2021/01/Scree-1611650601.jpg

line
Adı: Şirinov
Soyadı: Kamil
Ata adı: Əliş
Doğum tarixi: 09.04.1991
Rütbəsi: Kapitan
Təltifləri
«Qarabağ» ordeni«Vətən uğrunda» medalı«Füzulinin azad olunmasına görə» medalı
Vətən müharibəsində qəhrəmancasına döyüşərək xalqımıza Zəfər sevinci yaşadan igidlərimizdən biri də Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Kamil Şirinov olub. O, ötən ilin sentyabrın 29-da Füzuli istiqamətində əməliyyat zamanı şəhidlik zirvəsinə yüksəlib.

Kamil 1991-ci ilin aprelin 9-da Salyan rayonunun Çuxarlı kəndində hərbçi ailəsində dünyaya göz açıb. İki yaşına qədər ailəsi Rusiyada yaşayıb. Birinci Qarabağ müharibəsində atası torpaqlarımızın azadlığı uğrunda vuruşmaq üçün Azərbaycana qayıdıb. Ondan sonra ailə Vətənə gəlib. Onun qardaşı, əmiləri, əmisinin və bibisinin oğlanları da hərbçidirlər.

Kamil 2006-cı ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olunub və 2009-cu ildə oranı bitirdikdən sonra yüksək balla Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2013-cü ildən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət edirdi. Qrup komandiri idi, Aprel döyüşlərində də iştirak etmişdi. Uğurlu döyüşçü kimi Prezident tərəfindən “Fərqlənmə medalı” ilə mükafatlandırılıb.

Türkiyədə və digər ölkələrdə təlimlərdə iştirak edib. Sonuncu dəfə Pakistanda 3 aylıq anti-terror təlimlərinə qatılmışdı. Erməni, rus və ingilis dillərini bilirdi.


(Foto Pakistanda təlimdən sonra çəkilib)

- Döyüşlərdən bir müddət əvvəl dedi ki, “müharibə ola bilər, şəhid və ya qazi olaram, hazırlıqlı ol, istəmərəm kiminsə yanında ağlayasan” - Şəhidin xanımı Zəhra Şirinova  Azvision.az-a danışıb,- Gözüm doldu, bildirdim ki, bu mümkün deyil, o, hara getsə, qayıdacaq. Müharibənin başlamasından bir gün əvvəl çox sakit idi. Uşaqlarla oynadı, hətta anamı bizə gətirdi ki, tək qalmayım. Mənə həmişəki kimi təlimə gedəcəyini bildirdi. Sentyabrın 26-sı səhər saat 6-da onu yola saldım. Ancaq növbəti gün telefonla danışanda artıq müharibənin başladığını bilirdim. Çox pozitiv idi. Yaxşı olduğunu, ondan narahat qalmamağımı xahiş etdi. Döyüş yoldaşlarının dediyinə görə, savaş zamanı da hamını müsbət auraya kökləyirmiş.


K.Şirinovun Füzuli istiqamətində düşmən səddinin yarılmasında böyük rolu olub. O,Qaraxanbəyli kəndində döyüşlərin qızğın çağında boynundan snayper gülləsi ilə vurulub. Çox irəli gedirmiş, sanki tələsirmiş. Döyüş yoldaşı onun yaxınlığında yaralanıb. Kamil həmin oğlana səngərdə iynə vurub və narahat olmamağını, həyatını xilas edəcəyini bildirib. Bundan sonra yaralı yoldaşı huşunu itirib. Özünə gələndə görüb ki, Kamili də vurublar, onun yanına yıxılıb.

- Yoldaşım baş gizir Camal İsmayılovun qucağında can verib. Həmin an Camal Kamilə bildirib ki, “sənin balaların mənə əmanətdir”. Bunu ölümündən qabaq həyat yoldaşı Fatimə xanıma danışıb. Fatimə xanım da yoldaşının sözünü tutaraq mənə dedi ki, “sənin uşaqların, mənim uşaqlarımdır”. Biz xanımlar ömrümüzün axırına kimi bir-birimizə dəstək olacağımıza söz verdik,- deyir Zəhra xanım - Kamilin şəhid olduğu gün qaynatam Salyandan bizə kənd məhsulları gətirmişdi. Bir gün qalıb, səhəri yenidən rayona qayıdacaqdı.


Qəfildən ona zəng gəldi, həyəcanla digər otağa keçdi və qapını bağlayıb kiminləsə danışdı. Zəngin kimdən gəlməsi və nə baş verməsi ilə maraqlandım. Üzümə baxmadan Kamilin qardaşı Samirin döyüşdə yaralandığını deyib, tələsik çıxıb getdi. Ondan sonra iki saat yoldaşımgilin ailəsindən heç kim zəngimə cavab vermədi. Başa düşdüm ki, məsələ Samirlə bağlı deyil, Kamilə nəsə olub. Evdə uşaqlarımla tək idim, artıq mənə hanssısa pis xəbərin deyiləcəyini hiss edirdim. Yoldaşımın xalası zəng edib, kəndə getməyimi istədi. Ona bildirdim ki, sakitəm və hər bir xəbərə hazıram, mənə nə baş verdiyini desin. Kamilin şəhid olduğunu bildirdi. Donub qaldım, elə bil daşa dönmüşdüm, ağlaya da bilmədim. Çox qəribə idim. Telefonu söndürüb, rayona getmək üçün uşaqlarımı hazırladım. Mənə xəbər veriləndə artıq onu Salyanda dəfn etmişdilər. Kamili sonuncu dəfə görməyi çox istəyirdim.


Həyat yoldaşının sözlərinə görə, K.Şirinov kapitan rütbəsini Silahlı Qüvvələr günü almışdı. İstər hərbi, istərsə də mülki həyatı ilə bağlı böyük arzuları var idi: "Futbolu çox sevirdi. Özünün də futbol komandası var idi. Həmişə hərbçi yoldaşlarını yığıb oyunlar təşkil edirdi. Böyük oğlumuzun futbolçu olmağını arzulayırdı.Türkiyənin “Qalatasaray” klubuna azarkeşlik edirdi. Qardaş ölkədə olanda klubun şərfini də almışdı. İndi ondan oğlumuz istifadə edir.


Müharibədən öncə düzəltməsi üçün dərziyə yeni hərbi formalarını vermişdilər. Ölümündən sonra həmin geyimi mən gedib götürdüm. Çox təəssüf ki, geyinmək qisməti olmadı. Müharibədə iştirak edən qardaşı Samirdən nigaran idi. Onunla şəhid olmasına bir neçə saat qalmış danışıb və deyib ki, özündən arxayın olsun.


Həmişə vətənpərvər musiqilərə, daha çox “Ana, mən şəhid oldum” mahnısına qulaq asırdı. Deyirdi, bu mahnı məni harasa aparır. Azərbaycanın qeyrətli oğlanları kimi Ermənistanın işğalçılığını qəbul etmirdi. Aprel döyüşlərində şəhid olan dostlarına görə gizlində ağladığını görmüşəm. Torpaların azadlığı uğrunda qanı və canı bahasına döyüşməyi çox arzulayırdı. Bilirdim ki, ya şəhid olacaq, ya da qazi kimi müharibədən qayıdacaq. Geri çəkilən deyildi.


Şəhidimizin özündən sonra iki oğul övladı yadigar qalıb. Böyük oğlu Türkayın 2 yaşı var, kiçik oğlu Tunar isə 8 aylıqdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Kamil Şirinov ölümündən sonra “Qarabağ" ordeni, “Vətən Uğrunda” medalı və “Fizulinin azad edilməsinə görə” medalı ilə təltif edilib.

* * *

2021-ci il, sentyabrın 29-da Kamilin şəhadətə qovuşmasının ildönümündə AzVision.az yenə də onun xanınmı ilə söhbətləşib.

- Bütün valideyinlərə, şəhid xanımlarına və onların övladlarına çətindir,- deyib Zəhra xanım,- Mənim uşaqlarımın yaşları azdır, hələ ki ataları ilə bağlı suallar vermirlər. Onların böyüyüb, sual verəcəkləri günləri gözləyirəm. Bütün gücümü o zaman üçün saxlamışam. Övladlarım Kamilin şəklinə baxıb, "ata" deyəndə ürəyim sızıldayır.

O, Kamilin əvvəlki tək axşam işdən evə gəlməsini və uşaqlarını qucaqlamasını arzulayır. Onların balaca oğlu Tunar atası şəhid olanda 8 aylıq idi. Oğlu Türkayın dil açıb, atasının adını deməsini qəhrəman döyüşçümüz həsrətlə gözləyirdi. Amma təəssüf ki, onun nə ilk addımlarını görə, nə də ilk sözlərini eşidə bildi. İndi Türkay dil açıb, qırıq-qırıq sözlər deyəndə Zəhra xanımın gözünün qarşısına Kamil gəlir.


- Çalışıram ki, uşaqlarımı Kamil kimi sevim, onun kimi oynadım,- deyir həmsöhbətimiz,- Gücüm çatmayan şeyləri belə, “o bunu edərdi”,- deyib, etməyə çalışıram. Doğrudur, çox çətin oldu. Amma zaman elə tez keçdi ki... Hərdən fikirləşirəm, bu bir ili necə keçirdiyimi təsəvvürümə gətirə bilmirəm. Hələ də onun yoxluğuna inana bilmirəm. Özlüyümdə elə hesab edirəm ki, Kamil nə zamansa qayıdacaq.
Yoldaşım şəhid olandan bir neçə gün sonra yuxuma gəlib, dedi ki, “Zəhra, mən ölməmişəm, qayıdacağam, gizli tapşırığa getmişəm. Bir neçə vaxtdan sonra evimizə geri dönəcəyəm”. Mən 8-9 ay bu yuxu ilə yaşadım və xəyal qurdum ki, o həqiqətən qayıdacaq. Doğrudur, bu özünü aldatma idi. Amma bəzən insanın yaşaması üçün belə aldatma da güc verir.


Sentyabrın 27-si Anım Günündə Prezident və Birinci Xanımın iştirak etdiyi yürüşü izlədim, Kamilin də şəklinin olduğu plakatı gördüm. Qəlbim qürurlandı. Şəhidliyinin ilk günündən o mənə baş ucalığı gətirib. Ömrümün axırına kimi də belə olacaq. Bizim ürəyimizin bir tərəfi sızıldayanda, bir tərəfi fəxr edir. Yoldaşım Qarabağı qaytaranlardan olub. Bu işdə onun da payının olmasından gözəl nə ola bilər?! İnsana ən şirin şey onun canıdır. Canından keçib, torpağı azad edibsə, bu sadəcə qürur, başucalığı verər. Fəxr hissinin yaşatdığı duyğu məni həmişə ayaqda saxlayacaq. Uşaqlarım bir az böyüyəndən sonra onun döyüş yoldaşları ilə birgə gedib şəhid olduğu yerdə qayınanamla namaz qılacağıq.