2023/11/tural-1699469618.jpg

line
Adı: Qurbanov
Soyadı: Tural
Ata adı: Gürşad
Doğum tarixi: 11.09.1992
Şəhid olub: 02.04.2016
Rütbəsi: Gizir
Təltifləri
«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi» yubiley medalı«Hərbi xidmətdə fərqlənməyə görə» medalı (III dərəcə)
Tural Qurbanov 1992-ci ildə Kürdəmir rayonunun Sığırlı kəndində doğulmuşdu. Qurbanovlar Sığırlı kəndində ən böyük ailələrdən biri idi. Şərqiyyə ananın 11 övladdan 70-ə qədər nəvəsi dünyaya gəlmişdi. Ana oğul-qızını yer-yurd edəndən sonra ata ocağında Turalın atası Gürşadı saxladı. Turalın anası da könlünə ən yaxın idi. Azərbaycan ailələrində belədir. Ata-baba ocağının qapısı evin, nəslin bütün gedib-gələninin üzünə açıq olar. Ocaqda oturan gəlinin darvazası gen olsun gərək. Gəlib-gedənin dilini bilməli, səhər o başdan durub həyət-bacanı süpürməli, qaynana-qaynatanın qulluğunda durmalıdır.

Solmaz belə gəlinlərdən idi. Üç övladı gəldi dünyaya. Nənənin ən sevdiyi nəvəsi Tural idi. Tural tez-tez başını nənəsinin dizləri üstünə qoyub ondan nağıl istəyərdi. Beləcə nənəsinin nağıllarında, anasının laylalarında böyüdü. Məktəbə gedəndə “Ana”, “Vətən” yazmağı öyrəndi.Vətənin sərhədlərini tanıdı.Tural məktəbi bitirib, ali məktəbə imtahan versədə, istədiyi balı yığa bilmədi. 2010-cu il oktyabrın 23-də 18 yaşını tamam etdi, oktaybrın 25-də isə Vətənə xidmətə yola düşdü. Tural hərbi geyimin çox həsrətində olmuşdu. Qonşuluqda, qohumlarda əsgərlikdən gələn olanda gedib oğrun-oğrun onlara o qədər baxmışdı ki... Hələ ərki çatanlarndan xahiş edib, onların paltarlarını da alıb geyinmişdi. İndi bu payız onu arzusuna çatdırmışdı. Artıq özü Vətənin müsəlləh əsgəri idi.



Bütün ailə baba ocağına yığılıb Tural Qurbanovu əsgərliyə yola salmışdı.Hərbi xidmətinin 6 ayı tamam olandan sonra, atasına xəbər göndərib demişdi ki, Xüsusi Təyinatlı Qüvvələrə yazılmaq istəyir. Tural ucaboylu, enlikürək oğlan idi. 6 ay ərzində qulluq etdiyi hərbi hissədə də qolunu və ya kürəyini yerə vuran olmamışdı. Təlim-tərbiyəsi də öz yerində. Əslində Gurşad da oğlunun hərbçi olmaq arzusunu sevinclə qarşıladı. Çünki hər evdə belə boylu-buxunlu oğul doğulmur. Özü çöldə-bayırda, televiziya ekranlarında boylu-buxunlu əsgər görəndə, içərisində bir vüqar hissi baş qaldırardı. Turalın da arzusu lap ürəyindən oldu.

2011-ci ildən etibarən Tural artıq gizir kimi xidmətə başladı. 2013-cü ildə isə Turalı evləndirdilər.

Memorial.az “Aprel şəhidləri” barədə növbəti yazını təqdim edir.



...2012-ci ilin sonlarında Tural Qurbanov evə gələndə bacısı Könülü bir tərəfə çəkib qulağına pıçıldamışdı ki, sevdiyi bir qız var. Sevdiyi qız da kim ola, Turalın Bakıda yaşayan xalasının qızı Afaq. Bu xəbəri ildırım surəti ilə Könül anasına çatdırdı. Əvvəl ailədə çox çaşqınlıq yaratdı. Çünki onlara görə Turalın yaşı hələ təzəcə 20 olmuşdu. Bu yaşda evlənib, ailə saxlamaq, onun dəyərini bilmək, qayğısına qalmaq müasir dövr gənci üçün çox da asan deyildi. Lakin atası Turalı bərkə-boşa çəkəndən sonra, razılıq vermiş, Tural bacısı Könüllə Bakıda yaşayan xalasının evinə elçiliyə getmişdi. Ötən illər ərzində mehriban qohumluq əlaqələri olsa da, uşaqlar bir-biri ilə az görüşmüşdülər. Afaq xalası oğlundan bir az möhlət istədi, günlərin bir günü isə razılığını bildirdi. Bax həmin gün də Tural özünü göyün yeddinci qatında hiss etdi.

2013-cü ildə əvvəlcə Bakıda, sonra isə Sığırlı kəndində toy etdilər.2014-cü ildə Turalın qızı Zəhranur, 2015-ci ildə isə Zeleyha dünyaya gəlmişdi. Özünü iki qız atası olaraqdünyanın ən xoşbəxt atası hiss edirdi.



Turalın həyat yoldaşı Afaq Qurbanova:

“Sizə desəm ki, Turaldan əvvəlki həyatımı xatırlamıram, mənə inanın. Həyatıma gəldiyi gündən xoşbəxt oldum.Bu gün nə qədər ağır olsa da,Turalın acısını çəksəm də, bir də qayıtsa, yenə onunla ailə həyatı qurardım. Əslində biz bu gün cismən ayrıyıq. Ruhən yenə bir-birimizin yanındayıq. Evimiz hərbi hissəyə yaxın olduğundan, Tural bizdən çox da ayrı olmurdu. Günortaları demək olar ki, hər zaman evə gələrdi. Əslində mən də dönüb sanki onun kimi hərbçi olmuşdum. Birlikdə hərbi filmlərə baxar, qəhrəmanları mülahizə edərdik. Həmişə ona deyirdim ki, nə olar bir dəfə mənimlə gəzməyə çıxanda hərbi geyimdə ol. Bircə dəfə çıxdıq, 10-15 dəqiqədən sonra qayıtdı. Dedi ki, bu paltarların xüsusi nişanı var. İnsanlar çox olan yerdə geyilməz. Hərbi paltar onun hündür boyuna çox yaraşırdı. Bəzən olurdu ki, Tural bir neçə günlük evə gəlmirdi, tapşırığa və ya təlimə gedirdi. Həmən ürəyimə şübhələr dolurdu, onu itirmək qorxusu var idi içimdə. Tural dönüncə min dəfə ölüb-dirilirdim. Mən narahat olanda deyirdi ki, ilin axırına qulluq müddəti bitir, çıxıb başqa işlə məşğul olacaq. Ancaq mən bilirdim ki, o bu işi atan deyil, öz peçəsini çox sevirdi. O hər dəfə evə gələndə, ilk dəfə görürmüş kimi həyəcanlanırdım... O həyəcan könlümdən keçmədi.

Namazlarında hər gün Allah-təaladan torpaqlarımızın azad olunması, qələbə çalmağımız üçün dualar edirdi. Vətən deyib, uzun müddət səcdəyə gedirdi.

Lakin hərbçi dostlarından kimsə yaralananda, kimsə şəhid olandahaldan-hala düşürdü. Doğmaları itirmək onu çox üzürdü.

2016-cı ilin mart ayı onlar üçün çox ağrılı keçdi. Düşmənlə üzbəüz səngərlərdə erməni təxribatı nəticəsində itkilərimiz olmuşdu. Hərbi hissədəki evimizin həyətində hərbçi xanımlarının söhbətlərindən eşitmişdim ki, yenə də erməni təxribatı gözlənilir.Martın son günlərində, bayramdan sonra isə Turalın könlü heç açılmadı.

Mart ayın 27-si evə gəlib dedi ki, bizi rayona atasıgilə aparır. Özü isə təlimə gedəsidir. Hazırlaşaq axşam yola düşəcəyik. Mən də bütün hazırlqılarımızı gördüm. O, şirniyyatı çox sevirdi. Halva bişirib qoydum, dovğa bişirdim ki, biz evdə olmayanda işdən gəlib ac qalmasın. Təlimə gedərkən apardığı yol çantasını hazırladım. Gecə ilə gəlib atasıgilə yetişdik. Bir gecə orada qaldıq. Sonra səhər tezdən, o başdan Gürşad əmi ilə birlikdə onu yola saldıq. Ayrılanda dedi ki, 10 günə ya da bir aya qayıdacaq. Çox həyəcanlandım...

Heç vaxt evədn çıxanda “Əlvida” deməzdi, bu dəfə “Əlvida” dedi, mən zarafatca əlimi uzadıb, ağzını qapadım ki, küfr danışma. Arxasınca su atıb, Allah əmanət etdim...”.



Gürşad Qurbanov, şəhidin atası:



“Martın 27-də axşam evdə oturmuşduq. Həyətə səsə çıxdım, gördüm ki, Turaldır. Uşaqları ilə gəlib.Dedi ki, uşaqlar tək darıxmasın deyə, bura gətirib. Sabah təlimə gedirik. Onların hər ay təlimləri oluduğundan, həmişəki kimi çox rahatca oturub sözümüzdən-söbətimizdən etdik. Səhər saat 5-də onu yola salmaq üçün oyandım.

Səhər tezdən yola çıxdıq, hərbçilərin maşınları gəlib çatdı. Tural maşına minəndə mənə tərəf dönüb bir qəribə tərzdə baxdı. Baxışları ürəyimi sıxdı. Fikirləşdim ki, bu necə baxış idi? Evə qayıtdım, yoldaşım yuxudan ayılandan sonra ona da dedim ...



Sonra isə 29, 30, 31 mart günlərində telefonla aradabir əlqaqə saxladıq. Aprelin 2-si günortaya qədər ailəsi ilə, bacısı ilə telefon əlaqəsi olmuşdu. Telefonda onlara deyib ki, haqqınızı halal edin.

Aprelin 2-dən sonra artıq mən narahat olmağa başladım. Hardansa Murad Mirzəyevin, Turalın şəkillərini göndərdilər mənə. Fikirləşdim ki, yalan olar. Belə bir deyim var: “Ümid sonda ölür...”.

Qohum-əqraba da tökülüşüb gəlirdi evə. Kimsəyə bir söz demədim. Hər kəsə deyirdim ki, oğlum sağdır. Əməliyyatdadır.

Aprelin 3-də oğlumun telefonundan mənə zəng gəldi. Tələsik telefonu açanda, mənimlə naməlum bir kəs danışdı. Əvvəlcə azərbaycanca “salam” dedi. Sonra soruşdu ki,“rusca bilirsən?”.

Şübhələndim. Dedim ki, bəli... 30 saniyə ərzində bu adam sonra ermənicə nəsə danışdı. Sayıqlığımıitirmədən Kürdəmir Rayon Hərbi Komisarlığına gedib telefonzəngi barədə məlumat verdim.Dedilər ki, oğlumdan heç bir xəbər bilmirlər.

Ayın 4-ü getdim DTx-nın Tərtər rayon şöbəsinə. Rəis mənə dedi ki, onlar da dəqiq bilmirlər nə var nə yox, hələ Turalın ölümü haqda fikirləşməyək.Onlar məlumatı nəzarətə götürdülər. Və mənə ürək-dirək verib dedilər ki, Turalın və ya başqalraınınölümü haqqında danışmaq tezdir. Bir xəbər olan kimi, məni məlumatlandıracaqlarını bildirdilər. Əlim çatan rayonlara gedib oğlum haqqında xəbər öyrənmək istəyirdim...



Həmin döyüşdə Murad Mirzəyev komandir, Tural istehkamçı olub, qabaqda gediblər. Teymur Qasımov, Mühit Orucov, Babək Abidov da onlarla birlikdə olublar. İri çaplı silahlarla son nəfəsə qədər ermənilərlə döyüşüblər.

Muradgilin qrupu ermənilərin xeyli canlı qüvvəsini məhv edib.Düşmən onları susdurmaq üçün ərazini top atəşinə tutub. Hərbçilərimizin şəhid olduğuna arxayınlaşandan sonra gəlib cəsədlərini götürüb getmişdilər.

Oğlumla eyni döyüşdə iştirak etmiş hərbçilər deyirdilər ki, Tural əsl qəhrəmanlıq göstərib. Murad Mirzəyev komandir kimi onlara əmr edib ki, geri qayıtsınlar, özü irəli tək gedəcək. Ancaq yanındakı 5 nəfər deyib ki, komandir hara, biz də ora. Əslində başqa cürə olad dabilməzdi. Turalın 2 metr boyu var idi. Mən onu əvvəldən qorxmaz bir igid kimi böyütmüşdüm. Fikirləşirdim ki, hər zaman bu Vətənin müzəffər əsgəri olacaq, onu qoruyacaq. Bu qədər tez şəhid olacağını düşünməmişdim. Fikirləşirəm ki, kaş ki, yaralı qayıdaydı, ancaq canı sağ olaydı. Yanımda olaydı.

Mən 20 yanvarda həmişə ehsan verərdim. Bizim ailədə hər zaman vətənpərvərlik ruhu yüksək olub. Axırda öz oğlum da onların sırasına yazıldı”.

Şəhidin anası Solmaz xanım:

“Tural mənim gözümün nuru idi.Bundan sonra elə oğulu tək-tək analar doğa bilər. 23 il 6 ay yaşadı. Vətən, həyat yoldaşı, ata, ana, dost, övlad borcunu, haqqını verdi getdi. Bir oğul itirmişəm boyu çinar boyda idi. Bir oğul itirmişəm, bir elin, obanın yaraşığı idi. Bir oğul itirmişəm, bir ordunun vuran qolu idi. Nə yaşamışdı ki, nə gün görsün. İstəyirdi ki, həmişə yanında olum. Hər kəsin könlün alırdı, sevindirirdi. Nə qədər yorğun gəlsə də, bunu evdə büruzə vermirdi. Hər gəlişi evdə bayram olurdu. Hər görüşəndə 3 dəfə öpürdü məni. Gedəndə də deyirdi ki, “ana haqqını halal elə”. Bayramlarda evin gəlinlərinin hamısının payını verib təbrik edirdi. İlk maaşı ilə mənə paltaryuyan maşın alıb gətirdi. Hər kəsin dəyərini bilirdi Tural...

Biz çox mehriban ailə olmuşuq. Hansı xatirəsini danışım... Heç birini unutmuram. Bizi Azərbaycanın rayonlarına aparıb gəzdirməyindənmi deyim, ağzımızın dadını dəyişməyindənmi... Görmədiyim yerləri gəzdirdi. Gözəl günlərim onunla getdi. Dadlı-ləzzətli nə bişirsəm istəyirdim ki, balama yedirim.

İl ərzində ona 2 dəfə məzuniyyət verilirdi. Bir qoca görəndə yükünü qaldırırdı, hal-əhval tuturdu. Az yaşı ilə çox böyük idi. Dostları deyir ki, döyüşə gedəndə də zarafatından qalmayıb”.


Afaq Qurbanova, Turalın həyat yoldaşı:



“Aprelin 1-də də aldatma günü səhər tezdən bizə yazdı ki, gəlirik. Sən demə zarafat edir.

O vaxta qədər mənə elə yazırdı ki, hər şey normaldır. Telefonla xəbərləşdikcə, fikirləşirdim ki, deməli hər şey normaldır. Ancaq baxırdım ki, baldızım Könülün könlü heç açılmır. Üzündə dünyanın-qəmi kədəri yığılıb. Bulud kimi dolub dayanıb. Bir dəfə də elə həmin günü yazıdm ki, mənim ürəyim səndə, sənin ürəyin məndədir. O da yazdı ki, ikimizin də ürəyi səndədir.

Aprelin 2-si səhərə qədər gözlədim, heç nəyazmadı. Səhər yazdı ki, haqqınızı halal edin, burda vəziyyət pisdir.Yazdım ki, axı başqa hərbçi xanımları heç nə demir...

Sonra nə yazdımsa, çatmadı. Əllərim göydə, dizlərim yerdə qaldı. Telefonuna zəng getsə də, cavab verən olmadı... sən demə Tural şəhidlik məqamında imiş. Sən demə bütün el-oba, qaynatam da bilir, bircə bizim xəbərimiz yoxdur.

Aprelin 2-də günortayayaxın qızımın dili qatlandı. Nə idisə birdən-birə uşaq özünü pis his elədi. Nə baş verdi, nə oldu bilmədik. İndi fikirləşirəm ki, bəlkə də atası canını tapşıranda uşağa əyan olub, ona görə, qızım elə haldan-hala düşdü.

Aprelin 11-də səhər saat 4-də mənim başıma qara şal örtüb, dedilər ki, Turalın tabutunu gətirəcəklər. Heç nə anlamırdım. Bu sözdən sonra elə bil ki, evə bir səssizlik çökdü, elə bil ki, tufan birdən-birə yatdı. Qaynanam da dedi ki, başımıza daş düşdü, Turalı gətirirlər. Mənə indiyə qədər çatmır ki, qaynanam bu sözü necə deyə bildi? Kimsə mənə dedi ki, qara-qışqırıq salma, Turalın xoşuna gəlməz. Özünü el içində ağır apar. Və bundan sonra anlamağa başaldım ki, tabutda gətirilən Turalımdır, nakam Turalım. Və bundan sonra anladım ki, Tural 10 gündür mənə buna görə cavab vermirmiş... Hətta gözaydınlığı verənlər də oldu. Deyirdilər ki, sevinin ki, qaytarıblar, erməni itləri onları qaytarmaya da bilərdilər...”.


Könül Qurbanova, şəhidin bacısı:

“İki qardaşımın hərəsinin öz yeri var qəlbimdə. Tural çox istəkli qardaşım idi. Turalla çox gözəl günlərimiz oldu. Zəhranur doğulanda o qədər sevinirdik ki... gecə yarısı idi. Gedib şarlar aldı, uşaq bəzəkləri alıb evi bəzədi ki, sabah Zəhranur gələcək. Mənə tort bişirtdirdi. Bizi xəstəxanaya aparanda yadına düşdü ki, gül almayıb, o qaça-qaçda gedib bir dəstə gül bağlatdırıb gətirdi. O evə gələndə içimiz də, üzümüz də gülürdü. Zarafatları indi də yadıma düşür. Bizim bu ev çox külfətli olub. Baba ocağıdır. Gəlimli-gedimli ev olub. Bu qapı qıfıl görməyib. Anamın heç kimdə işi olmayıb, gələn-gedəni gülə-gülə yola salıb.

İndi gəlinimizi tək qoymuruq. Qardaşım şəhid olmazdan 1 ay qabaq dəhşətli yuxu gördüm. Yuxularım həmişə çin çıxır. Həmin yuxum isə belə idi: görürəm ki, anamla darvazamızın ağzında dayanmışıq. Birdən hər yer nurlanır. Həmin işıq selinin içərisindən bir ağ paltarlı adam əlində Turalın şəkli gəlir yaxına və deyir ki, Tural Gürşad oğlu şəhiddir. Anamla bir-birimizə baxırıq. Sonra bir də deyir. Şok oluruq. Yuxudan oyandım. Ağladım. Dua etdim ki, ay Allah bu yuxu çin çıxmasın. Yatdım yuxunun davamını gördüm. Gördüm ki, hamı toplaşıb, Turalı yola salırıq. Amma özümə təsəlli verirdim ki, bu ola bilməz.

Aprel ayının 11-də Tural evə gətiriləndə həmin səhnəni gördüm. Və əlimlə başımı tutub xalama dedim ki, mən bu yuxunu görmüşdüm. 1 ay idi ki, bu yuxu məni içərimdən yeyirdi. Amma o günü indi də yuxu kimi xatırlayıram. Qorxulu bir yuxu kimi.

Afaqgil gələndə elə bilirəm ki, indi Tural da gələcək. Gözlərimiz qapıdadır. Deyirəm ki, bəlkə gəldi... Onin şəhidliyindən sonra hansı məqamda olduğunu da gördüm. Özü gəlmişdi yuxuma. Tural özü Peyğəmbərimizin məqamından danışdı mənə, dedi ki, “bacı, mən yaxşıyam. Nurmuhammed səllalahu və Səlamın yanındayam”. Bir dəfə də qızı Zəhranura meyvəyedirdiyini gördüm. Soruşdum o nə meyvəsidir? Dedi ki, cənnət meyvələridir. Onu daim yanımda hiss edirəm.

Bildiyiniz kimi, dövlətimiz şəhidlərin ailələrini evlə təmin etdi. Mənzil alan şəhid ailələrindən biri də qardaşımın ailəsidir. Özlüyümdə fikirləşirdim ki, Tural yuxuma niyə gəlmir?! Bir gün Tural yuxuma gəldi. Mənə dedi ki, bizə gedəndə təzə evimizə 1 dəstə qızılgül alarsan. Bir də11 nömrəli avtobusla gedərsən , evimizin yanında düşərsən. Sonra Afaqdan soruşdum ki, sizə hansı marşrutla gəlmək olar? Afaq dedi ki, şəhərin hər yerindən 11 nömrəli marşrut gəlir. Bütün bunlara görə deyirəm ki, Tural daim mənim yanımdadır”.

Beləcə, şəhadətə yüksələn əziz oğullarımız Tanrının yanındakı ən gözəl məqamlarda həm balalarının, həm doğmalarının, həm də analarının rahat yaşaması üçün təvəqqe edərlər. Tural da Tanrı dərgahında səcdəyə əyilərkən Vətən torpaqlarının azad olunması üçün hər gün dualar etmişdi. Onun duaları məqamına yetişmişdi. İndi yəqin ki, orada da Qalibiyyət məqamını gözləyir şəhidimiz və şahidimiz Tural Qurbanov...



Aida Eyvazlı
Memorial.az