Şəhidimiz 2018-ci il “Azərbaycan Ordusunun 100 illiyi” münasibətilə keçirilən hərbi tədbirdə ön sırada bayraqdar vəzifəsini daşıyıb. Daha sonra “Silahli Qüvvələrin 100 illiyi” medalı ilə təltif edilib.
A.Hümbətov vətəninə, torpağına bağlı qəhrəman oğullardan biri olub. Həyatını hərbiyə bağlayan qəhrəman şəhidimiz Silahlı Qüvvələrin təlim və tədris mərkəzində 45 günlük zabit heyətinin təkmilləşdirmə kursunda iştirak edib. Kursu müvəffəqiyyətlə başa vurduğu üçün baş leytenant rütbəsi alıb.
Müharibənin başladığı ilk günlərdən A.Hümbətov ön cəbhədə gedən döyüşlərdə iştirak edib. Füzuli, Qubadlı, Laçının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib.
Döyüş zamanı A.Hümbətovun komandanlıq etdiyi tank minaya düşüb. Özü ayağından yaralanıb. Lakin buna baxmayaraq, tankı idarə edən mexanikin daha ağır xəsarət aldığını görərək özündə güc toplayır və yaralı silah yoldaşını 25 km belində daşıyaraq meşə ərazisinə gətirib.
Çətinliklə 2 gün yaralı halda öz döyüş yoldaşını daşıyıb və nəhayət 2 gündən sonra öz döyüş postlarına gəlib çata bilib. Bundan sonra Azadın vəziyyəti ağırlaşdığı üçün onu müalicə almaq üçün Beyləqana göndəriblər. Lakin, A.Hümbətov müalicəsini yarımçıq qoyaraq yenidən döyüş meydanına qayıdıb.Ailəsi isə onun yaralı vəziyyətdə olmasından, müalicəsini yarımçıq qoyub yenidən döyüş meydanına qayıtmasından yalnız şəhid olandan sonra xəbər tutub .27 oktyabr 2020-ci ildə Laçın uğrunda gedən döyüşlərdə həlak olub.Şəhidin anası Leyla Hümbətova oğlunun torpaqlarımızın işğaldan azad olunması üçün gözünü qırpmadan canını belə verəcəyini bildiyini deyib:“Oğlumun ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunması olub. Hər bir vətəndaşımızın arzusu budur. Azad həmişə deyirdi ki, torpaqlarımızı işğaldan azad edib üçrəngli bayrağımızı orada dalğalandıracağam. Bu arzu oğluma canı bahasına başa gəldi, amma Azad verdiyi sözü tutdu, arzusuna çatdı. Azad əsgərlərə bildiyi hər şeyi öyrədirdi. Öz üzərində çox çalışırdı. Xəyalları, məqsədləri çox idi, amma qismət... Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin”.
Tank tağımı komandiri olan qəhrəman şəhidimiz Azad Hümbətov öz həyatını təhlükəyə ataraq düşmənin 5 tankını öz mövqelərimizə gətirməyə nail olub. Dəfələrlə öz döyüş yoldaşlarını düşmən mühasirəsindən yaralı halda çıxaran cəsur döyüşçümüz Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
A.Hümbətov İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.