib, dedi ki, onun toplarıdır. Komandiri ondan çox razılıq elədi. Bir süfrə arxasında oturmuşduq. Hərdən elə olurdu ki, Sərxan durub gedirdi komandirinin yanına, komandiri də ona "Ay can...” deyə, hay verirdi. Komandirlə onun arasındakı xətir-hörmətə heyran qalmışdıq.
Sərxanı dəfn edəndə komandiri gəlmişdi. Elə ağlayrıdı ki... Sərxan döyüşün başladığı ilk gündə aprelin 2-si gecəsi qəhrəman əsgər kimi həlak olub. Komandiri dedi ki, cəbhə xəttində şiddətli döyüşlər başlayanda, Sərxan toplardan 33 dəfə atəş açıb. Onun tutduğu koordinatlarda atdığı 30 mərmi düşmən mövqesinə düşüb, darmadağin edib. Bəlkə də yaşasaydı, sonradan hərbin artilleriyaçı sənətini seçəcəkdi... Nə bilim vallah... Qismət deyilmiş... Allah yaxşı bəndələrini Yer üzündə az saxlayır. Öz yanına aparır. Nə deyə bilərik... Müharibədir, itkilər olmalıdır. Ancaq qardaşıma və gəlinimizə təsəlli verməyə söz tapa bilmirik”.
Qarabağı,
Günümün Qara bağı.
Görbagor olsun düşmən.
Kor qoydu Qarabağı.
Sərxanın portretləri olan guşəyə baxıram. Burada elə maraqlı anlar var ki... Sərxan anası ilə, atası ilə qol-boyun olub şəkil çəkdirib. Dostu ilə birlikdədir. Şəkillərin arasında birinci sinfə getməyi, yuxarı sinifdə çəkdirdikləri də var... Bunlardan başqa onun həyat hekayətini əks edən nə ola bilər ki...
Ömrünün 18 ilini bu kənddə, bu balaca həyətdə keçirmişdi. O zaman bu balaca məhəllə onun gülüşləri ilə dolurdu, onun topları, oyuncaqları ilə qarışırdı, onun dostlarının yığıldığı yer idi, bu bağça, bu bağ... İndi isə heç nəyin dadı qalmayıb.
Hər cümə axşamı olanda, anası Aytəkin dərdini götürüb, ömür boyu yolunu gözləyəcək oğlunun məzarını ziyarətə gedir. Göygöl rayon İcra Hakimiyyəti şəhid Sərxanın məzarını ailənin ürəyi istəyən kimi düzəldib. Kənd məzarlığında Sərxan üçün üstü qızıl yazılı sinə daşı, başdaşı qoyulub. Bəzəklər, çiçəklər içərisindədir 19 yaşına yeni qədəm qoymuş Sərxanın "təzə evi”.
Aytəkin Azərlə bura gəlib Sərxandan çatmadığı arzularını soruşur, ona o qədər sullar verirlər ki... Hamısı da cavabsız qalır. Ağlayıb, sızlayıb yorulandan sonra, yenə o bom-boş kənd evinə qayıdırlar. O evdə isə onları heç kim gözləmir, Sərxanın quru, səssiz xatirələrindən başqa.
Dolu qaldı,
Gözlərim dolu qaldı.
Oğlumla danışmadım,
Ürəyim dolu qaldı.
Əzizim yaman olur,
Ayrılıq yaman olur.
Cavan oğul ölümü,
Siz bilin, yaman olur.
Şəhidlik zirvəsinə ucalan Sərxan Bağırovun xatirəsini Göygöl rayonu İcra Hakimiyyəti çöx əziz tutur. Bu ilin may ayında Sərxanın doğulduğu Əlimədədli kəndindəki küçələrdən birinə Sərxan Bağırovun adı verilib. Ölümündən sonra Müdafiə Nazirliyinin "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalına layiq görülüb...