2024/01/kap6-1704644190.jpg

line
Adı: Eyvazov
Soyadı: Vüqar
Ata adı: Eyvaz
Doğum tarixi: 24.01.1989
Şəhid olub: 20.09.2023
Rütbəsi: Kapitan
Təltifləri
«Vətənə xidmətə görə» ordeni«Cəsur döyüşçü» medalı«Vətən müharibəsi iştirakçısı» medalı
Şəhid kapitan Vüqar Eyvazovun anası Telli Eyvazovanın SİA-ya müsahibəsini təqdim edirik:

- Oğlunuz haqqında bizə ilkin məlumat verə bilərsiniz?

- Vüqar 24 yanvar 1989-cu ildə Naxçıvanın Kəngərli rayonunun Şaxtaxtı kəndində anadan olub. 1-ci sinifi Naxçıvanda Akademik Zərifə xanım Əliyeva adına Şaxtaxtı tam orta məktəbdə oxuyub. 1996-cı ildə Bakıya köçdük və burada Binəqədi rayonu 205 saylı orta məktəbdə təhsilini davam etdirdi. Orta məktəbdən 2006-cı ildə məzun olub. Daha sonra Gəncədə Azərbaycan Aqrar Universitetinə qəbul oldu. Hərbi xidmətini Naxçıvanda çəkib.



Bir gün mənə zəng etdi ki, ana istəyirəm elə hərbdə qalıb oxuyam. Amma sizin razılığınız mənim üçün çox vacibdir. Bu, bir ana olaraq mənim də arzum idi və razı oldum. Çünki Vüqarın boyu uca idi və ona hərbdə çalışmaq çox yaraşardı. Dedi ki, ana, sənin arzunu yerinə yetirəcəyəm. Dediyini də etdi. Ona rütbə verdilər. Sonra Daşkəsənə yollanıb orada xidmət etdi. 2020-ci ildə də ermənilər öz mənfur əməllərini yenidən işə saldılar. Vüqar 44 günlük Vətən müharibəsində də iştirak edib. Dedim, Vüqar, qorxuram, onlar əməllərindən əl çəkməyəcəklər. Dedi, ana, o elə bir köynəkdir ki, mən onu ömürlük geymişəm. Bunun üç yolu var. Ya başa vurmalıyam, ya şəhid, ya da qazi olmalıyam. Mən qorumayım, o qorumasın, bu qorumasın, bəs torpağımızı kim qorusun?!”.



Oğlum, Xocavənd rayonunda şəhid olub. İkinci Fəxri xiyabanda isə dəfn olunub.

- Son telefon danışıqlarınızı xatırlayırsınız? Sizə nə söyləmişdi?

- Sentyabrın 17-18-i danışdıq. Sentyabrın 19-u saat 10-a 20 dəqiqə qalmış bir də danışdıq. Dedim oğlum, necəsən? Ana, narahat olma, hər şey yaxşıdır. Allaha əmanət ol, - deyə cavab verdi. Dedim oğlum, mən evdəyəm, mənə nə olacaq?! Əsas sən yaxşı ol. Vüqar demişdi ki, ola bilər 2-3 gün telefona zəng çatmasın, narahat olmayın. Bir də dedi ki, ana, sənə bir söz deyəcəyəm, amma çığırma. Mən bu yolu bilərək seçmişəm. Əgər bir gün şəhid olsam üzülmə. Çünki bu pillə hər adama qismət olmur. 21-i də, ümumiyyətlə, zəng çatmadı.

- Vüqardan başqa övladınız var?

- İki oğlum var idi, Vüqar getdi, qaldı Vüsal. Vüsala Vüqara zəng çatmadığını bildirdim. Dedi ana, danışmışam narahat olma. Yox, ürəyim çox narahatdır - deyə cavab verdim. Atasının 40 mərasimi günü qəbir üstünə yollandım. Yoldaşımla dərdləşib dedim ki, ürəyini sıxma, Vüqar gələndə də sənin yanına gələcəyəm. Heç nə bilmirdim. Amma hiss edirdim.

Övladlarım heç vaxt məni utandırmadı. İkisi də ali savadlıdır. Qardaşı ilə aralarında 1 yaş fərq var idi. O qədər alışmışdı ki, qardaşı ilə də əsgər kimi rəftar edirdi. Vüsal deyirdi ki, ay Vüqar, mən sənin əsgərin deyiləm, qardaşınam.



- Onsuz keçən günlər sizin üçün nə ifadə edir?

- Düzdür, itki çox ağırdır, amma fəxr edirəm. Oğlum torpaq, vətən və bayraq uğrunda şəhid olub. 34 yaşı var idi... Az, amma qürurlu və mərd yaşadı. 10 oğlum olsa, onunu da vətənə qurban verərdim. Təki, vətən sağ olsun. Vüqar tək mənim yox, bütün Azərbayanın oğludur. Dözə bilmirəm, gözüm yolda qalıb, elə bilirəm qapı döyüləcək və Vüqar içəri girəcək. Telefonu yanımdan ayırmıram ki, zəng edib deyəcək, - ana, necəsən?.



- Evli idi?

- Bəli.

- Neçə övladı var?

- Bir oğlu və bir qızı var. Biri 3, biri də 1-ci sinifdə oxuyur.

- Övladları atalarının şəhid olmasını bilir?

- Bilirlər. Onlar bizimlə yaşamır, əlaqəmiz yoxdur. Gəncədədirlər. Vüqar rəhmətə gedən günü gəldilər. Sonrakı gün də öz evlərinə qayıtdılar.

- Oğlunuzun ən çox hansı xasiyyətini sevirdiniz?

- Vüqar az danışan və sakit idi. Atası rəhmətə gedəndə gəldi mənə dedi ki, ana, narahat olma, hər şey yoluna düşəcək. Səbirli ol, gəlib səni gəzməyə aparacağam. Sanki şəhid olacağını hiss edirdi.



Arada deyirdim ki, Vüqar, işləmə, gəl otur evimizdə. Dedi ki, mənim dədəm, anam, ailəm, hər şeyim bu formadadır. Özünün bir dəst sərbəst geyimi var idi. Qalan hamısı hərbi forma idi. Az qalırdı yatanda da forma ilə yatsın.

Yalanı heç xoşlamırdı. Deyirdi ki, onsuz da yalanın üstü açılacaq. Amma həmin adamın özündən doğrunu eşitmək istəyirəm.

- Övlad olaraq Vüqardan razı idiniz?

- Çox razıydım. Allah hamıya Vüqar kimi mərd, ailəcanlı və ata-anaya bağlı övlad qismət etsin.

Atasının ayağı amputasiya olmuşdu. Vüqar da onun nazı ilə oynayırdı. Bir-biri ilə nəfəs alırdılar.

- Hansı məşğuliyyətləri var idi?

- Döyüş filmləri izləməyi çox sevirdi.

- Ən böyük arzusu nə idi?

- Deyirdi ana, ən böyük arzumdan biri öz evimizin olmağıdır. Sonra da özümə bir maşın alacağam. Biz kirayə yaşayırıq, öz evimiz yoxdur. Çox şey istəmirəm ki, sadəcə, başımızı salacaq bir evimiz olsun, - deyirdi.

Vüqar, kapitan anasıyam, istəyirəm bir gün mayor anası olum deyəndə, ana, tələsmə o arzuna da çatacaqsan, deyirdi. Mayor anası yox, şəhid anası oldum.

Həmişə yol gedəndə şəhid şəkillərinə baxıb kövrəlirdim. Nə biləydim ki, öz oğlum da şəhid olacaq.

- Vüqar sizə, yoxsa atasına daha çox bağlı idi?

- Hər ikimizi çox sevirdi. Görün atası ilə nə qədər bir-birinə bağlı idi ki, atasının 40 mərasimi günü şəhid oldu. Sentyabrın 21-i atasının 40 mərasimi idi. Axşam saat 7-də xəbər gəldi ki, Vüqar yaralanıb. Hərə bir söz deyirdi. Vüsal dedi ki, ana qorxma, çiynindən yaralanıb. Hiss edirdim ki, Vüqara nəsə olub. Çünki ürəyim göynəyirdi.

- Vüqar şəhid olduqdan sonra yuxularınıza gəlib?

- Cəmi bir dəfə kinolent kimi şəkli yuxuma gəlib. Səslərinə qulaq asır, videolarına baxıram. Deyirəm nolardı ki, bir dəfə qapını aça içəri girərdi. Yaşamaram ondan sonra. Onsuz da mən yaşayan ölüyəm. Vüqarla fəxr edirəm. Onu bütün Azərbaycan tanıyır.

- Oğlunuzun azad etdiyi torpaqları görmək istəyərsiniz?

- Əlbəttə istəyərəm. İstəyirəm məni Vüqarın şəhid olduğu yerə aparalar. Oranın torpağından bir ovuc da olsa, yığıb gətirmək istəyirəm. Oğlumun qanı tökülən yerə erməni ayağı dəyməsin istəyirəm. Ürəyim az da olsa sərinləyir ki, oğumun qanı yerdə qalmadı. Övlad acısı bir ana üçün ən ağır dərddir. Bircə onu düşünürəm ki, bəlkə də Vüqar yaralananda məni çağırıb. Buna görə özümü bağışlaya bilmirəm.

- Onsuz keçən günlər sizin üçün nə ifadə edir?

- Boşluq. Hərbçi olduğu üçün 2-3 aydan bir gələrdi. O, evimin ən əziz qonağı idi. Ona doymadım. Analar heç vaxt övladına doya bilməz. Həmişə boynumu qucaqlayardı, boynum boş qaldı. Onun yerini heç nə doldurmur. Hər övladın öz yeri var. Vüqar bambaşqa idi.

- Atası ilə bənzəyirdi?

- Atası deyən-gülən adam idi. Vüqar isə zarafat sevmirdi.

- Vüqarın yoldaşı haqqında nə deyə bilərsiniz?

- Tələbə vaxtı Gəncədə tanış olublar. Özləri bir-birini sevib evlənib. Vüqar Vətən müharibəsindən gəldikdən sonra yoldaşı ondan boşandı. Onlarla heç bir əlaqəmiz yoxdur.

- Bəs, Vüqar şəhid olduqda yoldaşı gəlmədi?

- Axşam uşaqlarla gəldi. Dəfn günü oğlunu evə yolladı, sonra da qızını. Vüqarın üç mərasimində də mərasim evindən gəlib getdi.

- Vüqarın xatirəsinin hansı formada əbədiləşdirilməsini istəyərdiniz?

- İstəyərdim qəhrəman adı verilsin. Onsuz da Vüqar qəhrəmandır. Məndən soruşurlar ki, nə istəyirsən? Deyirəm heç nə lazım deyil. Mən ancaq Vüqarı istəyirəm. Dünya malında gözüm yoxdur.



Ayşən Vəli
Memorial.az