2023/11/Vüqa-3401110844.jpg

line
Adı: Süleymanov
Soyadı: Vüqar
Ata adı: Natiq
Doğum tarixi: 20.01.1993
Şəhid olub: 02.04.2016
Rütbəsi: əsgər
Təltifləri
«Hərbi xidmətdə fərqlənməyə görə» medalı (III dərəcə)
Natiq Süleymanov ömrünün gənc yaşlarında ikən nəsillərə nümunə ola biləcək addımlarını atdı və böyük bir qəhrəmana da çevrildi.

Heç də hər kəsə ölümündən sonra əbədiyaşarlıq qazanmaq, bu adı daşımaq nəsib olmur. Amma, Vüqar Süleymanov qısa bir ömür yolu yaşasa da, o, belə bir adı bu gün də yaşatmaqdadır. Çünki, Vətənin layiqli övladı olaraq o, vətəninə olan borcunu şərəflə yerinə yetirdi, bu yolda canından, qanından keçməyi bacardı və ölümü ilə ən yüksək zirvəyə, şəhidlik zirvəsinə də ucaldı.

Bəli, bu gün də bir tarixdir. İllər, qərinələr keçəcək, əsrlər bir-birini əvəz edəcək, məhz Vüqar Süleymanovun adı çəkiləndə hər kəs onu igid, qorxmaz bir övlad olaraq olaraq xatırlayacaq. Çünki, o, nəsllərə nümunə olacaq bir qəhrəman oldu və bu cür qəhrəmanlar cismən aramızda olmasalar da, mənən qəlbimizdə yaşamaqdadırlar.

Ümumiyyətlə, bu işıqlı dünyaya göz açan hər bir Adəm övladının dəyəri, məhz onun əməllərilə, vətəninə və xalqına olan sevgisi ilə müəyyən olunur. Bu zaman böyük Cavidin məşhur misraları yada düşür: “Həyat var ki, ölüm qədər zəhərli, ölüm var ki, həyat qədər dəyərli”. Bəli, bu misrada böyük bir hikmət, dərin bir məna var. Misradan da bəlli olur ki, xoşbəxt o kəsdir ki, ölümündən sonra daha uzun ömrünü yaşaya bilsin. Süleymanov Vüqar Natiq oğlu qısa ömür yolu yaşasa da, o, layiqli və ləyaqətli övlad oldu və vətən qarşısında şərəfli vətəndaş borcunu yerinə yetirməklə, mənalı bir ömür yolu da yaşadı. Bəli, onillər, yüzillər keçəcək, zaman dəyişəcək, gələcək nəsillər onu igid, cəsur, əsl vətənpərvər övlad kimi xatırlayacaqlar. Çünki, Vüqar ömrünün gənc yaşlarında ikən nəsillərə nümunə ola biləcək addımlarını atdı və böyük bir qəhrəmana da çevrildi. Bu cür qəhrəmanlar heç vaxt, heç zaman da unudulmurlar. Onlar cismən aramızda olmasalar da, mənən qəlblərdə yaşayırlar, daim yad olunurlar və hər zaman da ehtiramla xatırlanırlar.



Vüqar Süleymanovun dayısı, Qobustan qış otlaqlarının su təminatı sistemləri idarəsinin rəisi Rövşən Pənahovun, bacısı oğlu haqqında söylədiklərindən:

“O, cəmi 23 il ömür yaşadı. Qısa ömür yolu yaşayan Süleymanov Vüqar Natiq oğlu, 20 yanvar 1993-cü ildə respublikamızın dilbər guşələrindən biri hesab olunan Şəki şəhərinin Böyük Dəhnə kəndində, zəhmətkeş bir ailədə dünyaya göz açmışdı. Orta təhsilini Xətai rayonundakı 95 saylı orta məktəbdə müvəffəqiyyətlə başa vuran Vüqar, çox keçmədi ki, Bakı Slavyan Universitetinə də daxil ola bildi. Ali təhsilini başa vurduqdan sonra, xalqımızın digər vətənpərvər övladları kimi, Vüqarın da qəlbi vətən sevgisi, torpağa bağlılıq hissi ilə döyünür. Baxmayaraq ki, onda göz xəstəliyi ilə bağlı problem yaşanırdı və eyni zamanda qanunla ona möhlət hüququ da verilmişdi. Amma o, bütün bunlara baxmayaraq, könüllü hərbi xidmətə getməyə qərar verir.

Əvvəlcə Lənkərandakı “N” saylı hərbi hissədə iki aylıq kurs keçən Vüqar Süleymanov, çox keçmir ki, Füzuli istiqamətinə göndərilir və həmin ərazidəki “N” saylı hərbi hissədə kəşfiyyat manqasının komandiri vəzifəsinə də təyin olunur. Onun tabeçiliyində 7 nəfər əsgər olur. Haqqında fəxrlə, qurur hissi ilə danışdığım.

Vüqar Süleymanovun qəlbindəki vətənpərvərlik sevgisi, torpağa bağlılıq hissi, onu doğma Vətənini qorumağa sövq edir. Vüqar döyüşə yollanarkən onun ürəyindən yalnız bir arzu keçir, o da tapdaqlar altında qalan torpaqlarımızı tezliklə erməni işğalından azad etmək arzusu olur.

Bəli, hər an vətənə igid, qəhrəman oğullar gərəkdir! Ölüm-dirim savaşında ölümün gözünə dik baxan Vüqar da, bir an olsun belə vətənin taleyini unutmur və döyüş yoldaşlarına deyir: “Biz mütləq qalib gələcəyik! Çünki, biz haqq işi uğrunda mübarizə aparırıq!” Vüqar davam edən döyüşlərdə ölümün gözünə dik baxır və işğalçı ordu birləşmələrinə qarşı rəşadətlə, qəhrəmancasına da vuruşur. Amma, onun bu yolda apardığı mübarizə əzmi uzun çəkmir və o, naxələf düşmənin açdığ atəşə tuş gəlir. Yəni, Vüqar bu ilin 04 aprel günü Füzuli rayonu ərazisindəki “Lələtəpə” yüksəkliyinin ələ keçirilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur və ölümü ilə ən yüksək zirvəyə, şəhidlik zirvəsinə də ucalır.

Vüqar şəhid olan zaman subay idi. O, cəmi 23 yaşında Vətən torpaqlarının azadlığı və ərazilərimizin bütövlüyü uğrunda gedən döyüşlərdə dünyasını dəyişdi. Şəhid olaraq əbədiyyət adlı bir dünyasını da yaratdı. Vüqar çox qısa bir ömür yolu yaşasa da, eyni zamanda şərəfli bir ömür yolunu da keçdi. Ona tuş gələn düşmən gülləsi, əslində hər birimizin ürəyini dəlib keçdi və həmişə sızlayan, döyünən, qəlbimizdə dağa çevrilən yaraya döndü. Vüqar ölümündən sonra, hərbi xidmətdə fərqləndiyinə görə III dərəcəli medalla da təltif olundu”.

Bəli igid, cəsur, heç zaman heç bir qorxu hissi bilməyən Vüqar Süleymanov həyatdan nakam köçsə də və valideynlərinin, bütün əzizlərinin gözlərini gözüyaşlı qoysa da, axan göz yaşlarında sanki bir duruluq da sezmək mümkündür. Axı, onun kimi qəhrəmanlar təkcə əzizlərinə deyil, həm də Vətəninə, millətinə başucalığı gətirən, şəhidlik zirvəsindən gələcəyə boylanan, mənən əbədi yaşayan, qəlblərdə öz abidəsini ucaldanlardılar. Bu həyatın qəribə təzadları var. Əksər hallarda vətəninə, böyüyüb boya-başa çatdığı torpağına vurğun olanlar, onu göz bəbəyi kimi qorumağa çalışanlar, aramızdan vaxtsız-vədəsiz köçürlər. Bu cür itkilərlə də, hər kəs yanıb-yaxılır.

Ərazi bütövlüyümüzün qorunması uğrunda, Vətən torpaqlarının müdafiəsi yolunda düşmən qüvvələrinə qarşı qəhrəmancasına vuruşan və aparılan mübarizə yolunda canından, qanından keçən Vüqar Süleymanov da, öz ölümü ilə ən yüksək zirvəyə, şəhidlik zirvəsinə ucaldı! Bəli, bu gün onun ruhu torpaqlarında gəzdiyi, suyunu içib havasını udduğu, ana yurdu Şəkidə dolaşmaqdadır. Biz müqəddəs ruhlar qarşısında baş əyir və hər bir şəhidimizə Allah-Təala rəhmət eləsin deyirik!. Vüqar və onun kimi qəhrəmanlar, bu Vətən torpaqlarının qorunması yolunda əbədiyyətə qovuşmuşlar.



Bəli, bu gün Vüqar Süleymanov həyatda deyil, amma onun qoyub getdiyi iz həyatdadır, hər kəsin yaddaşındadır. Şəhid əsgər dünyasını dəyişsə də, əslində o, ölməyib, ölümü ilə ölməzliyə, şəhidliyin ən yüksək zirvəsinə də ucalıb. Vüqar Süleymanov elə doğulduğu kənddə də torpağa tapşırılır. Şəhidin dəfn mərasimində böyük izdiham yaşanır ki, onun dəfnində qohum-əqrəbası, yaxınları, döyüşçü yoldaşları, ictimaiyyət nümayəndələri, MN-nin rəsmi şəxsləri, bir çox tanınmış simalar, RİH-nin rəsmi şəxsləri və s. iştirak edirlər və ölümü ilə ölməzliyə ucalan şəhid əsgərin döyüş yolundan da bəhs edirlər. İnanırıq ki, bütün şəhidlərimizin, o cümlədən Vüqar Süleymanovun da qanı yerdə qalmayacaq və arzusunda olduğu istəyini, şanlı ordumuzun zabitləri, əsgərləri yaxın vaxtlarda əsl həqiqətə də çevirəcəklər.



Mirzə
Memorial.az